Rəcəb ayının dualarında ortaq məqam

Rəcəb ayının dualarında ortaq məqam
21:52 25 Aprel 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəcəb ayının dualarında eyni olan cümlə hansıdır, bilirsinizmi?

Onu oxuyanda belə təsəvvür yaranır ki, duanın həyata keçməsi bu cümlədən asılıdır.
Yazılarda "natqraf" adlı abzas olur, o, yazının daha dəyərli məlumatını çatdırır, oxucu onun vasitəsi ilə yazının mahiyyətini anlayar, onun nə barədə olmasını özü üçün aydınlaşdırır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu dediyimiz cümlə də duanın özəyidir ki, ora çatanda insan məsələnin mahiyyətini, həqiqətini anlayır.
Bu, "Allahım, Muhəmmədə (ə) və onun Əhli-Beytinə(ə) salam göndər"dir.
Dualarda duaçı yalnız onu dedikdən sonra istəklərini Allaha çatdırır.
Rəcəb ayı dualarından fəqir və ehtiyaclı olmağımız anlaşılır.
Fəqirliyimiz bizim, həqiqətdə bir şeyə sahib olmadığımız və buna görə də özümüz üçün heç bir şey edə bilməməyimizdir. Hər şey Allahındır və istədiklərimizi ancaq O, bizə verə bilər.
Ən böyük ehtiyacımız isə Allahın razılığıdır və ya Allahın razılığınadır.
İnsan - biz onu İslam əxlaqına nəzərən "nəfs" də adlandıra bilərik, "öz" də - onda olan qüvvələrin, kamal motorlarının ondan asılı olmadan işə düşməsi kimi fitri halı ilə üz-üzədir. İnsan onları tanımır, onlardan baş çıxara bilmir, həyatın təhrikləri qarşısında onların yeri və rolu haqda məlumatsızdır.
İnsan nəhayətdə insan adlı mürəkkəb bir mexanizmi qavraya bilmir.
İnsanda olan qüvvələr insanı onun ən ali halına - kamil insan halına çatdırması üçündür. O qüvvələr insanı zay da edə bilər, əbədi səadətə də qovuşdura bilər.
Bu qüvvələr o zaman insanı zay edər ki, onlar öz mənbəyinə bağlanmasın. Dinimizin, xüsusilə də Əhli-Beyt (ə) məktəbinin araşdırmaları ilə məlum olmuşdur ki, insanın kamil insan olması üçün onun fitrətində olan təkamül qüvvələrinin Allaha bağlanması lazımdır.
Deməli, bizim Allaha bağlanmağa, Allahla olmağa, başqa cür desək, Allahın razılığına ehtiyacımız var.
İnsanın var olması 2 cür baş verir. O, bütün varlıq aləmində mövcud olan hər nə varsa - bitki, heyvan, daş və s. - onların var olduqları kimi var olur və yalnız ona aid olan tərzdə - insan kimi var olur.
İnsan kimi var olma fərqlidir, o, insanı mükəlləf edir. Yəni onun öhdəsinə özü ilə bağlı bir sıra şeylərin düşdüyünü göstərir. Bu var olma insanın həyat və yaşayışında öz iştirakını zəruri edir. İnsanın seçim edən, iradəvi olmasını zəruri edir.
Deməli, anlaşılır ki, biz fəqirik, yəni bir şeyimiz yoxdur. Allahın razılığına ehtiyacımız var, çünki elə təbiətimiz var ki, ondan baş çıxara bilmirik və mükəlləfik, yəni özümüzlə bağlı iştirakımız var.
Biz dualarda Allah qarşısında fəqirliyimizi etiraf edirik və Ondan ehtiyaclarımızın ödənilməsini istəyirik. Bir şeyə malik olmadığımızı nəzərə alıb, bizə Onun razılığına çatmaqda yardlmçı olmasını istəyirik.
Bunu edərkən Peyğəmbər (s) və onun Əhli-Beytinə (ə) salam göndəririk. Bu salam bizim iştirakımızla bağlı ən mühüm hissədir.
Bu salam bizim mövqeyimizdir ki, biz onunla Allah və özümüz arasındakı münasibətimizə aydınlıq gətiririk.
Peyğəmbəri (s) salamlamaqla bildiririk ki, Peyğəmbərin (s) bizə gətirdiyi elm - Allahdandır və biz onu qəbul edirik.
Bu elmin bizim insani potensialımızı üzə çıxarması üçün olduğuna razılığımızı bildiririk. İnsan olaraq kamal üçün hərəkət edəcəyimizə vəd edirik və ya etdiyimiz vədi hər dəfə təzələyirik.
Bu salam hərəkətvericidir, o, bizim fəqirliyimiz müqabilində ən yaxşı hədiyyədir.
Bu salamda Peyğəmbərlə (s) yanaşı, onun Əhli-Beyti (ə) də yer alır.
Bu, bizim mövqeyimizi daha da aydınlaşdırır və qüvvətləndirir.
Əhli-Beyt (ə) Peyğəmbərin (s) gətirdiyi elmin canlı yaşanmasıdır. İnsan kamal üçün hərəkət etdiyi zaman canlı nümunələr axtarır. O, Qurani-Kərimin ayələrini öz həyatına tətbiq etmiş ali nümunələr, örnəklər axtarır və bu zaman dinin İmamət budağından yapışır.
Məsələn, kim İmam Hüseyndən (ə) Allaha daha yaxın ola bilər?
Kərbəla səhnəsində bir mənzərə var ki, onu rəsm əsəri olaraq çəkmişlər. Bu rəsmdə bir tərəfdə lənətlik Ömər Sədin 30 minlik qoşunu dayanmışdır, digər tərəfdə isə İmam Hüseyn əleyhissəlam və İslama və Peyğəmbərə(s) sadiq olan 72 nəfər.
Sanki insanın həyat səhnəsidir bu səhnə. Vuruşmaq istəyən, çətinliklərdən üzüağ çıxmaq istəyənlər üçün olan bir səhnə.
Azın çoxa qarşı savaşı. Fiziki olaraq az, mənəvi olaraq bol olanın qarşı tərəfə olan duruşu. Seçərkən, iradə edərkən Allahı hər şeydən üstün bilib, Ona bağlanmaq və Allaha doğru hərəkət etmək var burada. Bütün fitri qüvvələrini Allaha bağlamış ali nümunənin gücünu nümayiş etdirir və insanın sonunun, aqibətinin dəyərləndirilməsi baxımından misilsizl nümunədir.
Haradadır lənətlik Ömər Səd? Allaha münasibətdə onun yeri haradır?
İmam Hüseynə (ə) münasibət necədir?
İmam Hüseynə (ə) olan salam - Peyğəmbərə (s) olan salamdır. Peyğəmbərə (s) olan salam isə Allaha olan itaətdir. Allaha olan itaət isə Allahın razılığıdır.
Beləliklə, Rəcəb ayı dualarında insanın özü ilə bağlı Allaha bir müraciəti var. İnsan Allahdan onun özünü qurmasına yardım istəyir, bunun üçün isə Allah Təala, Peyğəmbəri (s) və onun pak Əhli-b eytini (ə) insanın yadına salır, Onlara diqqət etməsini bildirir. Allaha yaxınlaşmağın bu pak nümunələrə yaxınlaşmaqdan keçiməsi barədə xəbərdarlıq edir.
Allah Təala bizləri Ona yaxınlaşanlardan qərar versin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR