Yazıb oxumağı bacarmayanlar 11-ci sinfə necə keçib? - DEPUTAT DANIŞIR

Yazıb oxumağı bacarmayanlar 11-ci sinfə necə keçib? - DEPUTAT DANIŞIR
18:09 27 Aprel 2017
181 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci sayında dərc olunan statistika ictimai müzakirələrə səbəb olub. Rəqəmlərdən ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9 və 11-ci siniflər üzrə bəzi şagirdlərin yazıb-oxuma bacarığının olmaması məlum olub. Bundan başqa, 2005-ci ildə I sinfə daxil olan 123 935 nəfər şagirdin 70 faizinin tam orta təhsil səviyyəsini, 22 faizinin isə ümumi orta təhsil səviyyəsini başa vurduğu məlum olub.
 
Dövlət İmtahan Mərkəzi bildirib ki, 2005-ci ildə I sinfə qəbul olan 123 935 şagirdin 62 faizi əmək bazarına heç bir peşə və ixtisas üzrə təhsil almadan çıxacaq.
 
Məsələyə münasibət bildirən təhsil eksperti Əjdər Ağayev deyib ki, bu çox ciddi siqnal və faciəvi haldır. Onun fikrincə, ümumtəhsil məktəblərində monitorinq keçirilməli, oxuyub yaza bilməyən şagirdi sinifdən-sinfə keçirənlər məsuliyyətə cəlb olunmalıdır: "Bu cinayətdir. Bu fakt ciddi araşdırılmalıdır. Bu fakta imkan şərait yaradan konkret ümumtəhsil məktəbi, ora nəzarət edən rayon təhsil şöbəsi və nəhayət, bu faktı respublika səviyyəsinə gəlib çatdırmağa imkan verənlər bu barədə öz sözlərini deməlidirlər. Niyə bu qədər saxtakarlığa yol verilir?"
 
Təhsil eksperti deyir ki, hər il oxşar hadisələr barədə məlumatlar yayılır və söz olaraq da qalır, ciddi araşdırılmır: "Ali məktəblərdə İctimai Nəzarət Şurası var, ümumtəhsil məktəblərində bu yoxdur.  Bu ictimai nəzarət şuralarına könüllülərdən, xalq içərisindən seçilmiş nəzarətçilər lazımdır. Düşünüb bir qurum yaratmaq, bir ciddi tədbir görmək lazımdır".
 
Digər məsələyə münasibət bildirən təhsil eksperti deyib ki, ölkədə icbari təhsil hələ də qüvvədədir. Onun sözlərinə görə, təhsildən yayınma halları müəyyən sosial ehtiyaclardan və digər bu kimi səbəblərdən yaranır: "Müəyyən ticarət işlərinə qoşulmaqdan yaranan fəaliyyətlər uşaqları məktəblərdən yayındırır. Bəzi regionlarda uzaq kəndlərdə sahibkar təsərrüfatla, heyvandarlıqla məşğuldur, uşağının az-çox əlifba bilməsindən kifayətlənir və uşağını ora cəlb edir. Hansı ölkədəsə, hansı bazardasa alver eləyir, öz yeniyetmə uşağını aparır yanına, beləliklə də təhsildən yayınır. Bu məsələ də ciddi araşdırılmalıdır".
 
Milli Məclisin Təhsil komitəsinin üzvü, deputat Sona Əliyeva isə bildirib ki, burada günahkar həm də valideynlərdir: "Burada bilavasitə günahkar, məsuliyyəti öz üzərində dərk etməli olan ən birinci növbədə valideynlərdir, həmin şagirdlərin təhsil aldığı ümumtəhsil müəssisələridir. Hər halda, həmin ümumtəhsil müəssisələrində nəzarət zəifdir. Uşaqlar necə ola bilər ki, imtahanlardan keçə-keçə gəlib, bu sinifləri keçə biliblər. Deməli, burada formallığa, məsuliyyətsizliyə yol verilib. Bununla bağlı Təhsil Nazirliyi ölçü götürməlidir".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR