Mütəxəssis: "Allergiya vaxtında müalicə olunmazsa, ağır fəsadlara səbəb ola bilər"

Mütəxəssis: "Allergiya vaxtında müalicə olunmazsa, ağır fəsadlara səbəb ola bilər"
16:17 27 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ "Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Amma bəzən allergiya mövsumi xarakter daşıyır, əsasən də yaz və payız aylarında özünü daha qabarıq şəkildə büruzə verir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Tibb Universiteti (ATU) kliniki immunologiya və allerqologiya kursunun dosenti Səxavət Axundov bildirib.
Onun sözlərinə görə, yaz aylarında meydana çıxan allergik xəstəliklər əsasən mart ayının əvvəllərində ağacların tozlanması ilə başlayır: "Allergiya nəticəsində həmin xəstələrdə burun axması, tutulması, gözdə qaşınma, su axma, qızarma müşahidə olunur. Bu aylarda yaranan allergiyalar arasında pollinoz üstünlük təşkil edir. Pollinozun müxtəlif əlamətləri var. Belə ki, dəridə yaranan qızartı, qaşınma, səpkilər pollinozun əlamətləridir. Bu xəstələrdə iyul və avqust aylarında ambroziya və alaq otlarının səbəb olduğu allergiyalar ön plana çıxır".
Həkim-allerqoloq deyib ki, mövsumi allergiyası olan insanlar qışda özlərini tam sağlam hiss edirlər: "Həmin insanlarda qışda allergiyanın heç bir əlaməti müşahidə olunmur. Lakin yazın gəlişi ilə onların vəziyyəti kəskin sürətdə dəyişir. Çünki allergiya xəstəliyi olan insanların bitkilərə qarşı həssaslığı yaz aylarında artır". 
S.Axundov vurğulayıb ki, allergiya xəstələri daim özlərinə diqqət yetirməlidirlər: "Bu tip insanlar sonradan ağır fəsadlar yaranmasın deyə daim müalicə olunmalıdırlar. Çünki vaxtında xəstəliyin ciddiliyinə fikir verməyən və müalicə olunmayan insanlarda allergiya xəstəliyi bronxial astmaya keçir. Bu insanlarda yuxarıda sadaladıqlarımızdan əlavə, öskürək, tənginəfəslik, boğulma müşahidə olunur. Yaz aylarında özünü göstərən pollinoz vaxtında və düzgün müalicə olunmazsa, gələcəkdə ağır fəsadlar yarada bilər".
Fəridə Həsənli

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/mutexessis-allergiya-vaxtinda-mualice-olunmazsa-agir-fesadlara-sebeb-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR