"Gürcüstan gimnastları Bakıya gəlməkdən hər zaman məmnundur" - FOTO

"Gürcüstan gimnastları Bakıya gəlməkdən hər zaman məmnundur" - FOTO
18:47 25 Aprel 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"Gürcüstan gimnastları Bakıya gəlməkdən hər zaman məmnundur".

Milli.Az bildirir ki, bunu Trend-ə  bədii gimnastika üzrə Gürcüstan milli komandasının baş məşqçisi Eliso Bedoşvili deyib.

O qeyd edib ki, Gürcüstan komandasının heyətində dəyişikliklər baş verib: "Biz istəyirdik ki, bizim aparıcı gimnastlarımız - Olimpiadanın iştirakçısı Salome Pajava və Natella Bolotayeva turnirdə iştirak etsin. Təəssüf ki, Salome dirsəyindən zədələnib və hələ tam sağalmayıb. Natella Bakıya gəlib, o, ötən il də burada çıxış etmişdi. Onun iki yeni çalışması var. Hazırda onun üzərində işləyirik".

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, gənc Zöhrə Ağamirova həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR