Bu ilin I rübündə istehlakçılara 57 mln. kubmetr həcmində su verilib

Bu ilin I rübündə istehlakçılara 57 mln. kubmetr həcmində su verilib
20:27 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ “Azərsu” ASC-də bu ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
"Azərsu"nun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, iclasda çıxış edən ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib.
Onun sözlərinə görə, bu ilin birinci rübündə Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatıb və dövlət başçısının iştirakı ilə açılış mərasimi keçirilib. Eyni zamanda dövlər başçısının sərəncama əsasən, 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemlərinin qurulması üçün “Azərsu”ya 14 mln. manat ayrılıb. Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 2300 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələrinin icrasına başlanılıb.
Q.Hüseynov deyib ki, 2017-ci ilin yanvar-mart aylarında istehlakçılara 57 mln. kubmetr həcmində su verilib: "Bununla belə, 41 mln. kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 38,4 km içməli su, 71 km kanalizasiya xətləri çəkilib, 3 su anbarı tikilib, 6 ədəd subartezian quyusu qazılıb. Görülən işlər nəticəsində 70 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 69 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Beləliklə, fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 65,9%, Bakı şəhəri üzrə isə 80,8% təşkil edib."
ASC sədri iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr, iqtisadi səmərəliliyin artırılması, abunəçilərlə işin təkmilləşdirilməsi, sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verib: "Bakıda IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları ilə əlaqədar ölkəmizə xaricdən xeyli sayda idmançı və turistin gələcəyi nəzərə alınaraq idman yarışlarının keçiriləcəyi yerlərdə, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunması diqqətdə saxlanılacaq".





Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bu-ilin-i-rubunde-istehlakcilara-57-mln-kubmetr-hecminde-su-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR