Piylənmə böyrək xərçənginə səbəb ola bilər

23:12 27 Aprel 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

"The Guardian" yazır ki, nüfuzlu xeyriyyə fondlarından birinin apardığı araşdırma Britaniyada piylənmənin böyrək xərçənginin əsas səbəbkarlarından biri olduğunu aşkar edib.

Hesabatda deyilir ki, piylənmə Birləşmiş Krallıqda son 10 ildə əlavə olaraq 20 min nəfərdə böyrək xərçənginin yaranmasına səbəb olub.
Birləşmiş Krallığın Cancer Research fondu bildirir ki, böyrək xərçəngi halları son onillikdə 40 faiz artıb.
 
Piylənmə və artıq çəki bütün böyrək xərçəngi hallarının 25 faizinə baiskar sayılır. Daha bir 25 faiz də siqaret çəkmək vərdişi ilə bağlıdır. Lakin siqaret çəkənlərin sayı azalsa da, piylənməyə məruz qalanların sayı artmaqda davam edir.
 
Fond bildirir ki, 2035-ci ilədək böyrək xərçəngi, xərçəng xəstəlikləri arasında ən sürətlə artanı olacaq.
 
Böyrək xərçəngi yaranmağa başladığı dəqiqədən növbəti on il ərzində insanı öldürə bilir. Bu xəstəlik 50 yaşdan cavan olanlarda nadir sayılır və vaxtında diaqnoz qoyularsa, müalicəsi cərrahiyyə yolu ilə mümkündür.
 
Lakin bəla da burasındadır ki, böyrək xərçənginin ilkin simptomları olmur və o aşkar ediləndə adətən iş-işdən keçir.
 
Britaniyada hər il 11900 böyrək xərçəngi diaqnozu qoyulur və bu xəstəlikdən hər il 4300 nəfər vəfat edir. Kişilər böyrək xərçənginə qadınlardan az qala iki dəfə çox tutulurlar.
 
Səhiyyə kampaniyaçıları narahatdırlar ki, adamların əksəriyyəti böyrək xərçəngi ilə piylənmə arasındakı əlaqə barədə heç nə bilmir.
 
Məqalədə deyilir ki, böyrək xərçənginin ilk simptomları, əgər belə simptomlar ümumiyyətlə varsa, sidikdə qan, qabırğaların aşağısında aramsız ağrı və bədənin yan tərəfinin şişməsidir. Böyrək xərçəngi diaqnozu bir çox hallarda başqa səbəblərlə götürülən sidik analizləri zamanı qoyulur.
 
Dünya Xərçəng Araşdırmaları Fondundan Sarah Toule deyir ki, adamların sağlam çəkiyə malik olması hər il 25 min yeni xərçəng halının qarşısını ala bilərdi.
 
Xanım Toule deyir ki, sağlam çəkini saxlamaq sadədən də sadədir. Bunun üçün istehlak edilən kaloriləri azaltmaq və hər gün azı 30 dəqiqə idman etmək lazımdır

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR