"Avropa əvəz çıxmağa çalışır"

"Avropa əvəz çıxmağa çalışır"
10:05 26 Aprel 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

AŞPA və bu kimi digər Avropa strukturları, əsilndə, Qərb imperializminin milli dövlətlərə təzyiq etmək, onları şantaj etmək üçün yaratdığı xüsusi mexanizmlərdir. 

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, politoloq Hikmət Babaoğlu AŞPA-nın Türkiyəyə qarşı monitorinqi bərpa etməsi qərarına münasibətində bildirib.

Millət vəkilinin fikrincə, zahirən insan hüquqları və azadlıqları kimi qlobal dəyərləri müdafiə edən mühüm bir Avropa strukturu kimi görünən bu təşkilatlar, əslində, imperializmin maraqlarına xidmət edir: "Mexanizm belə qurulub ki, əvvəlcə ayrı-ayrı dövlətlər bu tip qurumlara cəlb edilir və onlara ümumi öhdəliklər qəbul etdirilir. Sonra isə planın ikinci əsas hissəsi işə düşür. Bu mərhələdə öz məqsədlərinə çatmaq üçün, yəni dövlətləri öz istəklərinə uyğun şəkildə idarə etmək, onları istismar etmək üçün addımlar atılır. Buna etiraz edilən zaman isə dərhal həmin ölkə insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi qələmə verilir və şantaja məruz qalır". 

H.Babaoğlu hesab edir ki, bu metod xüsusilə müsəlman ölkələrinə qarşı tətbiq edilir: "Əgər konkret ifadə etməyə çalışsaq, Avropa Birliyinin bütün struktur vahidləri, o cümlədən AŞPA müsəlman ölkələrinə qarşı əməlli-başlı siyasi terror müharibəsi aparır. Onlara, belə demək mümkündürsə, insan hüquq və azadlıqları silahı ilə hücum edir. Yaxın Şərqdə başlatdığı idarə olunan xaos müharibəsini bütün müsəlman ölkələrinə yaymağa çalışır. Bu hibrid müharibə növü Qərb İmperializminin düşünüb tapdığı ən qəddar, ən amansız və ən əxlaqsız müharibədir. Bu müharibə idarə olunan xaos nəzəriyyəsinə və vətəndaşların insan hüquqları adı ilə aldadılaraq öz əlləri il qurduqları dövləti yıxmağa əsaslanır. Bundan sonra isə həmin ölkənin dövləti həmin xalqın başına uçurulur və bütün sərvəti talan edilir. Ötən ilin 15 iyul hadisələri də Türkiyəni imperializmin yeni müharibə poliqonuna  çevirməyə hesablanmışdı. Ancaq Türk xalqı Qoca qitənin bu hiyləsinə aldanmadı. Əksinə, referendum qərarı alaraq öz milli dövlətini bir qədər də gücləndirdi. İndi Avropa bunun əvəzini çıxmağa çalışır. Ona görə də AŞPA vasitəsilə belə bir siyasi şantaj həyata keçirir". 

Politoloq qeyd edib ki, belə şantajlara zaman-zaman Azərbaycan da məruz qalıb. "Siyasi məhbus" manipuliyasiyası, məşhur "Ştrasser monitorinqi" kimi siyasi şoular hamımızın xatirindədir. Məqsəd Azərbaycana Qarabağı unutdurmaq, işğalçı Ermənistan tərəfindən hər cür hüquqları pozulan bir milyondan cox azərbaycanlının hüquqlarının bərpasını gözardı etmək idi. Azərbaycanda siyasi xaos yaratmaqla milli dövlətimizi zəiflətmək idi. Hazırda eyni siyasət Türkiyəyə qarşı aparılır. Çünki Qərb imperializmi islamafob fəlsəfə ilə  idarə olunur və müsəlman Şərqində apardıqları müharibə də onların gözündə növbəti səlib yürüşüdür. Bu yürüşün zəfərlə sonlanmasına isə başlıca maneə Türkiyədir. Bax, məsələnin kökündə bu dayanır".

Deputatın qənaətincə, Qərb imperializminin hücumları bundan sonra da davam edəcək: "Cox mürəkkəb və həssas bir tarixi mərhələdən keçirik və cox ayıq olmalıyıq. Yeni birliklər inşa etməliyik. Türk PA ,Türk Şurası kimi təşkilatlanmalarımızı gücləndirməli və birgə addımlar atmağı bacarmalıyiq. Bunu dəstəkləyən güclü iqtisadiyyat və hərbi sənaye qurmalıyıq. Əks təqdirdə Qərb imperializminin müharibə maşını  bundan sonra da bir cox xalqların milli dövlətlərini əllərindən almaqda davam edəcək".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/538810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR