Mübarizənin növbəti raundu - Dünyanı məhv edə biləcək TRİADA

Mübarizənin növbəti raundu - Dünyanı məhv edə biləcək TRİADA
22:03 26 Aprel 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada prezident seçkilərinin birinci turunda “İrəli!” hərəkatının lideri Emmanuel Makron 23,75 faiz səs topladı. “Milli cəbhə” partiyasının başçısı Marin Le Pen 21,3 faizlə ikinci yeri tutdu. Ancaq Avropa İttifaqı Böyük Britaniyanın baş naziri Tereza Mey kimi avrointeqrasiyanın daha bir rəqibinə dözməyəcək. Birləşmiş Avropanın arxasında duran güclər öz hegemonluq əsrini inadla uzatmaq istəyirlər.

Publika.az xəbər verir ki, bu sözləri aprelin 23-də keçirilən seçkilərin birinci turunu şərh edən Dmitri Zavorotnıy eadaily.com saytında yazıb.

Onun sözlərinə görə, ikinci turda Le Penin qələbə şansları yüksək qiymətləndirilmir. Ekspertlər qadın siyasətçinin 36 faiz səs qazanacağını güman edirlər. Le Penin qələbə üçün tək şansı birinci turda 19,62 faiz səslə 4-cü yer tutan (3-cü yeri sabiq baş nazir Fransua Fiyon tutub - red.) “İtaətsiz Fransa” hərəkatı və sol hərəkatın lideri Jan Lyuk Melanşonun “Milli Cəbhə” liderinə dəstək çağırışları ilə bağlı ola bilər. Ən əhəmiyyətli məsələlər üzrə Melanşon və Le Penin seçki proqramında oxşarlığı nəzərə alaraq bunu gözləmək olar. Hər ikisi Fransanın Avropa İttifaqı və NATO-dan çıxışını dəstəkləyir, Transatlantik əməkdaşlıqdan imtina edir. Və birinci tur göstərdi ki, sol və sağ güclər tərəfindən qaldırılmış məsələlər cəmiyyətdə son dərəcə aktualdır.

Melanşon və Le Pen niyə 20 faiz səs topladılar?

Neoliberal model və onun kapitalın hərəkət azadlığı üzrə əsas prinsipləri, dövlətin iqtisadiyyata qarışmaması Fransanı dünya iqtisadiyyatının flaqmanından Avropa İttifaqı çərçivəsində ikinci dərəcəli ölkəyə çevirir. Effektiv idarə olunan planlaşdırma elementləri iyirminci yüzilliyin ikinci yarısında Fransaya maşınqayırma və yüksək texnologiyalar sahəsində dünya liderlərindən biri olmağa imkan verdi.

Ancaq Avropa İttifaqı markası altında Avropanın birləşməsi prosesində aydın oldu ki, Fransanın sənaye lideri rolu Almaniyaya verilir. 1990-cı ildə Almaniya Demokratik Respublikası ilə birləşməsi hesabına Almaniya iqtisadi potensialını kəskin artırdı. Neoliberal konsepsiya çərçivəsində alman məhsulunun böyük idxalatçısı olması milli iqtisadiyyata böyük zərər verir. 2001-ci illə müqayisədə AFR-dən idxal demək olar ki, iki dəfə - 48,9 milyard dollardan 94,5 milyard dollara qədər artıb. Amma Almaniyaya fransız ixracı analoji dövrdə 44,2 milyard dollardan 72,9 milyard dollara qədər artıb. Və, göründüyü kimi, iki ölkənin qarşılıqlı ticarəti arasında fərq 15 il ərzində əhəmiyyətli dərəcədə çoxalıb. Fərq 2001-ci ildə 4,7 milyard dollar olduğu halda, 2016-cı ildə 21,6 milyard dollar olub.

2008-ci il qlobal iqtisadi böhrandan bu yana Fransanın ödəmə balansı xroniki çatışmır. Beynəlxalq Valyuta Fonduna əsasən, 2016-cı ildə onun defisiti 11,5 milyard dollar təşkil edib. İqtisadiyyat Fransua Mitteranın neoliberal siyasəti vaxtlarından bu qədər narahat deyildi. Fransanın iqtisadi problemi ehtiyatlı və qətiyyətsiz Fransua Ollandın prezidentliyi dövründə yeni səviyyəyə çıxaraq daha da ağırlaşıb.

2016-cı ildə ölkənin ümumi daxili məhsulu təxminən 2,488 trilyon dollar təşkil edib. Bu, sosialist Ollandın ölkəni qəbul etdiyi 2012-ci ildəki göstəricidən 13 faiz daha azdır. 2015-ci ildə işsizlik 10,4 faizlə son 16 ilin ən yüksək səviyyəsinə çatıb. Xarici borc ümumi daxili məhsulun 97,2 faizini təşkil edir. Bu, 2012-ci ildə 89,6 faiz təşkil edirdi.

Neoliberalizm dövrü ilə bağlı başqa bir xroniki problem miqrasiyadır. Bu, Le Penin seçki proqramının əsas mövzularından biridir. Sirr deyil ki, son zamanlar Fransanın əhalisi miqrantların hesabına artır.

2006-cı illə müqayisədə Fransanın rifahı praktik olaraq dəyişməyib. İqtisadi vəziyyətin pisləşməsi büdcə kəsirinin yaranmasına aparır və hakimiyyəti dövlət xərclərini azaltmağa, vergiləri isə əksinə yüksəltməyə məcbur edir.

Məhz neoliberal siyasətin yuxarıda göstərilən dağıdıcı təzahürlərinə qarşı Le Pen və Melanşonun çoxsaylı elektoratı çıxış edir və çəkinmədən aktual mövzuları siyasi şüarlara çevirdilər.

Makronun qələbəsi niyə daha çox ehtimal edilir?

Qeyd edilir ki, prezident seçkiləri faktiki olaraq Fransanı parçaladı. Birinci turun nəticələrinin elan edilməsindən sonra ortaya çıxan xəritələrdən görünür ki, parçalanma xətti sənayenin cəmləndiyi və işsizliyin yüksək olduğu şimali Fransa ilə turizm, xidmət sahəsi və balıq vətəgəsinin çiçəkləndiyi sahil regionlarının arasından keçir. Sonuncular Makronun dəstək qrupunu təşkil edir. Deməli, hər halda, cari siyasi kursun saxlanılmasını dəstəkləyirlər. Neoliberalizm və qloballaşmadan ən böyük xeyri bu regionlar alırlar. Onların fəaliyyəti heç vaxt Almaniya, Çin və ya ABŞ-ın analoji fəaliyyəti ilə rəqabətdə olmayacaq. Bu siyasətin arxasında qlobal kapital və onun ideologiyası dayanır. Makron vahid Avropa bazarının saxlanılmasını istəyir. Marin Le Penin hakimiyyətə gəlişi həqiqətən Avropa İttifaqının, deməli onun bazarının hissələrə ayrılmasına gətirib çıxara bilər. Dünya iqtisadiyyatı Le Pen timsalında ikinci Trampa sadəcə dözməyəcək. Doğrusu, belə siyasi güclərin Avropa İtifaqında meydana çıxması Trampa əminlik verəcək.

Lakin Donald Tramp, Tereza Mey və Marin Le Pen kimi siyasətçilərin meydana çıxması faktının özü müasir dünya quruluşunun böhranının ən dərin və ciddi simptomudur. Və başlanmış mübarizənin növbəti raundu qloballaşma erası və neoliberalizm üçün qaçılmaz ola bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR