Putinin agenti, yoxsa “sülh mələyi”? - Ölkəni dağıdan ƏSAS SİMA

Putinin agenti, yoxsa “sülh mələyi”? - Ölkəni dağıdan ƏSAS SİMA
22:13 25 Aprel 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Financial Times” nəşri Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri və "Ukrayna seçimi" cəmiyyətinin lideri Viktor Medvedçuk barədə məqalə dərc edib.

Publika.az xəbər verir ki, nəşr qalmaqallı siyasətçinin Ukraynanın şərqinin gələcəyi haqqında danışıqlarda niyə iştirak etdiyini aydınlaşdırmağa çalışıb.

Nəşr qeyd edir ki, 62 yaşlı Medvedçuk uzun müddətdir Ukraynada sirli adam hesab olunur.

“2000-ci illərdə Ukrayna prezident administrasiyasının başçısı (prezidenti Leonid Kuçma dövründə - red.) Medvedçuk Putinlə kifayət qədər yaxınlaşa bilir. Bu, Kiyevdə bir çoxlarında mənfi reaksiya yaradırdı. Medvedçuk Rusiya prezidentinin yanında döyüş sənətləri turnirində və Soçidə “Formula-1-də birgə şəkil çəkdirib. Putin 2012-ci ildə Krımda, hətta Medvedçukun villasında onun ailəsini ziyarət edib. Televiziya isə onların şampan içdiyini göstərirdi”, - məqalədə deyilir.

Nəşr vurğulayır ki, çoxları onun Putinin agenti olmasından şübhələnir. Medvedçuk indiki Avropa meylli hökumət və Moskva arasında qarşıdurmanın tamamlanması üçün əsas vasitəçi olub.

“Əgər həqiqətən sülh olacaqsa, Medvedçukun Kiyevdəki ofisi əhəmiyyətli rol oynaya bilər”, - müəllif yazıb.

Medvedçukun özü Rusiyanın maraqlarını gizli şəkildə müdafiə etməsi barədə onun ünvanına səsləndirilən tənqidləri “cəfəngiyyat” adlandırır.

“Mənim Putinlə münasibətlərim, fikrimcə, Ukraynanın maraqlarına kömək edir. Mən heç vaxt belə fəaliyyəti gizlətməmişəm”, - o, Rusiya dovlət telekanalına müsahibəsində iddia edib.

Medvedçukun sözlərinə görə, o, Kiyev və Moskva arasında uçuşlar üçün xüsusi icazəyə malikdir. Hərçənd dövlətlər arasında uçuşlar ləğv edilib. Medvedçuk Minsk sülh prosesində girovların azad edilməsində vasitəçidir. Vəziyyətlə tanış olan insanlar deyirlər ki, Medvedçuk qeyri-rəsmi danışıqlarda daim iştirak edir.

Müəllif xatırladır ki, Sovet Ukraynasında vəkil olan Medvedçuk müstəqillikdən sonra deputat mandatı əldə edir və parlament fəaliyyətinə görə Putinlə tanış olur. 2002-2005-ci illərdə prezident administrasiyasının başçısı olan Medvedçuk rusiyalı həmkarı Dmitri Medvedevlə (Dmitri Medvedev 2003-cü ilin noyabr ayından 2005-ci ilədək Rusiya prezident administrasiyasının rəhbəri vəzifəsini icra edib, hazırda Rusiyanın baş naziridir - red.) yaxın əlaqələr qurub.

“Medvedçuk Putinin yaxın dostudur? Prezidentdən soruşmaq daha yaxşıdır”, - o gülümsəyir.

Amma onun dostları təsdiq edirlər ki, Putin Medvedçukun kiçik qızı Dayranın xaç atası, Medvedevin həyat yoldaşı isə xaç anasıdır.

2005-ci ildə - “Narıncı inqilab”dan sonra Medvedçuk biznezə diqqətini ayırmaq üçün siyasətdən getdi. Amma 2013-cü ildə onun “Ukrayna seçimi” təşkilatındakı komandası təsir etdi ki, Viktor Yanukoviç (Ukraynanın keçmiş prezidenti - red.) Avropa İttifaqı ilə assosiasiya haqqında planlaşdırılmış razılaşmanı imzalamasın. Bu komanda Yanukoviçi Rusiya ilə daha sıx iqtisadi əlaqələrə itələyirdi.

Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanın imzalanmaması isə məlum hadisələrə - Maydan hadisələri və Viktor Yanukoviçin devrilməsinə, Krımın Rusiya tərəfindən ilhaqına, nəhayət, Donetsk və Luqansk vilayətlərinin bir hissəsinin Ukraynadan qoparılmasına gətirib çıxardı. Dolayısı ilə, “Ukrayna seçimi” təşkilatını və onun lideri Medvedçuku bütün bunların əsas baiskarlarından biri hesab etmək olar.

Belə hərəkətlər 2014-cü ildə Krımın zəbtindən sonra Rusiya və Ukrayna məmurları barəsində ABŞ-ın sanksiyaların birinci siyahısında olmağa Medvedçuka “kömək etdi”. Lakin Medvedçuk Ukraynanın yeni Qərb yönümlü hakimiyyəti ilə ölkənin şərqindəki separatçılar arasında danışıqlarda vasitəçi kimi çıxış edirdi. Onun sözlərinə görə, separatçılar Kiyevlə birbaşa danışıqlardan imtina edirdilər. Həmin vaxt Ukrayna prezidentinin vəzifələri icra edən Aleksandr Turçinov Medvedçukun rolunu qəbul etməkdən başqa seçimə malik deyildi. Nəticədə onun vasitəçi rolu Almaniya kansleri Angela Merkel və Putin tərəfindən bəyənilmişdi.

Medvedçuk etiraf edir ki, Minsk razılaşmaları tükdə asılıdır. O, hesab edir ki, dalandan çıxmaq olar. Amma bunun üçün Ukrayna parlamenti separatçıların nəzarətində olan ərazilərə məhdudlaşdırılmış muxtariyyət (xüsusi status –red.) verən qanunları qəbul etməlidir. Həmçinin, Rusiya isə öz öhdəliklərini yerinə yetirəcəyi halda, regionda yerli seçkiləri keçirmək lazımdır.

Sülh planına Rusiya qoşunlarının Donbasdan çıxarılması və Ukrayna tərəfindən dövlət sərhədi üzərində nəzarətin bərpası daxildir. Medvedçuk hesab edir ki, münaqişənin həlli Moskva və Kiyev arasında geniş müzakirələrin başlanacağı halda, həmçinin, Kremlin təkidi üzrə Ukraynanın NATO-dan imtina edəcəyi halda daha asan ola bilər.

“NATO Ukraynaya lazım deyil. Bu, bugünkü vəziyyətdə Ukraynanın dağılmasına gətirib çıxaracaq. Ukrayna öz inkişafında maraqlı olmalı, NATO və Avropa İttifaqına daxil olmamalıdır. Nə biz onlara, nə də onlar bizə lazım deyil. Ukrayna suveren və müstəqil ölkə olmalıdır”, - Medvedçuk hesab edir.

O, bildirir ki, Ukraynanın gələcəyi Rusiya ilə münasibətlərin bərpasındadır: “Əminəm, biz dost və gözəl qonşular olacağıq. Biz qardaş dövlətlər idik və gələcəkdə olacağıq”.

Putinin ukraynalılar və rusiyalıların bir xalq olması barədə iddiasına gəlincə, Medvedçuk bunu “mübahisəli” hesab edir: “Hesab edirəm ki, biz iki, amma dost və qardaş iki xalqıq”.

O, ötən il “Novaya Gazeta”ya müsahibəsində bildirib ki, Krım yalnız Ukrayna qanunvericiliyinə əsasən, Ukraynanın ərazisi kimi qalır, amma Ukraynanın özü Qərbin koloniyasına çevrilib. Medvedçukun sözlərinə görə, Viktor Yuşenko hakimiyyətə gələnə kimi Ukraynanın xarici siyasəti sərbəst idi.

“2005-ci ilə qədər... Amma Yuşenkonun hakimiyyətə gəlişi ilə Ukrayna obyekt oldu. 2014-cü ildə hakimiyyətə qərbyönümlü komanda gəldi və ölkəmiz ümumiyyətlə, xarici idarəçiliyin altına düşdü. Brüssel və Vaşinqton bizə şərtlərini diqtə edir. Mən artıq xarici kreditorlardan asılılıq haqqında danışmıram. Ukrayna Qərbin koloniyasına çevrilib. Və bu gün ölkənin iqtisadi və siyasi müstəqilliyini bərpa etmək əhəmiyyətlidir”, - siyasətçi hesab edir.

Medvedçuk vurğulayıb ki, Ukrayna hakimiyyəti işğal edilmiş Krımın qaytarılması üçün heç nə etmir. Onun sözlərinə görə, Krım yalnız de-yure Ukraynanın bir hissəsidir. Amma de-fakto Rusiyanın ərazisidir.

Bundan başqa, o deyib ki, işğal edilmiş Donbas sakinləri Ukraynaya qayıtmağı arzulamırlar: “Əgər kimsə düşünürsə ki, Luqansk və Donetskdə Ukraynaya qayıtmağı arzu edənlər növbədə dayanıblar, o, illüziyalarla yaşayır”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR