Qərb siyasəti: liberalizmlə populizm arasında

Qərb siyasəti: liberalizmlə populizm arasında
18:12 26 Aprel 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın müxtəlif regionlarında geosiyasi qarşıdurmalar daha kəskin səviyyəyə yüksəlir. Dinc insanların həlak olması halları sürətlə artır. Böyük dövlətlər sanki növbə ilə bir-birini ittiham edərək, günahsız insanların başına bombalar yağdırırlar. Sanki insanlığı məhv etmək uğrunda yarış başlayıb. Bir sıra analitik və ekspertlər bu kimi proseslərin arxasında hansı geosiyasi məqamların dayandığı üzərində baş sındırırlar.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, tanınmış amerikalı analitik, Harvard Universitetinin professoru Cozef Nay dərc etdirdiyi məqaləsində problemə geosiyasətin ümumi prinsipləri və onların təkamülü prizmasından nəzər salıb. Mütəxəssis apardığı analiz əsasında XIX əsrdən bu yana geosiyasi mühitdə müşahidə edilən dəyişikliklərin hazırda dünyanı riskli bir duruma gətirdiyi nəticəsini çıxarır. Konkret olaraq, o, Qərbin liberalizmlə populizm arasında qaldığını vurğulayır. Analitik belə bir vəziyyətin bəşəriyyəti kifayət qədər təhlükəli duruma sala biləcəyini qeyd edir. Ancaq sonra çox gec ola bilər.

Artan güc: təməldəki yanlış prinsiplər

Analitiklər müasir Amerika və Avropa ölkələrinin yeritdiyi siyasi kursun ümumi xarakteri haqqında son zamanlar daha çox yazmağa başlayıblar. Onların sırasında tanınmış ABŞ mütəxəssisi Cozef Nay (kiçik) həmişə orijinal baxışları ilə seçilib. Elmdə böyük əks-səda yaratmış "yumşaq güc" və "ağıllı güc" anlayışlarının müəllifi dünya nizamı barədə düşündürücü tezislər yazıb. Tezisləri o, "Foreign Affairs" nəşrində dərc olunan geniş məqaləsində ifadə edib (bax: Joseph S. Nye Jr. Will the Liberal Order Survive? / "Foreign Affairs", January/February 2017, Volume 96, Number 1, p.10-16).

Müəllif ABŞ-ın xarici siyasətinin təkamül mərhələlərini analiz edərkən vurğulayır ki, Amerika XIX əsrdə dünyanın geosiyasi tarazlığında kiçik rol oynayırdı. Onun hərbi donanması hətta Çilidən də az idi. XX əsrin 20-30-cu illərində isə vəziyyət kökündən dəyişməyə başladı. ABŞ siyasətçiləri digər böyük güclərin siyasət adamları kimi milli maraqları üstüörtülü yeritməyə başladılar. Onların hamısı üçün "dünya siyasəti və iqtisadiyyat sərfəli vəziyyət və üstünlük uğrunda çarpışan dövlətlər arasında kəskin rəqabət sahəsi olaraq qalırdı" (bax: əvvəlki mənbəyə).

Bu səbəbdən "Böyük depressiya" (1929-1939-cu illər) zamanı Qərbin böyük dövlətlərinin hər biri "qonşunu daha kasıb et" şüarına əməl etdi, bununla da böhranı daha da dərinləşdirdi. Ən maraqlısı da C.Naya görə, bu məqamdan sonra başlayır. Müəllif yazır ki, bir neçə il sonra dünyaya təhlükə yaradan aqressiv diktaturalar meydana gəldikdə, Amerika və Avropa siyasətçiləri özlərini analoji qaydada apardılar. Yəni "onlar artan təhlükəni görməzdən gəldilər, məsuliyyəti başqalarının üstünə atdılar, yaxud sakitləşdirmə vasitəsilə münaqişəni təxirə saldılar" (bax: əvvəlki mənbəyə).

Müasir geosiyasətin reallıqları aspektində bu tezislər çox maraqlı təsir bağışlayır. Faktiki olaraq, C.Nay göstərir ki, indi müşahidə edilən ikili standartlar, ayrı-seçkilik mövqeyi, əslində, Qərb siyasətinin kökündədir. Qərbin imperialist ambisiyalı dövlətlərinin hər biri əvvəlcədən ədalət və ya obyektivlik naminə deyil, öz maraqlarının təmininə yönəlmiş siyasət aparıblar. Buna görə aqressiv diktaturalar yarandı, İkinci dünya müharibəsi baş verdi. Ancaq vəziyyət yenə də dəyişmədi - Qərbdə məsuliyyəti başqalarının üzərinə atmaq, onları əsassız ittiham etmək və münaqişələri həll etmək əvəzinə müxtəlif bəhanələrlə təxirə salmaq ənənəsi davam etdi.

Biz bunların əyani təzahürünü zatən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə olan münasibətdə neçə ildir ki, görürük. Ancaq bu halın səbəbinin böyük dövlətlərin apardıqları siyasətin məzmununda olması faktını qəbul etmək istəmirlər. Onlar adəti üzrə məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır, müxtəlif uydurma arqumentlərlə işğala haqq qazandırmağa çalışırlar. Oxşar münasibət Yaxın Şərqdə cərəyan edən geosiyasi hadisələrdə də müşahidə olunur. Lakin C.Nayın da vurğuladığı kimi, bütün bunların nəticəsi sonda dünyanın təhlükə ilə üz-üzə qalmasıdır. Yeni dünya nizamının formalaşması da bu səbəbdən qeyri-müəyyən məqamlarla doludur.

Bunun əvəzində, müəllifin də vurğuladığı kimi, Amerika dünyanın ən güclü dövlətinə çevrildikdən sonra pulu nəyə xərclədiyini bilsəydi və ya dünyanın rifahına diqqət ayırsaydı, beynəlxalq təhlükəsizliyin qayğısına qalsaydı, tamamilə fərqli mənzərə yaranardı. Dünyanı faciələr, depressiyalar, soyqırımlar bürüməzdi (bax: əvvəlki mənbəyə).

Yeni dünya nizamı: riskli vəziyyətə doğru

Bunlara baxmayaraq, İkinci dünya müharibəsindən sonra Qərbin siyasi dairələri daha yaxşı dünya yaratmaq istiqamətində çalışmağa başladılar. Bu dəyişikliyi amerikalı analitik, professor belə ifadə edir: "Onlar artıq iqtisadi və təhlükəsizlik məsələlərini müstəsna olaraq daxili işləri hesab etmir, müəyyən qaydalar əsasında beynəlxalq münasibətlər sistemi qurmağa, əməkdaşlığa can atırdılar..." (bax: əvvəlki mənbəyə). Burada əsas məqsəd ümumi sülh və inkişafa nail olmaqdan ibarət idi.

Beləliklə, 1945-ci ildən sonra liberal dünya nizamı formalaşmağa başladı ki, ABŞ burada aparıcı yer tutdu. Bu, Amerikanın bir çox ehtiyacı olan ölkələrə dəstək verməsi üçün daha geniş imkanlar yaratdı. Eyni zamanda, Vaşinqton bu fürsətdən istifadə edərək, müxtəlif regionlarda hərbi kontingent yerləşdirdi. Bunu təhlükəsizliyin təmini adı ilə həyata keçirdi. Nəticədə, iki liberal dünya nizamı çərçivəsində iki tendensiya üçün şərait yaranmış oldu.

Onlardan biri bundan ibarətdir ki, dünya miqyasında əksər dövlətlərin əməl etməli olduğu beynəlxalq münasibətlər sistemi meydana gəldi. BMT kimi nüfuzlu və universal funksiyalı beynəlxalq təşkilat formalaşdı. Müxtəlif geosiyasi prosesləri nəzarətdə saxlamaq imkanı yarandı. Ölkələr arasında əlaqələrin inkişafı üçün böyük şans əldə edildi.

İkinci tendensiya isə ABŞ-ın dəstək vermək kölgəsində müxtəlif regionlara siyasi, ideoloji, mədəni, hərbi nüfuz etmək üçün əlavə imkanların meydana gəlməsi ilə bağlıdır. Bunun qarşısını SSRİ-nin mövcudluğu müddətində almaq mümkün olurdu. Sovetlər dağılandan sonra isə Amerika daha çox eyforiyaya qapıldı. Bununla da dünyanın liberal nizamının özü təhlükə altına düşdü.

Məsələnin bu tərəfinə daha çox diqqət yetirən C.Nay iki amili xüsusi vurğulayır. Onlardan birincisi rəsmi hakimiyyətin tədricən hökmlülük miqyasını itirməsindən ibarətdir. Yəni Qərb başda olmaqla dünyanın müxtəlif regionlarında "güc və hakimiyyət yayğınlığı" (C.Nay) özünü göstərməyə başladı. Sosial şəbəkələr, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları kimi faktorlar cəmiyyətin vətəndaş kəsiminin dövlətin idarə edilməsində iştirakını yeni səviyyəyə yüksəltdi. Bu da beynəlxalq miqyasda proseslərin nəzarətdə saxlanmasına ciddi əngəllər törətməyə başladı. Dünya nizamında qeyri-müəyyənliklər artdı.

İkinci amil əsasən Avropada populizmin vüsət alması ilə bağlıdır. Populizm, faktiki olaraq, liberalizmə qarşı çıxır. Avropalılar islamofobiyanın, milli təcridçiliyin, radikalizmin, sərt solçuluq və sağçılığın təsiri altına getdikcə daha çox düşürlər. Bu tendensiyanın güclənməsi hazırda Qərbi real surətdə liberalizmlə populizm arasında tərəddüd etməyə gətirib çıxarıb. Bir sıra Avropa ölkəsində keçirilən seçkilər göstərir ki, həmin tendensiya kifayət qədər güc toplayır və yaxın gələcəkdə dünya səviyyəsində proseslərə daha böyük təsir göstərə bilər.

Vurğulanan tendensiyalara dünya nizamına gətirə biləcəkləri dəyişikliklər prizmasından baxdıqda, qlobal səviyyədə olduqca riskli vəziyyətin yarandığı qənaətinə gəlmək olar. C.Nay bununla əlaqədar yazır: "Amerikalılar və başqa xalqlar tuta bilmirlər ki, təhlükəsizlik və rifah liberal nizamı yox olana qədər təmin edir, sonra isə çox gec ola bilər" (bax: əvvəlki mənbəyə).

Belə bir təhlükənin meydana gəlməsi təbiidir. Çünki məhz Qərb aparıcı güc kimi beynəlxalq miqyasda fəaliyyətini Cozef Nayın da qeyd etdiyi yanlış strateji məqsədlər üzərində qurub və uzun illərdir ki, bu xətdən əl çəkmir. Həmin səbəbdən bütövlükdə dünya sistemi çətinliklərlə üzləşib. Hazırda öz maraqları uğrunda ölüm-dirim savaşı aparan güclü dövlətlər, əslində, liberal dünya nizamını təhlükəyə atdıqlarının fərqində deyillər. Suriyada sanki kimyəvi silah tətbiqi yarışına giriblər. İnsanlar həlak olur, öz evlərindən didərgin düşürlər. Dünya böyük bir demoqrafik xaos astanasındadır. Ancaq hələlik duran yoxdur. Liberal dünya nizamı bu kataklizmlərə tab gətirə biləcəkmi? Cozef Nayın vurğuladığı kimi, sonra çox gec olmayacaq ki?

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR