​Media adamı

Kütləvi informasiya qəbulu kor-koranə gedən proses kimi dəyərləndirilməlidir. Yəni onun izahına proses olaraq yanaşılması daha düzgün olardı. “Qavrama kütləvi həzz prosesi kimi özünü təzahür etdirir” fikrini bir az da dərinləşdirsək, informasiya ötürülməsi işində əsas manipulyativ alətin məhz bu həzzin yaradılması olduğunu görərik. Bununla da, ucqar bölgədə çağdaş əyləncə formalarından kənarda qalan insan bu kütləvi həzzin əsas istehlakçısı olur. Bu həzz təkcə əyləncəli proqramların baxışı zamanı özünü təzahür elətdirmir. Həmçinin dramatik serial baxışı zamanı da seyrçi həzz alır. Eynilik təşkil edən, oxşar problemlə üz-üzə qalan, yaxud daha şiddətli durumda olan obrazı ekranda görəndə, fərd özünün indiki durumundan razı qalır və başqasının dərdinə tamaşa etməkdən ekstaza gəlir. Hətta ekran qarşısında göz yaşı axıdaraq emosiyasını ifadə etsə də, mahiyyət dəyişmir. Çünki bu əslində latent həzzin ifadəsidir. Yəni gördüyü mənzərəyə acısa da, özünün bu cür olmamasından ləzzət alır. Acıma, dərdinə şərik olma seyrçinin prinsipial istəyi deyil, əsas istək “mən ondan yaxşıyam” təskinliyini ifadə etməkdir. Bu baxımdan sosial və ya ailə məişət problemləri ilə üzləşən insanların qəhrəman kimi ekrana gəlməsi sadə tamaşaçıda böyük maraq yaradır. Belə baxış marağında başlanğıc insan istəkləri də özünə yer alır ki, bu da öz-özlüyündə həzzin yaranmasını təmin edir.

Kütləvi mədəniyyət və onun kulturoloji-sosial mahiyyəti fərdlərə deyil, ümumiləşmiş tiplərə xitabı əsas götürür. Bu tiplərin özünü də elə kütləvi mədəniyyət yaradıb, onun bütün cizgilərini, fəaliyyət istiqamətlərini, yaşam tərzini öncədən cızıb və təqdim edib. Öz yaratdığı fərdlər-tiplər indi onun sadiq istehlakçısına - qurulan tamaşalarının müti seyrçisinə çevrilib. Bu tip seyrçi istənilən təqdim olunan və sosial mənafe kodlarını qıcıqlandıra biləcək materialı gözüyumulu qəbul, intellekt və ya sosial mənafe kodlarına uyuşmayan müraciəti isə inkar edəcək. Anlaşılmaz situasiya, yaxud məntiqinə, alışdığı tərzə uyğun olmayan informasiya mat vəziyyəti yaradır ki, bu da fərdi həmin materialdan qaçmağa, imtinaya sövq edir. Bu imtina üsyan səviyyəsinə qədər yüksələ bilər. Bu qaçışda məqsəd ona rahat, doğma olan sosial koduna uyuşan duruma qayıdışdır. Kütləvi mədəniyyətin yaratdığı bu fərdlərin sosial ağrılı materialı seyr etməklə intim həzz alması, mədəniyyəti yayanlara da bəllidir. İstehlakçı-fərd bunun həzz olduğunu dərindən bilərək bu hissi gizlətməyə çalışır, açıq diskussiyalar zamanı bu tip materialları tənqid etməklə gizli həvəslərinin aşkar olunmasını sığortalayır.

Bəzən belə rəy yaranır ki, nəsillər haqqında təsəvvürlər artefaktdır. Təsvirlərdə verilən fərqlər isə yaş qruplarının xarakteristikasıdır. Həqiqətən də bütün tədqiqatlarda yaş və nəsil xüsusiyyətlərinin dəqiq bölgüsü verilmir. Bunun da başlıca səbəbi indiki dönəm tədqiqaqat vasitələrinin keçmişdə keçərli və ya mövcud olmaması ilə bağlıdır. İndiki dönəmdə Y-lərə aid olunan xüsusiyyətlər birbaşa nəsil xarakteri daşıyır. Amma aydındır ki, bütün xüsusiyyətlər birbaşa yaşla bağlı ola bilməz. "EkopsiKonsaltinq" şirkətinin saytında aparılan sorğunun nəticəsində sorğuda iştirak edənlərin 23% hesab edir ki, Y-nəslinə aid olunanların hamısı yaş xüsusiyyətinə görədir. 77% isə hesab edir ki, bu xüsusiyyətlər özünü ifadə edir. Bu o deməkdir ki, nəsil fərqi sərt amillərlə diktə olunmur- insanlar özləri bu fərqləri həyatlarında görmək istəyirlər.

Nəsillər arasında dəqiq sərhəd qoymaq olmaz. Biz bir neçə vərdişi əsas götürürük. Bütün dövrlərdə bəli, dəyərləri olan çoxluq var, amma hər nəsildə fərdi dəyərləri olan bir qrup da var. Elə cəhətlər var ki, bunu cinsi və ya milli dəyərlə izah etmək olar. Təsvir və mühakimə üçün hər nəslin daxilində aşağıdakı qaydada daxili yönləndirmə aparaq:

Nüvə- nəslin mərkəzi hissəsi. Nəslin nümayəndləri bu periodda doğulan əksər çoxluğu təşkil edir və nəslin başlıca cəhətləri özündə ehtiva edir.

Əsas kütləsinin nəsil cəhətlərinin qüvvətli olmasına aid olanlar, özündə nüvəni ehtiva edir.

Periferiya- nəsil periodunun qıraqları. Nəslin dövrlərinin sərhəddində toqquşur. Müəyyən nəslinə xas olan cəhətləri var, təzahürlər ayrı-ayrı nümayəndələrdə, gec və ya əksinə, tez baş verə bilər (yeni ideyalar adətən böyük şəhərlərdə, paytaxtlarda və digər mərkəzlərdə daha tez yetişir). Ona görə də periferik hissəsində əvvəlki və sonrakı nəsillər bir-birləri ilə toqquşurlar, əyalətin nümayəndələri olan "qonşu" nəsillər xüsusiyyətlərini tez-tez nümayiş etdirirlər. Bu toqquşma sosial şəbəkələrin aktiv olduğu dönəmdə özünü daha çox büruzə verir. Azərbaycan timsalında sonuncu maddə ilə bağlı belə bölgü aparaq:

1. Bakıda doğulub elita olanlar;

2. Rayondan gəlib şəhər elitası olanlar;

3. Rayonda doğulub elita ola bilməyənlər;

4. Bakıda doğulub elita ola bilməyib bölgələrə və xaricə üz tutanlar- özünə yer tapmayanlar.

Bu bölgü estetik platformanı yaratmaqla medianın işini tənzimləmiş olur.

Elçin Əlibəyli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR