Sabir Hacıyev: “AŞPA-nın Türkiyə əleyhinə qəbul etdiyi qərarı qərəzlidir”

Sabir Hacıyev: “AŞPA-nın Türkiyə əleyhinə qəbul etdiyi qərarı qərəzlidir”
14:23 26 Aprel 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

“Avropa təşkilatları zaman-zaman Türkiyəyə qarşı təzyiqlər həyata keçiriblər. Son vaxtlar isə bu daha da kəskinləşib”.

Bunu Publika.az-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının üzvü, Milli Məclisinin deputatı Sabir Hacıyev AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, AŞPA-nın bu qərar ədalətsiz və qərəzlidir:

“AŞPA-nın Türkiyədə monitorinq keçirmək istəməsi düzgün hərəkət deyil. Türkiyənin demokratiya və insan hüquqlarının qorunması istiqamətində atdığı uğurlu addımlar bütün dünyaya məlumdur. Bütün bunlara rəğmən, AŞPA-nın Türkiyə əleyhinə hər hansı qərar qəbul etməsi qərəzlidir. Əslində, Türkiyəyə qarşı həyata keçirilən bu cür qərarlar gözlənilən idi. Çünki aprelin 16-da keçirilən referendum ərəfəsində də Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər gərginləşib. Həmin ərəfədə bir neçə Avropa İttifaqına üzv olan dövlətlər tərəfindən Türkiyə əleyhinə qərarlar qəbul olunub”.

S.Hacıyev qeyd edib ki, sözügedən məsələyə AŞPA-nın qış sessiyası zamanı da baxılması gözlənilirdi:

“Ancaq baxılmadı və növbəti sessiyaya qaldı. Biz çox istərdik ki, Avropanın Türkiyə ilə münasibətləri yaxşılaşsın. Bu, ilk növbədə Avropa üçün faydalı olardı”.

Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinə də toxunan deputat xatırladıb ki, hələ 1964-cü ildə Türkiyə bu təşkilata üzv olmaq üçün müraciət edib:

“On il öncə də Türkiyəni üzvlüklə bağlı danışıqlara dəvət ediblər. Ancaq həmin dövrdən bəri on illərlə vaxt keçsə də, ortada heç bir nəticə yoxdur. Zaman-zaman Türkiyəyə qarşı müxtəlif şərtlər irəli sürülür, lakin bunun heç bir müsbət nəticələri olmur. Ona görə də hesab edirəm ki, Türkiyə yaranmış bu vəziyyətdən çıxış yollarını düşünməlidir”.

S.Hacıyev vurğulayıb ki, AŞPA-da Türkiyə əleyhinə qərəzli mövqeyi ilə tanınan ayrı-ayrı insanlar var:

“Bu insanlar zaman-zaman Türkiyə əleyhinə olan və qərəzli məsələləri qaldırır, onların qəbul edilməsinə çalışır. Vaxtilə bu cür insanlarla Azərbaycan dövləti də üzləşib. Ancaq Kristofer Ştrasser kimi şəxslərin qərəzli və qarayaxma mövqeləri ilə Türkiyə zəifləməyəcək. Əksinə, daha fa inkişaf edəcək. İnanıram ki, Türkiyə bundan sonra da dünyada qüdrətli və nüfuzlu dövlət olaraq qalacaq. Türkiyənin böyük tarixi var və qüdrətli dövlətdir. Avropanın bu cür təzyiqləri Türkiyəyə heç bir təsir göstərə bilməz”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/196545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR