Məktəb problemində yeni həll - Cəmi bircə ay və hamı razı qalır - FOTO

Məktəb problemində yeni həll - Cəmi bircə ay və hamı razı qalır - FOTO
17:05 27 Aprel 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunun Yenikənd kəndi rayon mərkəzindən təxminən 20 km aralıda, dağda yerləşir. Cəmi 150 nəfər əhalisi olan kənddə bir kiçik məktəb olub, amma dağılıb gedib. Ona görə də 1993-cü ildən bəri son günlərə qədər ötən əsrin 50-ci illərində kolxoz üçün inşa edilmiş uçuq-sökük tikilidən məktəb kimi istifadə ediblər.

Cavanların əksəriyyətinin kəndi tərk edib geri qayıtmamasının səbəblərindən biri də elə burada normal məktəbin yoxluğu olub. Amma 7-ci sinif şagirdi Salatın Hüseynova deyir ki, bir həftə olar ki, vəziyyət dəyişib: "Bir həftə olar təzə məktəbə gəlib-gedirik. Köhnə ilə indikinin arasında çox fərq var. O biri köhnə idi, toz-torpaq idi, nəmişlik idi, amma təzə məktəbimiz çox gözəldir. İndi hər cür şərait var. Düzdür, oxuyan adam üçün şəraitin heç bir fərqi yoxdur, istər təzə məktəb olsun, istərsə təzə. Biz elə köhnə məktəbə də lap qarda-qiyamətdə gedib-gəlirdik. Amma hər halda indi daha yaxşıdır".

Məsələ ondadır ki, kənddə yeni modul tipli məktəb inşa edilib. Cəmi 9 şagirdin təhsil aldığı və 7 müəllimin dərs dediyi Yenikənd kənd ümumi orta məktəbinin indi yeni binası var. Binada 4 sinif otağı, 1 müəllimlər otağı və sanitar qovşağı yerləşir. Su və kanalizasiya anbarları tikilir. Burada avtonom rejimli istilik sistemi, eləcə də daxili videomüşahidə sistemi də qurulacaq.

İndi məktəbin direktoru Gülağa Abbasovun sevinci yer-göyə sığmır: "Biz uzun müddət köhnə, uçuq bir məktəbdə işləmişik. Amma çox şükür ki, artıq kənddə çox gözəl modul tipli məktəb inşa edilib. Bizim də üzərimizə düşən odur ki, gözəl tədris edək, uşaqların təhsili, təlim-tərbiyəsi yerində olsun. Belə ucqar kənddə, çətin relyefdə bizə belə gözəl məktəbin tikilməsində əməyi olan hər kəsə öz təşəkkürümü bildiririk! Hələlik şagirdlərin sayı çox azdır, amma getdikcə təsərrüfatla məşğul olan cavan ailələr kəndə qayıdır. Ona görə də gələcəkdə burada təhsil alan uşaqların da sayı artacaq".

Müəllimlər də yeni şəraitdən razılıq edirlər. Ədəbiyyat müəllimi Nazilə Abbasova: "Baxmayaraq ki, uzun illər şəraitsiz yerdə işləmişik, amma peşəmizə həmişə vicdanla yanaşmışıq. Bir neçə gündür təzə məktəbə köçmüşük. Çox sağ olsunlar ki, bizə belə şərait yaradıblar. İndi daha yaxşıdır. Biz də çalışacağıq ki, Azərbaycana layiqli övladlar tərbiyə edək, təhsilli vətəndaşlar yetişdirək".

Yenikəndlilər isə hesab edir ki, təzə məktəbin tikilməsi nəinki kənddən köçün qarşısını alacaq. Kənd sakini Rüstəm Abbasovun fikrincə isə hətta gedənlər də qayıdacaq: "Yeni məktəbin tikilməsi həm uşaqlar üçün yaxşı oldu, həm də biz rahat olduq. Mənim öz övladım da burada oxuyur. Köhnə ilə yeni məktəbin arasında yerlə göy qədər fərq var. Uşaq əvvəl gəlirdi, narazılıq edirdi. Məktəbin nə döşəməsi vardı, nə istiliyi. Toz-torpağın içində idi. İndi isə hər şey gözəldir. Cavanların çoxu kənddən məktəbə görə getmişdi. Məncə bundan sonra onlar da kəndə qayıdarlar".

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Azərbaycanda çoxlu belə məktəblər tikiləcək: "Bu, Azərbaycanda ilk modul tipli məktəblərdən biridir. Kənddə əhali azdır, məktəbin də cəmi 9 şagirdi var. Ona görə də belə modul tipli məktəb tikilib. Ötən ilin oktyabr ayında regionların sosial-iqtisadi inkişafına dair müşavirədə Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına əsasən ölkədə 232  modul tipli məktəbin quraşdırılması planlaşdırılıb. İlk pilot layihə çərçivəsində artıq 3 məktəb təhvil verilib. Yenikənddə tikilən bu məktəb də burada gözlənilən təhsil mühitinin yaradılmasına xidmət edəcək. Bundan başqa İsmayıllının digər 2 dağlıq kəndində də belə məktəblər inşa ediləcək".

Nazirliyin Tikinti-təchizat İdarəsinin rəis müavini Fərhan Əliyevinn sözlərinə görə, mobul tipli məktəblərinin inşasına başlanmasının digər üstünüyü də var: "Məktəblərin tikintisinə yerli mühəndislər və işçi qüvvəsi cəlb olunur. Hər məktəbin tikintisində təxminən 20 nəfər çalışır. Bu isə öz növbəsində regionlarda yeni iş yerlərinin açılmasına təkan verir. Məktəblərə çəkilən xərc onların nisbətən böyük və kiçikliyindən, eləcə də yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Yalnız FHN-dən sertifikat almış materiallardan istifadə olunur. Yəni həmin materiallar tam yararlı və təhlükəsiz hesab olunur. Məktəblərdə həm yanğından mühafizə, həm də daxili video müşahidə sistemləri qurulur".

Belə təhsil obyektlərindən digəri Göyçay rayonu Hacağabəyli kəndində inşa edilib. Sadəcə buradakı təhsil ocağı məktəb yox, sinif kompleksi statusundadır. Sinif kompleksi qonşuluqdakı Yeniarx kənd orta məktəbinə tabedir. Kompleksdə 4 sinif, 1 müəllimlər otağı və sanitar qovşağı, istilik və kanalizasiya, eləcə də daxili videomüşahidə sistemi, həyətində isə idman meydançası var. Hazırda 4 müəllimin dərs dediyi sinif kompleksində 16 şagird təhsil alır. Təhsil ocağının sinif kompeksi olmasının səbəbi isə odur ki, kənddə cəmi 250-yə yaxın adam yaşayır. Uşaqlar 4-cü sinifə kimi burada oxuyub sonra təhsillərini təxminən 3 km məsafədə yerləşən Yeniarx kənd orta məktəbində davam etdirirlər.

Kompleksin direktoru Ayaz Babayev deyir ki, şəraitin dəyişməsi təhsilin səviyyəsinə də təsir edəcək: "Əvvəllər burada köhnə birotaqlı tikili vardı. Uşaqları ora yığıb dərs deyirdik. Şagirdlər 4-cü sinfə qədər orda təhsil alırdılar. Düzünü desəm, bugünədək şərait imkan vermədiyi üçün təhsilin səviyyəsi çox yüksək olmayıb. Bundan sonra ümid edirik ki, vəziyyət kökündən dəyişəcək".

Təbii ki, bu yeniliyə ən çox sevinənlər şagirdlərdir. Böyüyəndə polis olmaq istəyən 3-cü sinif şagirdi İsmayıl Eminov deyir ki, indi onlar üçün daha yaxşıdır: "Əvvəlki otaq qaranlıq idi, toz-torpaq idi. İndi qəşəngdir. Həm də istidir. mənim çox xoşuma gəlir". 

İbtidai metodika müəllimi Həmidova Nəzakətin sözlərinə görə, onlar yaradılmış şəraitdən razıdırlar: "Bundan əvvəlki məktəbdə 20 ildən çox işləmişəm. Orda vəziyyət çox pis idi. Amma indi çox yaxşı və rahatlıqdır".

Valideynlərdən Gülnarə Zahidova isə deyir ki, vəziyyətin yaxşılığa doğru dəyişməsi onların narahatlığına son qoyub: "İllər boyu uşaqlarımız məktəb sarıdan çox çətinlik çəkirdilər, dərslər yarımuçuq binada keçirilirdi. Mənim uşağın da 3-cü sinifdə oxuyur. Əvvəl şəraitə görə narahatçılığımız var idi. İndi bir aya yaxındır ki, mobul tipli bina quraşdırılıb balarımızın öhdəsinə verilib. Bu biz valideynlər üçün sanki bayram oldu. Bu bayramı bizə bəxş edənlərə minnətdarıq".

Təhsil Nazirliyinin nümayəndəsi Cəsarət Valehovun sözlərinə görə, cari ilin sonuna qədər 100 belə məktəb təhvil veriləcək: "Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. May ayının sonunadək daha 19 məktəbin  quraşdırılması nəzərdə tutulub. Qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblər də quraşdırılacaq. Bu cür məktəblərin yaradılmasının üstünlüyü ondadır ki, onlar azməsrəflidir, yerli materiallardan istifadə olunur, istənilən relyefə uyğun qısa müddət ərzində quraşdırıla bilir, asan daşınır, sinif otaqlarının sayını şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldıb-artırmaq olur. Həmçinin bu cür məktəblərin istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur".

İsmayıllı-Göyçay

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR