Kərpic-kərpic tikilən Cocuq Mərcanlı - REPORTAJ

Kərpic-kərpic tikilən Cocuq Mərcanlı - REPORTAJ
17:44 27 Aprel 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

Ermənilərin xarabalığa çevirdiyi bir kənd idi Cocuq Mərcanlı. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən kənd Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı erməni işğalından azad olunmuşdu. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan, Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
 
Araz çayının sahilində yerləşən qədim Cocuq Mərcanlı kəndi erməni işğalı altında olduğu dörd ay müddətində kənd bütünlüklə yandırılmışdı. 24 ildən sonra isə kərpic-kərpic tikilir. Tikinti prosesinə 400 nəfərədək işçi cəlb olunub.
 
İçməli suyun təminatı üçün bütün həyətlərə yeraltı su xətti çəkilib, yeni artezian quyusu qazılıb. Elektrik yarımstansiyasının tikintisi artıq başa çatmaq üzrədir. 2400 metr qaz kəməri çəkilib, qəsəbədaxili qaz xətlərinin quraşdırılmasına başlanıb. Hazırda rabitəçilər 10 kilometrlik məsafədən optik kabellə rabitə xəttinin xəritəsini müəyyən etməyə çalışırlar. Bütün evlərə ən yüksək sürətli internet xətti veriləcək.
 
Cocuq Mərcanlıda məscidin tikintisi də davam edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa olunan dini məbəd Şuşa məscidinin eynisi olacaq. Bununla yanaşı, birinci mərhələdə planlaşdırılan 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisində son tamamlama işləri görülür. Burada hər kəs  işlərin vaxtında təhvil verilməsi üçün var gücü ilə işləyir.
 
Cocuq Mərcanlı aprel döyüşlərində Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımıza açdığı zəfər qapısıdır. Kəndin yenidən sürətlə və bütün infrastrukturu ilə birgə qurulması isə güclü Azərbaycan iqtisadiyyatının ən real görüntüsüdür. Artıq bu cəbhə kəndində həyatın yenidən normal axara qayıtması və Cocuq Mərcanlı sakinlərinin köçkünlük həyatına son verib ata-baba yurdlarına dönməsi üçün əlverişli şərait yaranıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273248

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR