Aprelin 28-də Moskvada Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Edvard
Nalbandyan və Rusiya xarici işlər naziri Sergey Lavrov
görüşəcək.
Publika.az xəbər verir ki, görüş Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı üçtərəfli format çərçivəsində
keçiriləcək.
Üçtərəfli format təklifi Bakı tərəfindən səsləndirilib. İndiyə
qədər Ermənistan bu təklifdən imtina etsə də, nəhayət, görüşə
razılaşdığı haqda məlumat yayıldı. Lakin “Qraparak” qəzeti bu gün
diplomatik mənbəyə istinadən görüşün olmayacağını yazdı. Bu
informasiyadan bir neçə saat sonra Rusiya Xarici İşlər Nazirliyi
rəsmi açıqlama yayaraq, görüşün aprelin 28-də keçiriləcəyini
açıqladı.
İrəvan üçtərəfli formatdan qaçır və daha çox Minsk qrupu
çərçivəsinə üstünlük verir. Buna səbəb Rusiyanın üçtərəfli format
çərçivəsində Ermənistanı münaqişənin həllinə məcbur etmək
planlarının olmasıdır.
Ermənistanın “lragir” saytı da yazdı ki, İrəvan Moskvanın
təzyiqlərindən qaçmaq üçün bu görüşdən imtina edir. Erməni sayt
görüşün keçirilməsini isə Bakının diplomatik uğuru olduğunu da
vurğuladı.
Artıq rəsmi olaraq görüşün iki gün sonra keçiriləcəyi təsdiqlənib.
Ermənistanda görüşlə bağlı bədbin proqnozlar verilir.
Erməni politoloq Stepan Qriqoryan deyir ki, İrəvan Moskvaya qarşı
çıxmamaq üçün bu görüşə razılaşdı.
“Lakin görüşdə Ermənistan üçün müsbət nəticələrin olacağını
gözləmək lazım deyil. Moskva hansısa güzəştlərin olmasını tələb
edəcək, İrəvan güman ki, buna razı olmayacaq. Bu isə cəbhədə yeni
eskalasiyanın başlamasına zəmin yarada bilər”, - deyə o
bildirib.
Asif