"Nalbəndyanın evində olmuşam, nahar etmişəm, indi mənə salam vermir..." - FOTO

"Nalbəndyanın evində olmuşam, nahar etmişəm, indi mənə salam vermir..." - FOTO
14:17 27 Aprel 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

AŞPA-nın Britaniyadan olan deputatı, Qarabağ münaqişəsi zonasında vəziyyəti araşdırmaq üçün məruzəçi təyin olunan, ancaq hazırladığı hesabat Assambleyada qəbul edilməyən Robert Uolter ermənilərin onun ünvanına səsləndirdikləri "rüşvət və korrupsiya" ittihamlarını rədd edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Robert Uolter Strasburqda AŞPA-nın bu günlərdə keçirilən yaz sessiyası zamanı Ermənistanın "Aravot" qəzetinin müxbiri ilə söhbətləşib. Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın ona salam verməməsindən şikayətlənib.

Xatırladaq ki, Robert Uolter AŞPA-nın Qarabağ münaqişəsi zonasında hərbi eskalasiyasının artmasını araşdırmaq üzrə xüsusi məruzəçisi təyin olunmuşdu. Lakin onun "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılıqların artması" adlı hesabatı ötən ilin yanvarında AŞPA-nın qış sessiyasında səsvermədən keçmədi. O zaman Robert Uolterin ünvanına Ermənistanda belə ittihamlar irəli sürürdülər ki, o, Azərbaycan hakimiyyəti tərəfindən pulla ələ alınıb və Bakının lobbiçisidir.

Lakin indi keçmiş məruzəçi israrla bildirib ki, o, heç vaxt heç bir hökumətdən pul götürməyib. Uolterin bildirdiyinə görə, onun Qarabağ üzrə məruzəçi təyin olunmasına AŞPA qərar vermişdi.

"Mənim bundan əvvəl Makedoniya, Macarıstan üzrə məruzəçi olduğumu nəzərə almışdılar. Habelə AŞPA-nın insan haqlarının müdafiəsi üzrə komissiyasında nəzərə aldılar ki, mənim İrəvanda yaxşı dostlarım var, bir sıra nazirlər, o cümlədən Edvard Nalbəndyan. Mən onun evində olmuşam, özüylə, arvadı ilə nahar etmişəm. Lakin indi Edvard Nalbəndyan mənimlə danışmır, salam vermir. Və buna görə mən çox kədərlənirəm", - Robert Uolter erməni jurnalistlə söhbətində şikayətlənib.

Uolterin bildirdiyinə görə, həm də buna görə kədərlidir ki, məruzəçi olanda erməni tərəfi onunla əməkdaşlıqdan imtina edib. Hərçənd ki, Uolter o vaxt balanslı hesabat hazırlamaq niyyətində imiş. "Mən fikirləşirdim ki, sizin xarici işlər nazirinizin ən yaxşı dostuyam, o vaxta qədər ki, o və sizin hökumətiniz mənim ünvanıma hücumlar etməmişdilər. Onlar hələ hesabat hazır olmamış hücumlara başladılar, hətta İrəvana getməyə icazə vermədilər.

İki il ərzində mənim İrəvana səfərimə icazə verilmədi. Hər dəfə XİN, parlament bildirirdi ki, indi bu səfər üçün münasib deyil, yaxın 6 ay ərzində təşkil edəcəklər. Beləliklə, əməkdaşlıq alınmadı. Erməni tərəfi hesab etdi ki, ümumiyyətlə, belə hesabata ehtiyac yoxdur. Bunu onunla əsaslandırırdılar ki, hesabat ATƏT-in Minsk Qrupunun işinə mane olacaq. Lakin mən işə başlamazdan əvvəl Minsk Qrupu ilə məsləhətləşmişdim, bildirmişdilər ki, heç bir problem yoxdur", - Uolter bildirib.

Britaniyalı AŞPA üzvü deyib ki, 23 ildir Minsk Qrupunun bu münaqişəni həll edə bilməməsindən məyusdur. "Lakin Dağlıq Qarabağın statusunu mən təyin etməli deyiləm, bu, iki tərəfin üzərinə düşən məsələdir. Münaqişənin həlli Minsk rupu həmsədrlərinin, iki ölkə liderlərinin və hökumətlərinin əlindədir", - o bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR