Komitə rəsmisi: "Dünyada uzun illərdir məqsədyönlü şəkildə islamofobiya hökm sürür"

Komitə rəsmisi: "Dünyada uzun illərdir məqsədyönlü şəkildə islamofobiya hökm sürür"
20:02 27 Aprel 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində konfrans keçirilib.
DQİDK-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, AR Prezidenti yanında Bilik fondunun sektor müdiri Hacı Abdulla, kollecin direktoru Balamirzə Məmmədov, Şirvan şəhər Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, eləcə də kollecin müəllim-tələbə heyəti iştirak ediblər.
Gündüz İsmayılov çıxışında bildirib ki, regionlarda keçirilən bu konfransların məqsədi Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi, bu meyillərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, bu sahədəki kompleks tədbirlərin effektinin daha da artırılmasıdır. Sədr müavini dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, ənənəvi İslam anlayışının mahiyyətindən danışıb.
"İslam Həmrəyliyi İli" elan olunmasının önəmindən danışan Gündüz İsmayılov bu təşəbbüsün İslam dünyasına, eləcə də dünyaya mesaj xarakteri daşıdığını bildirib. O deyib ki, dünyada uzun illərdir məqsədyönlü şəkildə islamofobiya hökm sürür, İslam ölkələrinin əleyhinə kampaniya aparılır. 
Sonra çıxış edən Hacı Abdulla bildirib ki, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği, həmçinin dini radikallığın, onu törədən səbəblərin aradan qaldırılması sahəsində ölkəmizdə aparılan genişmiqyaslı işlər, həyata keçirilən tədbirlər də müsbət nəticəsini verir.






Xəbərin orijinal ünvanı: https://report.az/din/komite-resmisi-dunyada-uzun-illerdir-meqsedyonlu-sekilde-islamofobiya-hokm-surur-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR