Zakir Həsənov Türkiyə Jandarma Baş komandanı ilə görüşüb

Aprelin 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarma Baş komandanı, ordu generalı Yaşar Gürelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrimizin davamlı olduğunu vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə ciddi təhdiddir. Bu problemin tezliklə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həlli vacibdir.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən ordu generalı Y.Gürel dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR