Kazan anonsu, Ali Baş Komandanın seçimi və Lələtəpədə dalğalanan bayraq - ŞƏRH

Kazan anonsu, Ali Baş Komandanın seçimi və Lələtəpədə dalğalanan bayraq - ŞƏRH
14:34 28 Aprel 2017
67 Digər
Ölkə mətbuatı
A- A+


 

Aprel döyüşlərinin bir ili tamam oldu. Bölgədə yeni situasiya yaranmaqdadır. Sözsüz ki, yeni situasiyanın yaranması prosesində istər münaqişə tərəfləri, istərsə də maraqlı olan güc mərkəzləri öz iştiraklarını təmin etmək istəyir. Ancaq aprel döyüşləri bu prosesdə çox mühüm çərçivələri müəyyənləşdirdi.

 

Kazanda verilən anons

 

Əslində, Qarabağda qasırğa gözlənildiyi 2011-ci ildə Kazanda Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli görüşdən əvvəl bəlli oldu. Görüşdə ciddi bir sənədin imzalanacağı barədə informasiya var idi. Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Kazan danışıqları ərəfəsində Peterburqda hazırlanan sənədlə bağlı son işgüzar görüşündə vəziyyət dəyişdi. Və bunun ardınca Azərbaycan mediasına hərbi parad xəbəri ötürüldü. Sülh danışıqları gedən vaxt Azərbaycanın əzələ nümayiş etdirməsi birmənalı qarşılanmadı. Bu, aydın səmada ildırım effekti verdi. Hətta Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu parad xəbərini təkzib etdi.

 

Rəsmi Bakının bu qərarı sözsüz ki, təkcə Rusiyadan yox, həm də nizamlanmaya vasitəçilik mandatı olan ABŞ və Fransanın təmsil etdiyi Avropadan da təpki ilə qarşılandı. Qərb Azərbaycana siyasi təzyiq etmək qərarına gəldi. Müxalifətlə Avropa ölkələri və ABŞ səfirlərinin görüşü, beynəlxalq təşkilatların Azərbaycanda insan haqları ilə bağlı neqativ rəyləri və digər manevrlər rəsmi Bakını Azərbaycanın mənafeyinə zərər verəcək addımlar atmağa məcbur edə bilmədi.

 

Bəzi beynəlxalq analitiklər hesab edir ki, Ki-Uest danışıqlarından sonra münaqişənin həlli üçün Kazanda yaranan şərait ən real idi. Ancaq Azərbaycan təklif olunan bəzi müddəalarla razılaşmayıb.

 

Hətta pozulan danışıqlardan bir müddət sonra Ermənistanın xarici işlər naziri bildirdi ki, razılaşma Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü şərtlərə görə pozulub.

Amma İlham Əliyev, bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın mənafeyinə cavab verməyən razılaşmanı imzalamadı və əvəzində Ermənistana, vasitəçilərə və bütün dünyaya mesaj verdi. Hərbi paradla.

 

Bu hərbi parad əslində Azərbaycanın arsenalında olan silahların nümayişi ilə yanaşı, həm də istənilən vaxt erməni təxribatlarına cavab olaraq hərbi əməliyyatların başlaması anonsu idi. Amma təzyiqlər artsa da, erməni təxribatları çoxalsa da, cəbhə xəttində geniş miqyaslı əməliyyatlar baş vermədi.

 

Kazan görüşündən sonra Azərbaycanın verdiyi müharibə anonsuna Qərb çox ciddi yanaşdı.

 

Əsgər ölümləri ilə bağlı etirazlar günü-gündən artmaqda və Müdafiə Nazirliyi rəhbərliyinə inamsızlıq bir az da dərinləşməkdə idi.

 

Bütün bunlardan sonra Ali baş komandan öz qərarını verdi.

 

Seçim Zakir Həsənov oldu

 

İlham Əliyevin Zakir Həsənovu müdafiə naziri təyin etməsi orduda əhval ruhiyyəni tamamən dəyişdi. Aşağıdan yuxarı Silahlı Qüvvələrin bütün şəxsi heyəti bu təyinatı alqışladı.

 

Sözün bütün mənalarında Heydər Əliyev məktəbinin yetirməsi kimi Zakir Həsənov üçün mundir şərəfinin hər şeydən yüksək olması göz qabağındadır.

 

Sərhəd Qoşunlarında qüsursuz xidməti onu Daxili Qoşunların komandanı kimi mühüm bir posta gətirmişdi. Bu vəzifədə də o, özünü göstərə bilmişdi. Daxili Qoşunların ölkənin ən mükəmməl qoşun birləşməsi kimi formalaşmasında onun rolu danılmazdır. Bu vəzifədə o, həm də dövlətə və dövlətçiliyə sədaqətini də ortaya qoya bilmişdi.

 

İndi isə Silahlı Qüvvələrdə nizam-intizam yaratmaq lazım idi.

 

Zakir Həsənov bunu bacardı. Ordunun durumu artıq göz qabağındadır.

 

Aprelə qədər təxribatlar

 

Sözsüz ki, Kazanda verilən anonsun ehtiva etdiyi reallığı Azərbaycan nə vaxtsa ortaya qoymalı idi. Amma bunun üçün hərtərəfli hazırlıq lazım idi.

 

Məhz bu hazırlıq başa çatmamış baş verən bəzi təxribatlar da oldu. Amma bu təxribatlar ciddi əks həmlə ilə nəticələnmədi. 2014-cü ilin əvvəlində Tovuz istiqamətində cəbhə xəttində baş verən ciddi insidentlər. 2014-cü ilin payızında erməni helikopterlərinin təhlükəli manevrləri, onlardan birinin vurulması və sair insidentlər aprel müharibəsinə gətirib çıxartmadı.

 

Əlbəttə ki, bunun əsas səbəblərindən biri ordunun bu döyüşlərə tam hazır olmasına əminlik ola bilərdi. Amma əhəmiyyəti bundan az olmayan digər səbəblər də vardı.


Azərbaycan artıq neçə illərdir ki, mövcud status-kvonun dəyişdirilməsinin vacibliyini söyləyir, lakin bununla yanaşı sülh prosesinə də sayğı ilə yanaşır. Apreldə artıq bu limit qurtardı.

 

Azərbaycan ikinci erməni dövlətinin yaranmasının mümkünsüzlüyünü daim vurğulayır. Lakin Dağlıq Qarabağın erməni icmasının danışıqlar masasına oturdulması cəhdləri ara vermir. Və bunun üçün artıq Azərbaycana təzyiqlər də olunur. Bunu ötən il 9 ayın yekunları ilə bağlı keçirdiyi müşavirədə prezident İlham Əliyev açıq söylədi: “Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var”.

 

Həlledici an

 

Həm cəbhə xəttindəki, həm də diplomatik səngərdəki təxribatlar 2016-cı ilin aprelində cavab tədbirlərin görülməsini qaçılmaz edirdi. Artıq Ermənistandakı cəzasızlıq eyforiyasını dağıtmaq vaxtı idi.

 

Bundan başqa, aprel döyüşləri başlamazdan iki gün əvvəl ABŞ-da səfərdə olan İlham Əliyev çox mühüm görüşlər keçirmişdi. Və Azərbaycanın beynəlxalq imicinə müsbət çalarlar əlavə olunmuşdu. İstər ABŞ prezidenti Barak Obama, istərsə də digər rəsmi şəxslərlə görüşlər həm taktiki, həm də strateji baxımdan çox önəmli idi. Bu, təbii ki, Ermənistanda qısqanclıqla qarşılanırdı və cəbhə xəttində növbəti təxribat cəhdi baş verdi.

 

Artıq Azərbaycan öz sözünü deməliydi.

 

Aprel həyəcanı

 

Sözsüz ki, yuxarıda sadalanan amillərlə yanaşı ötən ilin apreli başqa bir cəhətdən də Azərbaycan üçün test oldu. İstər cəbhə xəttində bilavasitə güllə, mərmi hədəfində olan, istəsə də ölkənin digər regionlarında yaşayan vətəndaşlar hamısı irimiqyaslı döyüşlərin başlamasını alqışlayır və sona qədər davam etməsini istəyirdi. Bir sözlə, insanlar arasında ruh yüksəkliyi açıq şəkildə görünürdü.

 

Əslində bu, Azərbaycan vətəndaşının müharibə hərisliyi yox, itirilmiş torpaqların geri qaytarılması üçün mövcud şəraitdə  mümkün ola biləcək yeganə vasitə kimi güc nümayişini məqbul hesab etməsinin nəticəsi idi. Bəli, müharibə ancaq bir vasitədir, Qarabağa qayıtmaq üçün vasitə.

 

Reallaşan anonsla verilən anons

 

Beləliklə, ötən ilin aprel ayında 2011-ci ildə Kazan görüşündən sonra edilən xəbərdarlıq reallaşdı. Qısa müddətli əməliyyatlar nəticəsində mühüm strateji yüksəkliklər azad edildi. Deməli, qarşıya qoyulan vəzifə yerinə yetirildi.

 

Əslində ötən ilin aprelində Moskvada əldə olunan razılaşmadan sonra da atəşkəsin intensiv pozulması müşahidə olundu. Ələlxüsus da Silahlı Qüvvələrimizin irəlilədiyi istiqamətlərdə. Hətta  nə Azərbaycanda, nə Ermənistanda, nə də beynəlxalq müstəvidə aprelin sonlarına doğru baş verən daha ciddi və intensiv atışmalar barədə danışılmır. Çünki sonradan baş verən bu döyüşlər ermənilərin itirdikləri mövqeləri qaytarmaq cəhdi idi. Və bu cəhdlər uğursuzluqla nəticələndi. Ermənistan rəhbərliyinin erməni ordusu haqqında yaratdığı mif artıq dağılmışdı.

 

Bu reallıq isə ermənilər üçün növbəti döyüşlərin arzuolunmaz anonsu idi. Və indi Ermənistan apreldə verilən anonsun nə vaxtsa reallaşacağı qorxusu ilə yaşayır.

 

Apreldən sonra Ermənistan

 

Sözsüz ki, Ermənistanda 2016-cı ilin aprelindən sonra yeni situasiya yarandı.

Orduya inam azaldı.

 

Siyasi rəhbərliyin müharibədə silahdaşı olmuş qüvvələrlə fikir ayrılıqları gündəmə gəldi və bununla da ölkədə faktiki olaraq hərbi müxalifətin rüşeymləri görsəndi.

 

Erməni cəmiyyəti üçün xarakterik olmayan regional siyasi qütbləşmənin elementləri daha ciddi görsənməyə başladı.

 

Siyasi dairələrdə Dağlıq Qarabağ ətrafındakı işğalda olan rayonların qaytarılması müzakirə predmeti oldu.

 

Bütün bu sadalanan və sadalanmayan elementlərin demək olar ki, hamısı Azərbaycanın mövqelərinin möhkəmləndiyini göstərən faktlardı.

 

Ermənistan rəhbərliyi yaranmış situasiyada Dağlıq Qarabağ erməni icmasını informasiya blokadasında saxlamaqla problemi hələlik nəzarətdə saxlamaq istəyir. Sözsüz ki, yaranmış situasiyada Dağlıq Qarabağın erməni icması daha çox gücə arxalanmaq xəttini dəstəkləyir. Yaradılmış informasiya blokadasında bu element izah olunandır. Və təəssüflə də olsa qeyd olunmalıdır ki, Azərbaycanın mövcud təbliğat elementləri həm Dağlıq Qarabağ ermənilərini informasiya blokadasında saxlanmasında, həm də aqressivləşməsində müəyyən rol oynayır.

 

Məhz bu reallıqların nəticəsidir ki, Ermənistan rəhbərliyi “İsgəndər” taktikasına keçib. Mövcud şəraitdə Ermənistanın “İsgəndər”dən başqa istinad nöqtəsi demək olar ki, yoxdur.

 

Apreldən sonra Azərbaycan

 

Aprel döyüşlərindən sonra Azərbaycanda da sözsüz ki, baxış bucağı dəyişikliyi meydana çıxdı.

Problemin hərbi yolla həlli reallığının mümkünlüyü.

 

Orduya tam inamın bərpası.

 

Vətəndaşların müharibə reallığını dərk etməsi və bundan çəkinməməsi.

 

Sözsüz ki, informasiya cəbhəsində müəyyən çatışmayan elementlər var. Bu elementlərin formalaşdırılması, yeni mexanizmlərin yaradılması indi qarşıda duran prioritetlərdəndir.

 

Beynəlxalq baxış

 

Doğrudur, aprel döyüşlərinə qədər də beynəlxalq mərkəzlərdən müharibə ehtimalı ilə bağlı proqnozlar vaxtaşırı səslənirdi. Amma ötən bir ildə bu proqnozlar daha çox səslənməyə başladı. İstinad nöqtəsi olaraq bütün analitiklər və analitik mərkəzlərin səsləndirdiyi ifadə isə bu oldu – “aprel döyüşləri təkrarlana bilər”. Bəzi hallarda isə aprel döyüşlərindən də iri miqyaslı toqquşmaların olacağı ehtimalı səslənir.

Əlbəttə ki, bu ehtimalların hər birinin müəyyən qədər əsası var. Çünki yuxarıda deyildiyi kimi aprel döyüşləri özü bir anons idi. Və Azərbaycana qarşı təzyiqlər artarsa, bu reallıq gündəmə gələ bilər.

Amma beynəlxalq birlik bu reallığı arzulamır. Vəziyyəti maksimum dondurmaq cəhdləri adi gözlə müşahidə olunacaq səviyyədədir. Münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyü barədə verilən vaxtaşırı bəyanatlar da məhz buna hesablanıb.

 

Rusiya faktoru və onunla razılaşanlar

 

Sözsüz ki, münaqişənin həlli dedikdə ilk növbədə Rusiya faktoru diqqət mərkəzinə gəlir. Rusiyanın münaqişəni həll etmək istəyi yoxdur. Amma Avropa və ABŞ da Rusiyanın bu mövqeyinə loyal yanaşır və əslində onunla razılaşır.

Rusiyanın münaqişənin həllində tutduğu mövqeyi ehtiva edən son olaylar – xarici işlər naziri Lavrovun məlum bəyanatı və sairə göstərir ki, Şimal küləyi Qarabağa sülh gətirməyəcək. Danışıqların imitasiyasını yaratmaqla prosesi uzatmaq istəyən Kreml əslində münaqişəni dondurmaqda maraqlıdır. Digər tərəfdən isə yenidən hərbi əməliyyatların başlayacağı təqdirdə Rusiyanın hansı mövqedə duracağı da bəlli deyil.

 

İndi isə Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərini yenidən bir araya gətirir. Hələlik görüş barədə ümumi məlumat var. Detalların yaxın vaxtlarda açıqlanması yəqin ki, gözlənilmir. Bir müddət əvvəl Minsk Qrupunda ABŞ-ı təmsil edən Ceyms Uorlik Lavrovun yeni təkliflərinin olduğunu bildirmişdi. Amma bunun ardınca rusiyalı diplomat bunu təkzib etdi.

 

Görünür, yeni təkliflər olsa da, Lavrov bunu açıqlamaqda maraqlı deyil.

 

Suriyada, İraqda, Ukraynada gedən proseslər fonunda Rusiyanın Qafqazda mövcudluğunu qorumaq üçün yeni gedişlər edəcəyini proqnozlaşdırmaq mümkündür.

Amma nəzərə alaq ki, Rusiya problem mövcud olduğu qədər bölgədə hegemonluğunu qoruya biləcəyini də dərk edir. Buna görə də problemin köklü həli üçün cəhdlər olunacağı inandırıcı deyil.

 

Sözsüz ki, indiki şəraitdə Azərbaycana təzyiq etmək xətti də inandırıcı görünmür. Ermənistanın həm sabiq, həm də indiki prezidentlərinin Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonların qaytarılması barədə verdikləri bəyanatlar danışıqların da məhz bu predmet ətrafında getdiyini söyləməyə əsas verir. İndi əsas sual Rusiya və Ermənistanın bunun əvəzində Azərbaycandan nəyi istəyəcəyidir.

 

Təbii ki, indiki şəraitdə Rusiya ilk növbədə prezidentlərin görüşünü təşkil etmək istəyəcək. Ola bilsin ki, bu görüşdən sonra bəzi detallar barədə məlumat əldə etmək mümkün olsun.

 

Son söz haqqı

 

Rusiyanın bölgədə hərbi mövcudluğu indiki şəraitdə uzunmüddətli hərbi əməliyyatlar ehtimalını azaldır. Amma həm Rusiya, həm də digər vasitəçilər yaxşı bilir ki, Azərbaycana təzyiq artsa, hərbi əməliyyatlara alternativ qalmayacaq. İndi həm Ermənistanı, həm də onu dəstəkləyənləri düşündürən də məhz budur. Axı aprel döyüşləri belə bir reallığın mümkünlüyünü faktiki olaraq ortaya qoyub: Ordumuz buna hazırdı, xalq bunu tələb edir, siyasi iradə var.

 

Məsələnin ən ciddi məqamı da elə budur – Azərbaycan son söz haqqını özündə saxlayır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR