Hərbi ekspert: “Rusiyadan alınan hücum silahları Azərbaycan ordusunu daha da gücləndirir”

Hərbi ekspert: “Rusiyadan alınan hücum silahları Azərbaycan ordusunu daha da gücləndirir”
12:37 27 Aprel 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ “Azərbaycanla Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan mərhələli şəkildə ölkəmizə müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilir. Hesab edirəm ki, aprelin 26-da ictimaiyyətə təqdim edilən bu silah və texnika Müdafiə Nazirliyi tərəfindən alınan silahların hamısı yox cüzi bir qismidir. Çünki alınan bütün silah və texnikaların hamısının nümayişi təhlükəsizlik baxımından yolverilməzdir”.
"Report" xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev deyib. 
O qeyd edib ki, bu silah və texnika paradda nümayiş etdirmək və yaxud da ki, sıra baxışı üçün alınmayıb: "Bunlar konkret olaraq döyüşdə istifadə edilmək və düşməni məhv edərək torpaqlarımızın azad edilməsi üçün alınmışdır. Əminəm ki, aldığımız texnika və silahlar tezliklə bu müqəddəs vəzifənin icrası zamanı istifadə olunacaq.
İnanıram ki, alınan yeni silah və hərbi texnikanın tez bir zamanda mütəxəssislər tərəfindən mənimsənilərək döyüş bölgələrində yerləşən bölmələrimizin silahlanmasına verilməklə aktiv döyüşlər zamanı şəxsi heyətin döyüş imkan­la­rının daha da güclənməsini təmin etmiş olacaq".
Hərbi ekspert vurğulayıb ki, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də Azərbaycan Silahlı Qüvvələri qarşısında qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək: "Hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında öz yerini inamla tutmaqda davam edir və ordumuz bu yeniliklərin nəticəsi olaraq istənilən hərbi vəzifəni icra edə bilər və edəcəkdir də".



Xəbərin orijinal ünvanı: https://report.az/herbi/herbi-ekspert-rusiyadan-alinan-hucum-silahlari-azerbaycan-ordusunu-daha-da-guclendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR