Rusiyada itkin düşən azərbaycanlı qızın axtarışları davam edir - TƏFƏRRÜAT - FOTO

Rusiyada itkin düşən azərbaycanlı qızın axtarışları davam edir - TƏFƏRRÜAT - FOTO
18:14 7 Yanvar 2015
254 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva vilayətində itkin düşən 17 yaşlı azərbaycanlı məktəbli qızın axtarışları davam etdirilir. Ötən il dekabrın 26-dan itkin düşən Moskva vilayətinin Dolqoprudnıy şəhəri sakini Qumru Əhmədovadan ailəsi hələ də xəbərsizdir.

 

APA-nın Moskva müxbiri Qumru Əhmədovadan sonuncu dəfə xəbər alındığı ünvanda olub.

 

Dolqoprudnıy rayonunda yerləşən orta məktəbin 11-ci sinif şagirdi, 17 yaşlı Qumru dərs ilinin ikinci rübünün bitməsi ilə əlaqədar sinif yoldaşları ilə birlikdə bir məclisdə olub. Sinif yoldaşlarının dediyinə görə, Qumru ilk dəfə imiş ki, onlarla birgə məclisdə olurmuş. Deyilənlərə görə, valideynlərindən icazəsi ilə sinif yoldaşları ilə birgə dərs ilinin ikinci rübünün bitməsini qeyd edən Qumru sinif yoldaşıgildə olan zaman çox narahat imiş. 

 

Qumrunun atasının yaxın dostu Namus Nağıyev Qumrunun tərbiyəli və sakit qız olduğunu bildirir: "Evin tək qızı idi. Özündən balaca bir qardaşı var. Valideynlərindən icazəsiz heç bir addım atmazdı. Dekabrın 26-da anasının zəngindən sonra sinif yoldaşının yaşadığı mənzildən çıxıb. Təxminən saat 16:00 radələrində telefonda anası ilə danışıb. 16:11-də isə "Vkontakte" sosial şəbəkəsində sinif yoldaşları ilə yazışmaları olub. Sosial şəbəkədə rəfiqələri ilə yazışmaları Qumrudan gələn son siqnal olub. Bu vaxtdan sonra isə Qumrunun telefonuna zəng çatmayıb. Qumru sinif yoldaşının evindən çıxan zaman qarşıdakı marketin müşahidə kamerasına düşüb. Müşahidə kamerasındakı görüntülərdən aydın olur ki, Qumru evlərinə tərəf gedib. Həmin vaxt hava işıqlı olub. Lakin müşahidə kameraları onu avtomobil qarajlarının yanına qədər izləyə bilib. Daha sonra Qumru gözdən itib. Artıq üstündən 12 gün keçib, Qumrudan hələ də bir xəbər yoxdur. Dolqoprudnıy rayonundakı Azərbaycan diasporunun gənc fəalları, hüquq-mühafizə orqanları Qumrunun axtarışını davam etdirirlər".

 

"Qumru Mirsaleh qızı Əhmədovanın itkin düşməsi ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır. Onun evlənmək məqsədilə qaçırılması versiyası yoxlanılır. Təbii ki, biz bu versiyanın üzərində də işləyirik. Lakin istintaq sirri olduğundan, bununla bağlı ətraflı məlumat verə bilmərik". Bu açıqlamanı isə APA-nın Moskva müxbirinə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti Dolqoprudnıy Şəhər Şöbəsindən bildiriblər.

 

Qumrunun atası Mirsaleh Əhmədov isə qızının evlənmək məqsədilə kiməsə qoşulub qaçmasını və ya qaçırılmasını istisna edir. Ümidlərini kəsmədiyini söyləyən Mirsaleh Əhmədov hüquq-mühafizə orqanlarının Qumrunun axtarışında ləng fəaliyyət göstərdiyini bildirir: "Üstündən 12 gün keçib. Hələ bir xəbər yoxdur. Bilinmir ki, qızım hara gedib. Polislər də bizə heç nə demirlər".

 

Əhmədovlar ailəsinin yaxın dostları Qumrunun hara gedəcəyindən yaxın rəfiqələrinin məlumatlı ola biləcəyini qeyd edirlər. Onların sözlərinə görə, Qumrunun yaxın rəfiqələri onun hara və kiminlə qaçmasından xəbərdar olar bilərlər: "Çox güman ki, rəfiqələri hansısa məlumata malikdirlər. Polis bunun üzərində işləsə, yaxşı olar. Lakin burda bayram olduğundan, Qumrunun axtarışı fəal davam etdirilmir. Polisə də rəfiqələrinin bu barədə məlumatlı ola biləcəyini bildirmişik. Amma polisdən hələ ki, bizə bir söz deyilmir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR