Qaramatın manifesti

Qaramatın manifesti
15:27 26 Aprel 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Sanki min ildir narahatam, nigaranam, sıxılıram...

Əbədi və bitməyən sıxıntılar içində çabalayıram. Səbəbini bilmədiyim əndişə, narahatlıq, nigaranlıq içindəyəm. Bunu xəstəliklə, mövsümi depressiya ilə əlaqələndirə bilərsiniz.  Yox, bu nə nevrozdur, nə də bitib tükənməyən depressiya. Mənim yeganə həqiqi ovqatım narahatlıq, hüzursuzluqdur. Həyatımda hər şey yolunda olsa belə, kədərlənməyə bir bəhanə tapıram. Amma əmin olun, bu xəstəlik-filan deyil. Uzun illər eyni xəstəlikdən əziyyət çəkə biləcəyim ağlıma gəlmir, inanmıram, qəbul etmirəm...

Alışdığım vəziyyətdən narahat deyiləm, xəstəlik olsa belə, narahat olmazdım. Artıq bu qarışıq ruh halımla, bu bərbad vəziyyətimlə barışmışam. Bəzən qaramat, bəzən eqoist və zəhlətökən olduğumu düşünürlər. Bəzən ümumiyyətlə heç kəsin mənim haqqında düşünmədiyini fərq edirəm, ahh nə gözəl!!!

Vəziyyət təxminən Salam Sarvanın dediyi kimidir: "Mən ağı deməyin boşboğazıyam..."

...Kapitalist münasibətlər, psixopat sevgilər, laqeyd və soyuq insanlar, yaşamaq üçün başqalarını məhv etməyə çalışan biganələr  və bütün mənasız adamlar hüzursuzluq verir, kədərləndirir, yorur...

Gördüyüm işdən, oxuduğum kitablardan, baxdığım filmlərdən, yatağımdan, paltarlarımdan, saçlarımdan, saqqalımdan, telefonumdan, üzünü görmədiyim, bütün gün divarın o tayında anlaşılmaz dildə deyinən qonşumdan, demək olar ki,  hər şeydən bezmişəm...

İndi yadıma düşür ki, heç qonşum da yoxdur...

Yaşamaq üçün pul qazanmaq və hər gün zəngli saatın səsinə oyanmaq məcburiyyətindəyəm. Və bu məni hövsələdən çıxarır...

Yaşamaq üçün sevmədiyim işləri görürəm və sevmədiyim işlərlə məşğul olduğum hər gün, içimdəki hüzursuzluq, narahatlıq bir az da artır. Hər gün özümə daha çox nifrət edirəm.

Amma özümə nifrət  etməklə yanaşı yaşamaq məcburiyyəti məni heyvan kimi, vəhşicəsinə, durmadan işləməyə məcbur edir. Əksəriyyətiniz kimi mən də heç bir önəmi olmayan mövcudluğuma son qoymaq cəsarətində deyiləm. Qoca dəyirman öz işindədir, xırdalayır, ovxalayır, üyüdür...

Və bu nəhəng dəyirman daşlarının arasında hər şey, hamı üyüdülür...

Həyat dediyimiz elə budur. Elə hamımızın hekayəsi aşağı-yuxarı eyni sonluqla yekunlaşır.

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR