Deputat: “Avropa İttifaqı ilə başladılan yeni saziş Rusiya əleyhinə deyil”

Deputat: “Avropa İttifaqı ilə başladılan yeni saziş Rusiya əleyhinə deyil”
15:33 26 Aprel 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

“Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqları başladılan yeni strateji saziş Rusiya və digər dövlətlərin əleyhinə deyil”.

Bunu Publika.az-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının üzvü, Milli Məclisinin deputatı Sabir Hacıyev bildirib.

Deputat deyib ki, Azərbaycanın digər ölkələrlə olduğu kimi, Rusiya ilə də çox yaxşı əlaqələri mövcuddur:

“Ümumiyyətlə, Azərbaycan hansısa ölkəyə qarşı ola bilən münasibət qurmayıb. Azərbaycan Avropanın bütün qurumlarında fəal iştirak edir. Azərbaycan işğalçı Ermənistanı çıxmaq şərti ilə dünyanın bütün ölkələri ilə eyni münasibət qurur. Biz qarşımıza yalnız bir tərəflə münasibətlər qurmağı məqsəd qoymamışıq. Biz hər zaman çalışmışıq ki, bütün ölkələrlə, o cümlədən yaxın qonşularla normal və strateji münasibətlər quraq. Bizdə belə bir siyasət aparılmır. Ölkə rəhbərinin apardığı siyasətin kökündə Azərbaycan maraqları dayanır. Azərbaycan maraqları da o deməkdir ki, bütün dövlətlərlə normal və qarşılıqlı əlaqələr qurulsun”.

S.Hacıyev qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində kifayət qədər fəal ola bilməyib:

“Ona görə də bizimlə razılıq əldə edildi ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni və ikitərəfli strateji əməkdaşlıq sazişi hazırlansın. Hazırda hökumət və parlament səviyyəsində bu saziş üzərində işlər həyata keçirilir. Yəqin ki, sözügedən saziş tezliklə təsdiq olunar. Bütün bunlar da göstərir ki, Azərbaycanla Avropa İttifaqı arasında çox yaxın əlaqələr mövcuddur. Kimlərsə istəyə bilər ki, bizim münasibətlərdə ziddiyyətlər yaransın. Ancaq Azərbaycan bütün tərəflərlə bərabərhüquqlu əlaqələr qurur. Azərbaycan Avropa İttifaqı ilə yanaşı, digər beynəlxalq qurumlarla da müstəqil və sərbəst münasibətlər yaradır. Bu əlaqələr hazırda normal məcrada irəliləyir. İnanıram ki, bu cür əlaqələr gələcəkdə də müsbət davam etdiriləcək”.

Xatırladaq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan yeni saziş üzrə danışıqlara bu ilin fevralında Brüsseldə başlanılıb. 2016-cı ilin noyabr ayında isə Avropa İttifaqı Şurası Avropa Komissiyasına və xarici əlaqələr və təhlükəsizlik siyasətinin nümayəndəsinə müzakirələr aparmaq üçün mandat verib.

İttifaq tərəfdən danışıqları “Şərq tərəfdaşlığı” və Rusiya üzrə direktor Luke Devin, Azərbaycandan isə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev aparır.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/196552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR