Qandalın açarı

Qandalın açarı
10:44 27 Aprel 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

 

Dana bilmərik ki, feysbuk həyatımıza çıxmaz bir formada pərçimlənib. Artıq insanların feysbuklu həyat tərzi haqda lətifələr də yaranıb. Qoy, birini söyləyim. Müəllimdən soruşurlar ki, ən çox əhalisi olan ölkələr hansıdı? Şagird deyir, Çindi, Hindistandı, sonra da feysbuk gəlir.

 

Doğrudan da feysbuk əhalisi günü-gündən artmaqdadı. Bu, bir növ göydən Yerə nəzarətə, sputnikdən idarəetməyə çevrilir. Həm də planetin bütün insanları öz fikrini ortaya qoymaq şansı qazanıb. Bu dünyaya gəlmisənsə, yaşayırsansa, gətir görək, nə düşünürsən? Gəl, sən də bir söz de, bəlkə bu darıxdırıcı həyatı mənalandıra bildin. Bəlkə bizi bir az ümidləndirməyi bacardın. Ancaq yox, bizim Azərbaycanda dayanmadan pessimizm dalğası yayılır. Ağzını açan qandan, davadan, ölümdən danışır. Bıçaqladı, baltaladı, başını kəsdi, diri-diri yandı, intihar elədi. Öyün tikilsin, başqa bir xəbər yoxdumu? Yəni deyək ki, məsələn, Yardımlının hansısa kəndində bir inək əkiz doğmadımı bu illərdə? Yəni hardasa bir körpə diş çıxartmırmı, bir ailə illərlə yığdığı pula yeni mənzil alıb kirayələrdən qurtulmurmu, orta məktəbdə oxuyan bir uşaq fizikanın gücünə arxalanıb suyun axarını filan enerjiyə çevirmirmi? Nolub, Azərbaycan quruyubmu, yaşamağa heçmi şansımız yoxdu? Yəni taleyimizə bircə dənə xoş xəbər eşitmək yazılmayıbmı?


Ömrümüzə rəng qatmaq məqsədilə son vaxtlar feysbuk səhifəmdə yazdığım statusları mesaj kimi paylaşıram: ulduz, status, diyez, yes. Yəni statusun əvvəlinə ulduz qoyuram, sonunda isə diyez işarəsi. Deyirəm, qoy bir az maraqlı olsun, bozluğu pozmaq kimi bir xəstəliyim var mənim.  Nə başınızı ağrıdım, o gün belə bir status yazmışam:

*Yadınızdadısa, ikimininci ilin əvvəllərində Bakıda gənc xanımlar göbəyiaçıq paltar geyirdilər. Həm də onda moda beləydi, deyəsən. Bu moda ölkəmizə sənaye ilə gəlsə də, çox gözəl idi. Həmin xanımlara qarşı bəzi kişilərin orda-burda göstərdiyi təpkiyə baxmayaraq, qadınlarımız əməlli-başlı inqilab eləyirdilər. Demək, bizim xanımlar daha cəsarətlidilər! Niyə belə dedim, bilirsinizmi? Çünki yayda ürəyindən şortik geyinmək keçən kişilərimiz bunu eləyə bilmədi. 


Bayaq metroda göbəyiaçıq köynək geyinmiş bir gənc xanım gördüm, xeyli sevindim. Çox gözəl və estetik görünürdü. Düşündüm ki, deməli, hələ islam dini çox da yaxın düşə bilməyib bizə. Hələ də özünü bütöv şəxsiyyət kimi duyan xanımlarımız var. Belə xanımlara eşq olsun! Onları hər yerdə qorumaq gərəkdi!#

 

Bax, belə bir fikir. Altından bir-iki gənc dost dərhal yazdı ki, göbəyi açıq gəzmək havaxdan şəxsiyyətin göstəricisidi? Guya mənim həyat baxışımdakı səhvi tutur bu gənc. Demək istəyirəm, ey gənc, sən bilirsənmi, sənin kimi insanların yaşadığı bir cəmiyyətdə göbəyiaçıq paltarda gəzən bir xanım nə qədər cəsarətlidi? Əgər bir xanım sənin kimi mənasızların fikrini vecinə almadan cəmiyyətimizə müsbət estetik enerji paylayırsa, əlbəttə, o böyük şəxsiyyətdi! Sən elə bilirsən göbəyiaçıq gəzən pozğundu? Göbəyi açıq gəzirsə, ona elə küçədəcə təcavüz eləyə bilərsən? Göbəyi açıq gəzirsə, deməli, içi də sən qarışıq, istənilən kişi ilə elə ağacın dibindəcə seks yapmağa razıdı? Gör haaa, sən nə ağıldasan! Sən bir sınaqdan çıxartginən, o göbəyiaçıq qıza yaxınlaşıb öz fikrini deginən, gör, cavabını necə alacaqsan! Onda biləcəksən ki, pozğun, əxlaqsız göbəyiaçıq gəzən yox, sən özünsən. Pozğun sənsən ki, o çürük qafanda sarsaq düşüncə bişirirsən. Belə düşüncə sahiblərinin əli heç vaxt o gözəlliyə çata bilməz. Ey gənc, bu dünyada bir gözəllik yaratmaq, gözəlliyə əl vurmaq, gözəlliklə dostluq eləmək istəyirsənsə, başındakı tikanlı məftilləri təmizlə!

 

Bugün-sabah yay gəlir, Bakıdakı avtobus sürücüləri istidən şalvarlarını dizdən yuxarıya qədər çirmələyəcək. O bədbəxtlər motorun, günortanın, dəmirin istisindən qorunmaq üçün şalvarı yuxarı çirmələməyi kəşf ediblər. Maşını dayandırıb sükandan düşən kimi şalvarın balağını aşağı endirirlər, vəssalam, olurlar yaxşı oğlan. Ay bədbəxt, özünü niyə öldürürsən? Şortik geyin dəə! Beynindəki o buz haçan əriyəcək? İstidən bişirsən, ancaq o isti beyninin buzuna təsir eləmir. Sən beynini, fikrini, təfəkkürünü niyə özündən, həyatından, cəmiyyətindən ayrı saxlayırsan? Niyə beynini real həyata kökləmirsən? Təbiilikdən niyə qaçırsan? Lazım olana niyə qadağa qoymusan?

Nə isə, özün bilərsən! Ancaq mən yayda şortik geyinəcəm, rahat olacam, ona-buna aqressiv olmayacam, əsəbləşməyəcəm, səndən az iylənəcəm.


Bir sirr də açım sizə, bizim kişilərin bəziləri yayda şortik geyinmək üçün Gürcüstana gedirlər. Ordakı insanların təfəkkürü daha təbii və azaddı.

 

Deməli, qula qandalın açarını veriblər, qul gözünə döndüyüm də qolundakı qandalı açmaqdan utanır. Fikirləşir ki, məni həmişə qandalda görüblər, indi qandalsız görənlər adama nə deyər? Deməzmi, a kopayoğlu, qandalın hanı? Ha-ha-ha-ha!!!


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR