"Bu, milli idmanın imicinə xələl vura bilər"

"Bu, milli idmanın imicinə xələl vura bilər"
13:27 27 Aprel 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

"İdman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi ərazilərdə və binalarda tütünçəkmə üçün qapalı yerlərin yaradılması nəinki konvensiyaya, idman və sağlamlıqla bağlı istənilən anlayışa ziddir. Bu, ən əsası Azərbaycan vətəndaşları və xarici qonaqlar arasında milli idmanın müsbət imicinə, bu sahədə reallaşdırılan təşəbbüslərə xələl vura bilər. Qanunun əvvəlki variantında idman yarışları və kütləvi tədbirlərin keçirildiyi yerlərdə tütün çəkmə tam qadağan edilmişdi".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

T.Musayev "Tütün məmulatlarının istifadəsinin məbdudlaşdırılması haqqında" qanun layihəsində bəzi ərazilərdə tütün çəkmə üçün qapalı yerlərin ayrılması ilə bağlı bəzi iradlarını nəzərə çatdırıb: "Qanun layihəsindəki "tütünçəkmə üçün qapalı yerlər" anlayışı Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Qarşı Mübarizə haqqında" Çərçivə Konvensiyanın tələbləri ilə ziddiyət təşkil edir".

T.Musayev deyib ki, Konvensiyaya əsasən, siqaret çəkmə üçün xüsusi yerlər ayrılmadan binaların daxilindəki bütün ictimai və iş yerlərində tütünçəkmə qadağan olunmalıdır. Bəzi ölkələrdə hətta siqaret çəkmək üçün belə yerlər olduqda belə, həmin yerlər bütün ərazilərdən tam kənarda yerləşdirilir, onlar ümumi istifadədə olan keçidlə birləşdirilmir və tam təcrid olunur: "Nə qədər qəribə səslənsə də, ətrafa yayılan tütün tüstüsü yalnız siqaret çəkməyənlər üçün deyil, həm də siqaret çəkənlərin özləri üçün əlavə təhlükədir. Qapalı yerlərdə aktiv siqaret çəkənlər eyni zamanda, tütün tüstüsü ilə nəfəs alaraq, passiv siqaret çəkənlər də hesab edilirlər. Buna görə də tütün tüstüsünün 2 qat zərərli təsirinə məruz qalırlar. Həmin yerlər isə daim ətrafdakılar üçün təhlükə mənbəyi hesab edilir və tütün çəkməni təbliğ edir".

T.Musayev deyib ki, qanun layihəsi bir çox yerlərdə - ictimai yerlərdə tütün çəkməni qadağan etsə də, istisnalıq təşkil edən yerlər var və layihədə tütün çəkmə üçün qapalı yerlərin ayrılması təklif edilir.

Mərkəz rəsmisi hesab edir ki, bütün müəssisələrdə, ictimai iaşə obyektlərində, mehmanxanalarda, dəmir yol qatarlarında qapalı yerlərin yaradılması həmin yerlərdə çalışan işçilərin, eləcə də oraya gələn insanların sağlamlığına ziyan vura bilər.

T.Musayev onu da əlavə edib ki, Azərbaycanda siqaret qutularının üzərində yalnız ümumi bir xəbərdarlıq yazılır və onun da həcmi ümumi sahənin 30 faizini təşkil edir: "Hesab edirəm ki, bununla bağlı məsələ qanun layihəsində öz əksini tapa bilər. Əslində, tütün məmumatlarının vitrinlərdə verilməsi də onu daha əlçatan edir. Ticarət yerlərində müştərilərə tütün məmulatlarının satışını stimullaşdıran heç bir əlamət olmadan satılan malların siyahısı və qiymətləri təqdim edilməlidir".

Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, bu təkliflərin bir çoxu layihənin müzakirələri zamanı nəzərə alınacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR