Şəhriyar Məmmədyarov: "Rusiya klubu ilə müqavilə bağlamışam"

Şəhriyar Məmmədyarov: "Rusiya klubu ilə müqavilə bağlamışam"
11:47 26 Aprel 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2017" turnirinin lideri Şəhriyar Məmmədyarov hazırda sonuncu pillədə gedən hindistanlı Pentala Harikrişna ilə V tur matçından sonra yarışın rəsmi saytına müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir...
- Növbəti dəfə qara fiqurlarla qələbə qazanmağa yaxın oldun. Hindistan şahmatçısına qarşı partiyada qazanılan heç-heçəni ədalətli nəticə hesab edirsənmi?
- Hədəf yaxşı oyun göstərmək idi. Partiyanın əvvəlində böyük üstünlük qazandım. İstifadə etməyə cəhd etdim. Sadəcə, həlledici anda vacib gedişi görmədim. Ona görə üstünlük boşa çıxdı. Harikrişna mənim üçün uğursuz rəqibdir. Son illər ona qarşı oyunum alınmır. Bakı Şahmat Olimpiadasında məni məğlub etmişdi. Ötən il Şəmkirdə ona uduzmuşam. Buna görə də ehtiyatlı oynamağa çalışdım. Yüz faizli qələbə görünmürdü, amma üstünlük böyük idi.
- Ötənilki sonluğu yada salaq. Yarım xal yarışın sonunda həlledici ola bilər...
- Şahmat taleyi bəlkə də məni bağışlamaz. Xal itkisi həmişə yaxşı hal deyil. Amma heç-heçəni xal itkisi hesab etmirəm. V turdan sonra çıxışımı normal hesab edirəm. İki dəfə qara fiqurlarla qələbə qazanmışam. Üç partiyada heç-heçə etmişəm. Ötən il pis başladım, amma turniri yaxşı bitirdim. Ümid edirəm bu il də yaxşı sonluq izləyərik. Bu dəfə yaxşı başlamışam, istərdim ki, pis sonluq olmasın. Maraqlı oyunlar hələ irəlidədir.
- İstirahət günündən sonra səni sabiq dünya çempionu Vladimir Kramniklə çətin oyun gözləyir. Kramnikə qarşı görüş heç vaxt asan olmur...
- Razıyam. Kramnikə qarşı özü də qara fiqurlarla mübarizə aparmaq çətin olacaq. O, dünyanın ən güclü şahmatçılarından biridir. Ümumiyyətlə, Şəmkirdə bir oyun keçirmək belə çox çətindir. Bir səhvə görə isə uduzmaq olar.
- Şəmkirdən sonra daha iki turnirdə iştirak edəcəksən. Belə gərgin qrafik səni yormayacaq?
- O barədə düşünmüşdüm. Şəmkirdən sonra birbaşa Soçiyə yollanıram. Orada komandalar arasında Rusiya çempionatı olacaq. Mən artıq "Sibir" klubu ilə müqavilə imzalamışam. Kramniklə eyni klubda yarışacayıq. Rusiya Liqası mayın 1-də başlayır. Ardınca mayın 11-də Moskvada FİDE Qran Prisi start götürür. Ardıcıl 3 yarışda iştirak etmək asan deyil. İndi görürəm ki, artıq yoruluram.
- Deməli, Avropa Kubokunda da "Sibir"in heyətində olacaqsan..
- Bu, belədir. Müqaviləyə əsasən, həm də Avropa Çempionlar Kubokunda bu komandanın şərəfini qoruyacağam. Güclü klubdan təklif gəldiyi üçün müsbət qarşıladım. Maraqlı rəqiblər olacaq.
- Azərbaycan Avropa Kubokunda olmayacaq, yoxsa "Sibir"lə müqavilə imzalamaq əvvəldən planlaşdırılırdı?
- Azərbaycan klubu bu yarışda olacaq. Sadəcə, "Sibir" güclü heyətə malik iddialı klubdur. Ona görə "yox" deyə bilməzdim. Avropa Kubokunda iddialı komandada oynamaq istəyirdim. Təəssüf ki, ölkəmizdə klublar arasında yarış yoxdur. Lakin Rusiya Liqasında mübarizə aparmaq maraqlıdır.
- Şəmkirə Rauf Məmmədovla birgə gəlmisən. O, sənə məşqçi kimi kömək edir. Bilmək istərdik ki, komanda yoldaşın Rauf Məmmədovla işləmək çətindir: Şahmatçı, yoxsa məşqçi Rauf güclüdür?
- Raufla 2007-ci ildən işləyirəm. Sözsüz ki, şahmatçı Rauf daha güclüdür. Məşqçilik bir qədər fərqlidir. Şahmatçı kimi böyük potensiala malikdir. Məşqçilik onun üçün hələ yenilikdir. Yaxşı dostdur. Onunla istənilən yarışa rahat yollanıram.
- Adətən şahmatçının şəxsi həyatı karyerasına təsir edir. Eşitdiyimizə görə, nişanlanmısan. Şəxsi həyat oyununa təsir edir?
- (gülür) Təsir edir. Ümid edirəm ki, yaxşı təsir edəcək. Birləşmiş Ərəb Əmirliklərində keçirilən FİDE Qran Prisində qalib gəldim. İndi Şəmkirdə uğur qazanmaq istəyirəm. Bu turnirin karyerama müsbət mənada təsir edəcəyinə inamım böyükdür. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/sehriyar-memmedyarov-rusiya-klubu-ile-muqavile-baglamisam

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR