“Bu, yalnız referendum yolu ilə mümkündür” – AKTUAL ŞƏRH

“Bu, yalnız referendum yolu ilə mümkündür” – AKTUAL ŞƏRH
18:24 26 Aprel 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

 

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Dövlət qulluğu haqqında” Qanuna son dəyişiklikləri şərh edib.

Fond rəhbəri Lent.az-a təqdim etdiyi şərhdə bildirib ki, Prezident Administrasiyası bir dövlət orqanı kimi konstitusiyada nəzərdə tutulur: “Konstitusiyanın 109-cu maddəsinin 13-cü bəndinə əsasən, dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir. Mövcudluğu Konstitusiya ilə nəzərdə tutulmuş bir orqanın adının cari qanunvericilikdə çəkilməməsi həmin orqanın ləğvi mənasını vermir. Prezident Administrasiyasının ləğvi üçün Konstitusiyanın mətnində dəyişiklik etmək, 109-cu maddənin 13-cü bəndini çıxarmaq tələb olunur. Bu isə yalnız referendum yolu ilə mümkündür. Məlum olduğu kimi, ötən il keçirilmiş referendumda bu məsələ qoyulmayıb. Dövlət orqanlarının həmin qanunda verilən təsnifatı yalnız qanunun tətbiqi, daha doğrusu, dövlət qulluqçularının kateqoriyalarının müəyyən edilməsi məqsədi daşıyır.

 

Qanunun qüvvədə olan 8-ci maddəsində ali kateqoriyalı dövlət orqanları sırasında konkret ad çəkilmədən “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar” nəzərdə tutulur. Prezidentin 8 may 2012-ci il tarixli fərmanına əsasən “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanlar” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti, “Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

 

Hazırda formalaşmış qanunvericilik texnikasına görə, Prezidentə tabe olan dövlət orqanlarının adları bir qayda olaraq cari qanunlarda çəkilmir. Hüquqi baxımdan, Konstitusiya ilə nəzərdə tutulan orqanların adlarının ayrı-ayrı qanunlarda çəkilməsi heç bir problem yaratmasa da, təcrübədə bu Prezidentin səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilir. Bu baxımdan, “Dövlət qulluğu haqqında” Qanunda Prezident Administrasiyasının adının çəkilib-cəkilməməsinin, yəni qüvvədə olan mətndən “Administrasiya rəhbərinin vəzifəsi” sözlərinin çıxarılmasının həmin orqanın mövcudluğu üçün heç bir hüquqi mənası yoxdur. Əslində bu dəyişiklik qanunvericiliyi mövcud vəziyyətə uyğunlaşdırmağa yönəldilib.

 

Bu dəyişiklikdən sonra həmin maddənin yenilənmiş mətnində olan “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi” ifadəsi həm Administrasiya rəhbərinin vəzifəsini, həm də Prezidentin İşlər İdarəsi və Xüsusi Tibb Xidmətinin rəhbərlərinin vəzifələrini ehtiva edir”.

 

Ə.Nuriyev əlavə edib ki, “Dövlət qulluğu haqqında” Qanunun 11-ci maddəsinin hazırda qüvvədə olan (dəyişiklikdən əvvəlki) mətnində Prezident Administrasiyasının adı 4 bənddə (11.1.1.1;   1.1.2.1; 11.1.3.1; 11.1.4.1-ci maddələrdə çəkilir. Onların ilk 3 maddəsində Prezidentin İşlər İdarəsi və Xüsusi Tibb Xidməti “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar” kimi nəzərdə tutulur: “Bu dəyişiklikdən sonra həmin 3 maddənin mətnində “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan” və “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar” ifadələri qalacaq ki, bu da həmin maddənin növbəti qüsuru kimi növbəti dəyişikliklər zamanı, əlbəttə, nəzərə alınacaq”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR