Faiq Ağayev: "Dedi, nolar, pencəyini mənə ver, vermədim"

Faiq Ağayev: "Dedi, nolar, pencəyini mənə ver, vermədim"
21:37 26 Aprel 2017
175 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, estrada ulduzu Faiq Ağayev... Təkcə sənəti və istedadı ilə deyil, insanlarla münasibəti, davranışı, səmimiyyəti, biliyi, savadı ilə də milyonlar tərəfindən sevilir. O, hər zaman səhnədə fərqlənməyi bacarır. Faiq Ağayevi seçilənlərdən edən məqamlardan biri də zövqü, geyim tərzidir. Xarici görünüşünə qarşı çox diqqətli olan estrada ulduzu getdiyi məkana görüşün mövzusuna uyğun geyinir. Gündəlik həyatda isə idman üslubuna üstünlük verir. Müğənni qarderobunda həddən artıq çox geyim olduğunu da deyir. Milli.Az bildirir ki, o, çoxlarının bilmədiyi bir xüsusiyyətini də ilk dəfə Ailem.az açıqladı: "29 ildir səhnədəyəm və bu illərdə yığılan səhnə paltarları bir teatra bəs edər yəqin. Məsələn, səhər hansısa iş arxasınca çıxıram, günorta evə gəlim nahara etməyə, dincəlməyə, yenidən harasa çıxanda həm geyimimi dəyişəcəm, həm də parfümümü. Yeniliyi sevirəm. İnsan nə qədər güzgüyə baxıb eyni görüntünü görər?! Adam bəzən özü-özündən də bezir. Hər insanda "gözəl görünüm" fikrindən başqa, "digərləri mənə baxıb zövq alsın" fikri də olmalıdır".

Bəs görəsən xalq artisti bu qədər paltarı sonra nə edir? Geyinmədiklərinin taleyi necə olur? Müğənni maraqlı bir faktı açıqladı. Sevilən ulduz dəbdən düşmüş geyimlərini yeni dəbə uyğunlaşdırıb istifadə edir. Digər geyinmədiyi əlbisələrini isə ehtiyacı olanlarla paylayır: "Fərz edək ki, bu pencək 2000-ci ilin modelidir. Onda pencəyin yaxalığı böyük idi. Aparıram dərziyə, qısaldıram, düzəltdirirəm, yeni dəbə uyğun edib geyinirəm. Çünki çox vasvası və təmizkaram. Elə libaslar var ki, efirə geyinirəm, sizin heç ağlınıza gəlməz ki, onun 20 yaşı var. Dəb də qayıdır. Bundan savayı, adi geyimləri toparlayıb verirəm anama, Hacı xanıma, o da ehtiyacı olanlarla paylaşır. Özüm də yaxınlarımın uşaqlarına verirəm".
 
Hər kəsə məlumdur ki, Faiq Ağayevin solo konsertləri də fərqlənir. Estrada ulduzu hər zaman konsertlərində tamaşaçılar qarşısına fərqli və xüsusi geyimlərdə çıxır. Kifayət qədər pul xərclənən bu geyimlərin sonrakı taleyi də maraqlıdır: "Onları yavaş-yavaş efirlərə geyinirəm. Çox əlvan, sırf səhnəlik, konsertlik geyim deyilsə, toylara geyinirəm. Zaman-zaman məşhur yerli dəbkeşlərimiz, modelyerlərimizlə çalışıram. Həmişə çörəyi mütəxəssisə verirəm. Təbii ki, mənim öz istəklərim ola bilər. Amma o istəyi bugünkü dəbə düzgün, mütəxəssis kimi hazırlamaq üçün gərək peşəkarın yanına gedəsən".
 
Xalq artisti konsert geyimlərinin hər birini tikdirdiyini bildirdi. Estrada ulduzunun geyimlərini bəyənib istəyənlər də az olmur: "Mənə deyiblər ki, nolar, o pencəyi mənə ver də. Demişəm ki, ala sənə pul, get özünə pencək al. Amma bundan alma".
 
Faiq Ağayev brend asılılığı olmadığını desə də, üstünlük verdiyi markalar var. Xalq artisti dəbdən çox ona yaraşanı seçir: ""Cavalli", "Etro", "Dolce Gabanna". Lakin mənim heç vaxt brend mağazasına gedim, brend geyinim kimi həvəsim, istəyim olmayıb. Mənə yaraşsın. Çox məşhur və varlı insanlar məsələn, dünyanın qiymətinə "Armani"dən bir cins alırlar və 5-10 dollarlıq bir köynəklə geyinirlər. Buna fyujn deyilir, yəni qarışıq üslub. Elə insan var, başdan ayağa brend geyinib, lakin baxırsan ki, zövqsüzdür. Bədənini nəzərə almayıb, ona yaraşıb-yaraşmadığını nəzərə almayıb. Dəbdədir deyə alıb və bu, məncə, ən yolverilməz və axmaq yanaşmadır".   
 
Xalq artisti ən ucuz və ən bahalı geyimini də açıqladı. Bu geyimi müğənni klipi üçün alıb. Faiq Ağayevin ən çox pul xərclədiyi paltonu siz onun "Ömür bumu" klipində görmüsünüz. Müğənni həmin paltonu indiyədək geyinir: "Türkiyədə 10 lirəyə ti shört aldım, çox xoşuma gəldi. İndiyədək onu geyinirəm. Ən bahalı geyimim isə "Ömür bumu" klipində geyindiyim paltodu. O klipi çəkəndə Ülviyyə Könül dedi ki, məni qəşəng, xəzli paltoda görür. Bakıda da bilirsiniz ki, 2-3 qat daha bahalıdır, nəinki xaricdə. Onda bir palto üçün 6 min pul xərclədim. İki dəfə geyindim. Uzun geyimlər geyinə bilmirəm, çünki sürücüyəm, maşın sürəndə mane olur. Son zamanlar qışda açıq havada konsertlər olanda geyinirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/538859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR