Təhsil Nazirliyi Kikboksinq Federasiyası ilə layihə həyata keçirir

Təhsil Nazirliyi Kikboksinq Federasiyası ilə layihə həyata keçirir
18:07 25 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyi Kikboksinq Federasiyası ilə layihə həyata keçirir.
"Report"un xəbərinə görə, bu barədə Milli Məclisin deputatı, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, bu layihə yeniyetmələri idmana cəlb etmək məqsədi daşıyır: "Orta məktəblərdə idman zalları açacağıq. Biz çalışırıq ki, onlar üçün şərait yaradılsın. Bir müddət əvvəl, yeniyetmələr arasında keçirdiyimiz yarışa 150, maksimum 180 yeniyetmə qatılırdı. Bu il isə 1000 nəfər uşaq Respublika Çempionatına qatılıb. Bu o deməkdir ki, çağırışda hərbi xidmətə 1000 nəfər çevik, hazırlıqlı əsgər gedir. Hesab edirəm ki, bu il Respublika Çempionatına 1000 nəfər uşaq qatılıbsa, gələn il 3000-5000 arası qatılacaq. Mən məktəblərdəki bu cür tədbirlərlə buna nail olacam. Məktəblərdə uşaqlara seminar keçəndə müşahidə edirəm ki, uşaqlar hamısı görmək, eşitmək istəyir. Mən məktəblərdən əvvəl institutlarda tələbələrlə görüşdüm. Universitet tələbələrinin vaxtı olmur. Onlar həm oxuyur, həm də valideynlərinə kömək etmək üçün işləmək istəyirlər. Ona görə də bu, universitet tələbələri arasında bir o qədər effekt vermir. Bu layihə məktəblilər arasında daha çox effektlidir. Uşağa əzəldən idman aşılasan, o idmançı əhval-ruhiyyəsində böyüyəcək. Onun üçün də bu çox böyük əhəmiyyətli işdir".
A.Əliyev bu layihəyə əngəllərin olacağını istisna etməyib: "Problem yaratmasar, bu layihə ilə bütün Azərbaycanı əhatə edəcəm. Artıq elan da vermişik. Bu gün yaxşı idmançını şamla axtarırlar. Çünki bunun qonorarı, mükafatlandırılması var. Bu uşağla bərabər onun müəllimi üçün də önəmlidir. Artıq 4 məktəbdə seminar keçirmişik. Bunu daha da genişləndirəcəyik".
Deputat məktəblərdə kikboksinq dərsləri keçən müəllimlərin əmək haqlarının Kikboksinq Federasiyasının ödəyəcəyini bildirib: "Müəllimlərin əmək haqlarını hələlik Federasiya ödəyəyək. Qeydiyyat başlayıb, sentyabrdan fəaliyyət göstərməyə başlayacaq. Müəyyən qisim uşaqlar üçün pulsuz olacaq, müəyyən uşaqlar isə cüzi ödəniş edəcək. Məsələn, kənarda aya 50, 100 manata idman salonlarına gedirlərsə, burada simvolik olaraq 30 manat ödəyəcəklər. Bu da müəllimləri, zalı və digər xərclərə sərf olunmağa bəs edəcək.
Artıq məktəblərdə çox böyük həvəslə qarşılanır bizim görüşlər. Biz düşünürük ki, birdən məktəbdə görüşümüz narahatlıq yaradar. Amma görürük ki, həm Təhsil Nazirliyi, həm məktəblər bu görüşləri keçirməyimiz istənilir. Mən öz seçildiyim ərazidəki məktəblərə tanınmış idmançıları, olimpiya və paraalimpiya çempionlarını, qazilərimizi aparıram. Bu çox yaxşı effekt verir. Bu başqa məktəblərdə də olsa, daha yaxşı olar. Məqsədim odur ki, bütün federasiyalar kütləviliyi təmin etməlidir. Prezident İlham Əliyev də həmişə deyir ki,bu cür işlərdə kütləvlik olsun. Əvvəla uşaqlar cinayətkarlıqdan, narkomaniyadan, internet klublardan, qəlyanxanalardan yığışırlar, ikincisi orduya sağlam əsgər yetişir, üçüncüsü beynəlxalq arenada daha çox idmançı təmsil edilir. Hər Federasiya öz işi ilə səmərəli məşğul olmalıdır. Mən saxta federasiyaların qarşısını almaqdan yorulmuşam".

Xəbərin orijinal ünvanı: https://report.az/idman/tehsil-nazirliyi-kikboksinq-federasiyasi-ile-layihe-heyata-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR