Minləri xilas edən ideya, SSRİ-də ilk mükafat – 62 İLLİK ÖMRÜN AKKORDLARI

Minləri xilas edən ideya, SSRİ-də ilk mükafat – 62 İLLİK ÖMRÜN AKKORDLARI
17:59 27 Aprel 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

 

Onu Moskvada böyük sevgiylə xatırlayırlar. İstər Həkimləri Təkmilləşdirmə İnstitutunda, istərsə də vaxtıyla redaksiya heyətinin üzvü olduğu “Vestnik oftalmologii” jurnalında. Sovet oftalmologiyasının görkəmli nümayəndəsi kimi. Əslində, bu da təsadüfi deyil. Ən azı bu fakta görə. O, SSRİ-də akademik Averbax adına mükafatı alan ilk qadın oftalmoloq olub. Və sovet oftalmologiyasının az qala atası sayılan Mixail İosifoviç Averbaxın adına olan bu mükafat indi demək olar ki, hər il təqdim olunur. Amma sovetlər dönəmində nadir hallarda sahibini taparmış.

 

SSRİ-nin tanınmış oftalmoloqu, professor Apollon Nikolayeviç Dobromıslov deontologiyaya həsr olunmuş qiymətli elmi əsərinin sonunda ürək yanğısı ilə Hippokrat andının sonuncu cümləsinə istinad edir: ““Bütün ömrüm boyu bu həkim andına sadiq qalacağam!”. O, ömrü boyu həkim andına sadiq qaldığını sübut etdi”.

 

Söhbət oftalmologiya üzrə dünya şöhrətli alim, akademik Zərifə xanım Əliyevadan gedir. O Zərifə xanımdan ki, bəlkə də az adamın xəbəri var: Məhz onun 50-ci illərdə başladığı elmi eksperimentlər nəticəsində, Azərbaycanda traxoma kimi bəlanın qarşısını alındı. Məhz onun Azərbaycan sənaye müəssisələrində göz xəstəliklərinin qarşısını almaq üçün apardığı tədqiqatlar sonradan bütün SSRİ oftalmoloqları tərəfindən qəbul edildi. Və daha bir maraqlı fakt. Məhz onun Daşkənddəki beynəlxalq forumda etdiyi məruzədən sonra YUNESKO çoxdan yaddan çıxmış “həkim etikası” anlayışıyla məşğul olmağa başladı. Biz Daşkənd forumuna, Zərifə xanımın elmi nailiyyətlərinə qayıdacağıq. Hələliksə tanımış oftalmoloq Paşa müəllimdən, Paşa Qəlbinurdan kömək istəyirik.

 

- Moskvada, “Frunze” metrostansiyasının yaxınlığında Bolşaya Piroqovskaya küçəsində yerləşir, həkimləri təkmilləşdirmə institutunun oftalmologiya kafedrası. Bundan başqa,  “Vestnik oftalmologii” jurnalına da baş çək. Onun çox böyük əməyi olub o vaxt o jurnalda...

 

Yeri gəlmişkən, sıradan bir jurnal deyib də keçməyin. Dünyanın oftalmologiya sahəsində ən tanımış nəşrlərindən sayılır. Sevindirici hal odur ki, Zərifə xanımdan sonra indi də jurnalın redaksiya heyətində bir azərbaycanlı təmsil olunur: Çingiz Cərullazadə.

 

Zaman - keçən əsrin 50-ci illəri.

Məkan - sovet Azərbaycanı.

 

SSRİ ikinci dünya savaşından yeni çıxmışdı. O vaxtlar İttifaqın hər yerində olduğu kimi, Azərbaycanda da traxoma xəstəliyi geniş yayılmışdı. 50-ci illərdə, ümumiyyətlə, bütün dünyada bəlaya çevrilmişdi bu xəstəlik. Təsəvvür edin, dünyada yarım milyarda yaxın insan traxomadan əziyyət çəkirdi. 80 milyon insan isə kor olmuşdu bu bəladan. SSRİ, onun əyaləti olan Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı minlərlə idi. Məhz bu zaman gənc alim Zərifə Əliyeva xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər planı hazırlayır. O zaman bu infeksiya və onun ağır nəticələri ilə səmərəli mübarizə üsulları hələ aşkar edilməmişdi. Bu xəstəliklə mübarizə isə nəinki oftalmologiya elmi üçün, həm də bütövlükdə Azərbaycan üçün böyük problemə çevrilmişdi. Gənc Zərifə traxoma ilə əlaqədar real vəziyyəti öyrənmək üçün bütün respublikanı kəndbəkənd gəzir. Traxomanın müalicəsində istifadə edilən mövcud müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiklərindən hesab olunan sintomisindən istifadə etməklə yeni müalicə üsulu tətbiq edir. Məhz bu elmi kəşfdən sonra traxomanın yayılmasının qarşısı alınır. Məhz bu gərgin əməkdən sonra o, elə traxoma mövzusunda ilk elmi işini yazır. 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda  namizədlik dissertasiyasını müdafiə edir, tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülür.

 

O, ikinci elmi işini, doktorluq dissertasiyasını isə Moskvada müdafiə edəcəkdi. Və yenə də Azərbaycanla bağlı olacaqdı bu iş. 1976-cı il may ayının 27-də M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görüləcəkdi.

 

Keçmiş SSRİ-nin məşhur oftalmoloqları qarşısında. Sonradan SSRİ-nin o vaxtkı səhiyyə naziri xatırlayacaqdı:

 

“Zərifə Əliyeva özünü tibbi tədqiqatların istedadlı təşkilatçısı, sənaye oftalmologiyası sahəsində görmə orqanının peşə patologiyası məsələləri üzrə böyük mütəxəssis, dərin klinik təfəkkürə və zəngin pedaqoji təcrübəyə malik alim kimi göstərdi. O, ölkədə ilk dəfə olaraq sənaye istehsalının müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparır”.

 

Hə, bu bir ilk idi SSRİ üçün.

 

Sonradan elə sənaye oftalmologiyası üzrə yazdığı əsərlər onun yuxarıda adını çəkdiyimiz Averbax adına mükafatı qazandırmışdı.

 

Professor, akademik Filatov adına mükafatın sahibi Viktoriya Şmelyovanın xatirələrindən:

 

“Bir insan kimi ötəri olaraq onun elm fəaliyyəti ilə kifayətlənmək mümkün deyil. O, hər şeydə istedadlı idi. Zərifə Əziz qızı zəngin elmi irs qoyub getdi.  “Şin istehsalında gözün patologiyası” monoqrafiyasına görə isə Zərifə xanım Tibb Elmləri Akademiyasının akademik Averbax adın mükafatına layiq görüldü”.

 

Zərifə Əliyevanın pedaqoji ustalığının zirvəsi isə onun iştirakı ilə 1985-ci ildə “Meditsina” nəşriyyatı tərəfindən 40 çap vərəqi həcmində buraxılan “Terapevtik oftalmologiya” kitabıdır. Burada dünya oftalmoloji təcrübənin yenilikləri öz əksini tapmışdı.

 

Professor Nina Borisovna Şulpinanın xatirələrindən:

 

“Həmin nadir nəşr Moskvada, Azərbaycanda, Novokuznetskdə və Xarkovda oftalmologiyada terapevtik problemləri araşdıran Həkimləri Təkmilləşdirmə İnstitutlarının professor-müəllim heyətinin birgə gərgin zəhmətinin məhsulu idi. O, eyni zamanda “Yaşla əlaqədar olaraq gözün və görmə-əsəb yollarının dəyişikliyi” adlı monoqrafiyası ilə də oftalmologiya elminə böyük töhfə verib”.

 

1982-ci ildən isə Zərifə xanım artıq Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışırdı. Bir il sonra isə o, yenə bir ilkə imza atacaqdı.

 

Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçiləcəkdi. Və Zərifə xanım Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloq olacaqdı.

 

Professor, Zinaida Mixaylovna Skripniçenko:

 

“Professor Əliyevanın elmi fəaliyyəti tibb elminin əməli işlə necə sıx şəkildə bağlılığına parlaq nümunədir. Zərifə Əziz qızı respublikanın tibbi ehtiyaclarını diqqətlə öyrənirdi. Məsələn, Bakıda yod sənayesi sürətlə inkişaf edirdi. Odur ki, həmin sahədə çalışanların görmə orqanına yod istehsalı şəraitinin toksik təsirinin aşkarlanması üçün aparılan tədqiqatlar daha çox əməli əhəmiyyət daşıyırdı. Klinik-eksperimental tədqiqatların nəticələri görmə orqanına toksik maddələrin təsirini daha düzgün qiymətləndirməyə və rasional müalicə üsulları işləyib hazırlamağa imkan yaratdı. Odur ki, Z.Ə.Əliyevanın “Xronik yod intoksiyasında oftalmopatologiya” mövzusunda yazdığı ikinci monoqrafiya 1981-ci ildə işıq üzü gördü. Həmin monoqrafiya orijinal elmi tədqiqat əsəridir və mühüm əməli əhəmiyyət kəsb edir”.

 

Sabah oxuyacaqsınız:

 

 

“Mən onun ifasında həm klassik, həm də populyar musiqini böyük zövqlə dinləmişəm”

 

“Təmənnasız xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi”

 

“Həyatda mənim bəxtim gətirib, tale məni qeyri-adi bir insanla ünsiyyətdə olmaq imkanı verib”

 

“Əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi...”

 

(Yazının hazırlanmasında gösərdiyi dəstəyə görə Nəsrəddin Tusi adına klinikaya minnətdarıq)


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR