"Ermənistan iqtidarına səsi elə yalnız dəlilər verə bilər!"

"Ermənistan iqtidarına səsi elə yalnız dəlilər verə bilər!"
23:17 25 Aprel 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Büro və Daimi Komitənin ötən sessiyadan sonrakı fəaliyyətləri ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək, Ermənistanda keçirilmiş parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, üzv ölkələrdə keçirilən hər bir parlament seçkisinin təşkilat üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan R.Hüseynov deyib: "Parlament Assambleyasının deputat tərkibi məhz həmin seçkilərin nəticələrinə uyğun formalaşır. Ona görə də biz bu seçkilərin hər birini diqqətlə izləməyə, prosesləri təhlil etməyə, nəticələr çıxarmağa borcluyuq. Martın 26-da Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkiləri ayrı-ayrı qüsurlara və pozuntulara baxmayaraq, bütövlükdə müsbət dəyərləndirilsə də, təəssüf ki, eyni sözü aprelin 2-də Ermənistanda keçirilmiş seçkilər haqqında söyləmək mümkün deyil. Mən bu fikri yalnız Ermənistan cəmiyyətinin fəal üzvlərindən gəlib çatan çoxsaylı məlumatlar əsasında səsləndirmirəm. Ermənistandakı seçkiləri qiymətləndirərkən yerli müşahidəçilərdən ibarət "Vətəndaş müşahidəsi" adlı təşəbbüs qrupunun rəyini də əsas götürmürəm. Mövcud 2009 məntəqədən 1521-də həmin təşəbbüs qrupunun 3112 üzvünün apardığı müşahidə və təhlillərdən çıxardığı acınacaqlı nəticə bundan ibarətdir ki, Ermənistanda saysız-hesabsız pozuntularla müşayiət edilən parlament seçkiləri əhalinin seçkilərə olan inamını tamamilə məhv edib. Keçmiş Ermənistan prezidenti, indi müxalif "Ermənistan Milli Konqresi" partiyasının lideri Levon Ter-Petrosyan isə diktatura rejiminin seçkinin nəticələrini müəyyənləşdirən orta təbəqəni büsbütün məhv etdiyini bəyan edib. Mən Ermənistandakı mütərəqqi qüvvələrin, müxalif partiyaların, mətbuatın da kəskin tənqidi qeydlərini bir kənara qoyaraq, diqqətinizi nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyalarının çıxardığı nəticələrə yönəldirəm".

Bir sıra mötəbər beynəlxalq təşkilatların Ermənistandakı seçkilərə verdiyi son dərəcə mənfi qiymətlərdən sitatlar gətirən deputat Rafael Hüseynov bu seçkilərin xalqın iradəsini ifadə etmədiyini bildirib: "ATƏT-in seçkiləri müşahidə edən qısamüddətli missiyasının koordinatoru İqnasio Sançes Amor səslərin satın alınması, xırda bizneslə məşğul olanlara ciddi təzyiq göstərilməsi, mətbuatın hüquqlarının kobud şəkildə dəfələrə pozulmasına bilavasitə şahid olduqlarını təsdiqləyir. Avropa Parlamentinin seçkiləri izləyən nümayəndə heyətinin rəhbəri Heidi Hautala bəyan edib ki, onlardakı səhih məlumatlara görə, Ermənistandakı parlament seçkiləri səslərin total şəkildə satın alınması, çoxsaylı hüquq pozuntuları, seçicilərə genişmiqyaslı təzyiqlərlə müşayiət olunub. Avropa İttifaqının Ermənistandakı parlament seçkilərini müşahidə edən nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski isə qeydə aldıqları çoxsaylı nöqsan və cinayətlərin əsasında Ermənistandakı seçkilərin mahiyyətini siyasi leksikonda yenilik sayıla biləcək yığcam ifadə ilə "siyasi korrupsiya" adlandırıb. Lakin onun başqa bir dəyərləndirməsi də var. Pyotr Svitalskinin sözlərinə görə, Ermənistandakı seçkilərdə ən ağlasığmaz hal və indiyədək müşahidə etdiyi ən əcaib seçki saxtakarlığı psixiatriya müalicəxanalarındakı ruhi xəstələrin həkimlərin yönəltməsi ilə hakim partiya səs vermələri olub. Ancaq ədalət və obyektivlik naminə mən Avropa İttifaqı missiyası rəhbərinin Ermənistandakı seçkilərdə müşahidə edilmiş bu halı ağlasığmaz adlandırması ilə razılaşa bilmərəm. Əksinə, bu, çox ağlabatan və məntiqli, həm də rəmzi məna daşıyan haldır. Çünki öz xalqını inkişaf və tərəqqidən məhrum edərək səfil vəziyyətə salmış, iqtisadi və mənəvi sarsıntılar girdabına sürükləyən Ermənistan iqtidarına səsi elə yalnız dəlilər verə bilər!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/538752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR