Şimali Koreya tərəfindən nüvə təhdidinin artması ilə əlaqədar olaraq Yaponiyada ev və korporativ bunkerlərin quraşdırılmasına sifarişlər kəskin artıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda evlərdə və müəssisələrdə yeraltı bunkerləri layihələşdirən şirkətin prezidenti Naoko Oribe deyib.
“Yaponiya Xirosima və Naqasakidə atom bombardmanlarının dəhşətini yaşayan tək ölkədir. Amma yaponlar indiyə qədər ev bunkerlərinin yaradılmasına az maraq göstərirdilər. Hər halda, bunkerlərin kinoteatr, stansiyalar, məktəblər və həyət evlərində mövcud olan İsveçrə ilə müqayisə üzrə bunu deyə bilərik. Bu, yolverilməzdir”, - o bildirib.
Onun sözlərinə görə, Koreya yarımadası ətrafında vəziyyətin gərginləşməsindən sonra ev və korporativ bunkerlərin quraşdırılmasına sifarişlər artıb. Şirkət 2016-ci ildə 100 yerlik üç korporativ və 13 yerlik 6 ev bunkerinin tikintisi üçün sifariş alıb. Amma tək aprel ayında iki böyük və 6 ev bunkerinin tikintisi üçün sifariş verilib.
“Bu, Şimali Koreya ilə bağlıdır və həqiqətən qorxuludur. Amma yeraltı bunkerin tikintisi təxminən dörd ay çəkir. Əgər hücum yaxın vaxtlarda olarsa, o halda bunkerləri tikməyə vaxt tapmayacağıq”, - Oribe vurğulayıb.