“Toliki, Nazənini tanımıram, verilişlərinə baxmıram”

İllər öncə efirlərdə bir çox müğənnilər veriliş aparmağa başlamışdı. Lakin daha sonra tədricən bütün veriliş aparan müğənnilərin verilişləri dayandırıldı. İndi isə yenidən müğənnilər və şou-biznes nümayəndələri verilişlərə cəlb olunub. Bəs müğənnilərin veriliş aparmaq qabiliyyəti hansı səviyyədədir? Bu məşhurlar daşıdıqları məsuliyyəti hansı şəkildə yerinə yetirir?

Bu haqda jurnalist, teletənqidçi Elçin Əlibəyli Metbuat.az-a danışıb:

“Şou proqramı müğənninin aparması çox normaldır. Ancaq ağır bir tokşoudursa, burada əlbəttə, moderatora ehtiyac var. Məsələn, Tolik heç də pis aparıcı olmaz. Tolik çox temperamentli, təhsili yerində olan və məntiqi danışığı olan bir adamdır. Ancaq məsələ odur ki, onun redaktoru və prodüsseri onunla necə çalışacaq? Əsas komandadır. Dünya görüşü olmayan, savadsız bir müğənnini aparıcı etmək mümkündür. Təbii ki, söhbət əyləncəli janrı olan verilişdən gedir. Azərbaycanda vəziyyət isə belədir. İnsanlara müğənninin veriliş aparması bəzən bayağı, bəzən də maraqsız görünür. Bu, ondan irəli gəlir ki, onların komandası olmur. Bizdə düşünürlər ki, veriliş rejissorunun işi PTS-də düymə basmaqdan ibarətdir. Belə olmalı deyil. Verilişə quruluş verilməli, əvvəli və sonu olmalıdır”.


Elçin Əlibəylidən fərqli olaraq, teletənqidçi Qulu Məhərrəmli isə günahı birbaşa məşhurlarda gördü:

“Mənim yanaşmam belədir ki, aparıcılıqda heç kimə məhdudiyyət qoymaq lazım deyil. Kimin nitqi düzgündürsə, intellektual səviyyəsi varsa, veriliş apara bilər. Ancaq təəssüf ki, bizim müğənnilərin 90 faizinin mütaliəsi, dünya görüşü yoxdur. Sadəcə populyarlıq xatirinə bunları efirə buraxırlar, amma sonradan həmin ulduz sönür. Məsələn, Mübariz Tağıyev, Faiq Ağayev, Brilliant Dadaşova, Ağadadaş Ağayev kimi müğənnilər veriliş aparırdı və çox uğurlu alınırdı. Məsələnin pis tərəfi budur ki, bu, ölkəmizdə tendensiya halını alır. Belə yarımçıq müğənnilərin elə yarımçıq da aparıcılığı olur. Belə adamlar da kanalın səviyyəsinə ciddi zərbə vurur. Ümumiyyətlə, belə verilişlər bir atımlıq barıt kimidir. Mən ancaq dünya görüşü olan, tamaşaçı ilə ünsiyyətə keçə bilən və peşəkar aparıcıların verilişinə baxıram. Ona görə də mən nə Tolik, nə də Nazənini tanımıram, heç verilişlərinə də baxmıram. Bunların qarşısını isə öncəliklə televiziyalar almalıdır. Reklam xatirinə, reytinq xatirinə hər kəsi efirə buraxmaq olmaz”

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR