Əbülfəs Qarayev: "Turizm haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq"

Əbülfəs Qarayev: "Turizm haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq"
19:12 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Lənkəran şəhərində “Azərbaycanda çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının müzakirə edilməsi məqsədi ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə görüş keçirilib.
Mədəniyyət və Turizm nazirliyindən "Report"a verilən xəbərə görə, görüşdə Lənkəran, Masallı, Neftçala və Astaranın icra hakimiyyəti başçıları, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri iştirak edib.
Görüşdə çıxış edən Ə.Qarayev bildirib ki, “Turizm haqqında” yeni qanun layihəsi Milli Məclisin gündəliyindədir və mayın 2-də müzakirə olunacaq. Onun sözlərinə görə, qanunun qəbul olunması bu sahənin gələcək inkişafına təsirini göstərəcək: "Azərbaycanda, digər turizm növləri kimi, çimərlik turizminin inkişafı üçün də böyük potensial var. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadənin təmin edilməsi məqsədi ilə qəbul olunan sənəddə çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühitin mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər əksini tapıb".
Qeyd edək ki, çimərlik turizmi ilə bağlı müvafiq standartın hazırlanaraq təsdiq olunmaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilib. Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırılır.





Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/ebulfes-qarayev-turizm-haqqinda-yeni-qanun-layihesi-milli-meclisde-muzakire-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR