"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland layiq görülüb.
AMEA İctimaiyyətlə Əlaqələr şöbəsindən
Publika.az-a verilən məlumata görə, mükafat alimə
AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati
fəaliyyətinə həsr olunmuş ümumi yığıncaqda təqdim olunub.
Professor R.Hoyland mükafata Azərbaycanın mədəni və tarixi irsinin
beynəlxalq miqyasda elmi əsaslarla öyrənilməsinə və təbliğinə
verdiyi böyük dəstəyə görə layiq görülüb. Alim 2012-ci ildən bu
istiqamətdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva
ilə elmi əməkdaşlıq edir. O, 2013-cü ildə Oksford Universitetində
yaradılan Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq
Mərkəzinin İngiltərə tərəfindən rəhbəri təyin olunub. Bundan başqa,
professor R.Hoyland İngiltərədə professor Nərgiz Paşayevanın
rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycanı və Qafqazı Öyrənən
Britaniya Fondunun həmtəsisçisidir. Alim Qafqaz Albaniyası
dövlətinin paytaxtı olmuş və Cənubi Qafqaz bölgəsində ilk müsəlman
istehkamı hesab edilən qədim Bərdə şəhərində 2014-cü ildən
arxeoloji qazıntı işlərinə rəhbərlik edir.
Qeyd edək ki, Professor R.Hoyland Şərqin tarixi və mədəniyyəti ilə
bağlı "İslam başqalarının gözü ilə" (1997), "Ərəbistan və ərəblər"
(2001), "Edessalı Teofilin salnaməsi" (2011), "Allahın izi ilə:
ərəb istilaları və ilk İslam imperiyası" (2014) kimi fundamental
elmi tədqiqatların müəllifidir. Alimin əsərləri bü gün də dünyanın
aparıcı universitetlərinin şərqsünaslıq bölmələrində İslam tarixi
və mədəniyyəti üzrə mühüm əyani tədris vəsaitləri kimi istifadə
edilir. Professor R.Hoyland Böyük Britaniyanın Sent Endrüz və
ABŞ-ın Nyu York universitetlərində də elmi tədqiqatlarını davam
etdirir.