Əməyin mühafizəsi qaydaları ən çox hansı sahədə pozulur?

Əməyin mühafizəsi qaydaları ən çox hansı sahədə pozulur?
17:27 26 Aprel 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda işçilərin kollektiv və fərdi mühafizə vasitələrindən istifadəsi məsələsində də bir sıra çatışmamazlıqlar mövcuddur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

F.Əlizadə bildirib ki, xüsusilə tikinti və tikinti materialları istehsalatları sahələrində işləyənlərin kollektiv və fərdi mühafizə vasitələrindən lazimi qaydada istifadə etmədikləri əmək müfəttişləri tərəfindən dəfələrlə müşahidə edilib:

"Bir də görürsən ki, hər-hansı hündürmərtəbəli binanın yuxarı mərtəbələrində armatur karkası quraşdıran işçinin başında dəbilqə, belində mühafizə kəməri, əlində əlcəyi yoxdur. Eləcə də tikinti materialları istehsalı ilə məşğul olan çoxsaylı daş karxanalarında əmək müqavilələri bağlamadan işə cəlb edilmiş vətəndaşın əynində heç bir fərdi mühafizə vasitəsinin olmadığının şahidi olursan. Əməyin mühafizəsi və o cümlədən texniki təhlükəsizlik qaydalarının pozulmasına dair çoxsaylı misallar çəkmək olar. Hansı ki, bu səbəblər üzündən istehsalatda bədbəxt hadisələrin baş verməsi halları artır".

F.Əlizadə vurğulayıb ki, Dövlət Statistika Komitəsinin hər ilin yekununa görə dərc etdiyi "Azərbaycan Statistik göstəriciləri" toplusunda qeyd olunduğu kimi, əməyin mühafizəsi tədbirlərinə ayrılan vəsaitin miqdarı ilbəil artır:

"Misal üçün bu məqsədlə ayrılan pul vəsaitinin miqdarı 2005-ci ildə 24265,2 min manat olmuşdursa, 2015-ci ildə bu vəsaitin miqdarı iki dəfədən çox artaraq 67873,5 min manat olub. Əslində ayrılan bu vəsaitlə əməyin mühafizəsi tədbirlərini daha da yaxşı təşkil etmək olar. Ancaq ayrılmış bu vəsaitin təyinatı üzrə xərclənməsi barədə məlumat dərc edilməməsi səbəbindən müvafiq təhlil aparmaq imkan xaricindədir. Bununla bərabər Dövlət Statistika Komitəsinin məlumatına əsasən hazırda respublika iqtisadiyyatının müxtəlif sahələrində əlverişsiz əmək şəraitində işləyənlərin sayı artıb. Belə ki, sənaye sahələrində sanitar-gigiyenik normalarına cavab verməyən şəraitdə işləyənlər 2005-ci ildə 20470 nəfər olmuşdursa, 2015-ci ildə bu artaraq 21371 nəfər olub. Tikinti sahəsində isə 2005-ci ildə 2125 nəfər, 2015-ci ildə 3610 nəfər həmin şəraitdə işləyib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR