Azərbaycan və Xorvatiya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib
17:27 27 Aprel 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan və Xorvatiya arasında Xarici İşlər nazirlikləriarası siyasi məsləhətləşmələr keçirilib. 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Xorvatiyanı isə xarici və Avropa işləri nazirinin müavini Qordan Bakota təmsil edib.
Görüşdə X.Xələfov iki ölkə arasındakı siyasi dialoqun yüksələn xətt üzrə inkişaf etdiyini və bu prosesdə dövlət başçılarının səfər və görüşlərinin əhəmiyyətli rol oynadığını qeyd edib. O, Azərbaycanın Xorvatiya ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və bu xüsusda, hökumətlərarası iqtisadi komissiyanın vacib mexanizm kimi iqtisadi-ticarət əlaqələrin daha da inkişaf etdirilməsinə töhvə verəcəyinə ümidvar olduğunu əlavə edib.
X.Xələfov Xorvatiya ilə potensial vəd edən əməkdaşlıq sahələri qismində gəmiqayırma, maşınqayırma, sənaye, kənd-təsərrüfatı, nəqliyyat və tranzit, həmçinin turizm sahələrini qeyd edib və xüsusilə energetika sahəsində əməkdaşlığın qarşılıqlı faydalı ola biləcəyini deyib. 
Daha sonra X.Xələfov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri qovşağında yerləşən Azərbaycanın nəqliyyat və tranzit sahələrində əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Bu xüsusda, Xorvatiyanın Avropa qitəsinin nəqliyyat sistemində əhəmiyyətli yer tutduğunu və bu dəhlizlərin Avropa nəqliyyat sisteminə qoşulmasının çox mühüm qlobal iqtisadi inkişafa yol aça biləcəyini vurğulayıb. 
Q.Bakota müntəzəm əsasda siyasi dialoqun davam etdirilməsinin məhsuldar fikir mübadiləsi və müzakirələr üçün önəmli olduğunu bildirib və yüksək səviyyədə olan siyasi dialoqdan faydalanaraq, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üzrə birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd edib. 2016-cı ilin oktyabrında Xorvatiya prezidenti Kolinda Qrabar Kitaroviçin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin strateji səviyyəyə yüksəlməsində rolundan bəhs edən Q.Bakota bu ilin iyunun 7-də keçiriləcək hökumətlərarası komissiyanın iclasının qarşılıqlı faydalı ola biləcəyini vurğulayıb. 
Q.Bakota Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq Anlaşması üzrə danışıqlar prosesinin başlanmasını təqdirəlayiq hal kimi qiymətləndirərək, bu prosesdə Xorvatiya hökumətinin dəstəyini diqqətə çatdırıb.
X.Xələfov regionda sülh və sabitliyə real təhlükə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışaraq, danışıqlar prosesinin hazırkı vəziyyətinin Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərdiyini bildirib. X.Xələfov Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyərək, Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət, o cümlədən demoqrafik vəziyyəti dəyişmək yolu ilə status-kvonu möhkəmləndirməyə çalışdığını əlavə edib.
Q.Bakota Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-xorvatiya-arasinda-xi-n-lerarasi-siyasi-meslehetlesmeler-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR