Milli kimliyimizin, milli tariximizin formalaşması prosesi və bu prosesdə Şah İsmayıl Xətainin rolu nədən ibarətdir?
Pelin Çiftçinin aparıcısı olduğu “Gündem ötesi” proqramında növbəti dəfə Səfəvilər İmperiyasının banisi haqqında tarixi həqiqətləri əks etdirməyən, qeyri-obyektiv fikirlərə yer ayrılması, Azərbaycanda mənfi reaksiya doğurub. Verilişdə səslənən fikirlərə, həmçinin son günlərdə ciddi müzakirə predmeti olmuş milli kimlik məsələlərinə münasibətini öyrənmək üçün AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli ilə görüşüb, kiçik bir müsahibə almaq istədik.
1.İstərdimki milli kimliyimiz və tariximiz haqda açıqlama verəsiniz.
- Milli kimlik bilirsən nədir? Milli kimliyini bilməyən insan zatını bilməyən insana bənzəyir.Zatını bilməyən insandan vətəndaş olmaz, vətənə xeyir gəlməz.Milli kimlik tarixi şüurdan keçir.Tarixi şüur isə milli tarixə yiyələnməklə yaranır.Milli kimlik üçün inkişaf tarixi şüur və coğrafi şüurdan keçir.Biz milli kimliyimizi öyrənməliyik,milli tariximizə sahib çıxmalıyıq.Həmin coğrafi şüur Azərbaycandır.Diqqət etsək, Bakıda baş verən hadisələr Dərbəndə təsir edir,Dərbənddə baş verən hadisələr Kərkükə təsir edər.Bu kimi hadisələr coğrafi şüurun vahidliyini göstərər.
2. Milli kimliyin tam formalaşması və ya formalaşmaması nədir?
- Milli kimliyin tam formalaşmasını qısa bir sözlə belə izah edim. Məsələn “Aprel hadisələrində” dünyanın hər yerində olan azərbaycanlılar və türklər ayaga qalxdı,sərhədlərə toplaşdı və ya Çanaqqala döyüşündə,Sarıqamış əməliyatında neçə min azəri əsgəri şəhid olmuşdur.Bax bu milli kimliyin tam formalaşmasıdır ki,bir-birimizə yardıma qaçırıq.Lakin başqa bir tərəfdən Kərkükdə baş verən hadisələr Bakıda hiss olunmursa,bax bu milli kimliyin zəif formalaşmasıdır.
3.Şah İsmayıl Xətainin milli kimliyimizin formalaşmasında rolu və bizə dövlətçilik ənənələrində qoyub getdiklərindən nəyi deyə bilərsiniz?
- Səhnəyə çıxan Azərbaycan dövlətlərində türk dili,ana dili önə çəkilir. Məsələn, Qaraqoyunlu dövlətində Cahanşaha IV Murad dövründə “Oğuznamə” kitabının gətirilməsi və ya Həsən şahın Quranı türk dilinə tərcümə etməsi buna misaldır.Səfəvilər dövlətində isə türk dili artıq rəsmi dil səviyyəsinə gəldi. Hamı türk dilində yazmaga başladı,fars dili mehtərlərin dilinə çevrildi.Qızılbaşlar türk tayfalarına bir araya yığdı.Onun İraqa səfəri bir daha göstərdi ki,bir türk Bağdada yetdi.Bütün türk kimliyinin formalaşması məsələsində onun müstəsna rolu var.Şah özü türk dilində yazmağa başladı,divan bağladı.Bizə qoyub getdiklərindən ədəbi irsini,türk dilində yazdığı divanı,aşıq ədəbiyyatını saraylara daşımasını misal göstərə bilərik.Dövlətçilik ruhunda isə onun cızdığı coğrafiya bütün Azərbaycan coğrafiyası idi.Bundan əlavə bu gündə dövlətçilik Azərbaycanın şüralarda oturması onun dövlətçilik ənənəsindən gəlir.Azərbaycan türk dilinin dövlət dili səviyyəsinə gətirməsi onun tarixi xidmətidir.Şah İsmayıl Xətai “Sufi ənənəsinə“ söykənən bir dövlət ortaya qoydu.O, xarizmatik bir insan,lider obrazı ortaya qoydu ki, bu gün də bunun şahidiyik.Həm ailə başçısı,həm də dövlət başçısı necə olmalıdır kimi tarixi şəxsiyyət ortaya qoydu.Ən əsası isə bir ideologiya əsasında böyük bir ordu quruculuğu yaratdı ki, hər an döyüşə, mübarizəyə hazırdır.12 minlik qoşunla 60 minlik qoşuna qalib gəlmək kimi bir sistem yaradıb ki, biz bu sistemi ortaya qoysaq, nəinki Qarabağı, İrəvanı geri qaytarmaq olar.
4.Son günlərdə Pelin Çiftçinin Şah İsmayıl Xətai haqda söylədiklərinə fikirləriniz. Ümumiyyətlə bu cür mülahizələri nə dərəcədə doğru hesab edirsiniz?
- Hər zaman türk dünyasında Sultan Səlim və Şah İsmayıl Xətai geniş şəkildə müzakirəyə qoyulur. Sual olunur niyə yıxılmaqda olan Osmanlı imperiyasını yenidən dirçəldən Sultan Suleyman deyil, Sultan Mehmeti deyil, niyə Əmir Teymuru deyil məhz Şah İsmayıl Xətaini göz önünə gətirirsiniz? Niyə Hülaküləri dilə gətirmirsiniz? İkisi də qardaş dövlətdir. Sultan Səlim də ya Əli deyərək döyüşlərə gedirdi,Şah İsmayıl Xətai də ya Əli deyərək döyüşlərə başlayırdı.Şah İsmayıl Xətainin böyük bir dövlət lideri olduğu bütün dünyaya bəllidir. Lakin bunu obyektiv müzakirə etmirler.Ortaya fəsad gətirirlər. Çalışırlar ki,Türkiyə ilə Azərbaycan arasında ədavət salsınlar. Bir düşünün belə bir lideri necə nüfuzdan salmaq olar?Əlbəttə fəsadla.... Arada xarici müdaxilələr dolaşır. Mediaya yol tapırlar,sosial şəbəkələrə yol tapırlar,bir də tarixə müraciət edirlər. Hər kəs əlinə qələm alıb tarixə muraciət edir, guya araşdırır.Biri yalan atır ortaya, sonra iki nəfərdə ona qoşulur. Bilirsən niyə? İstəmirlər türklər birləşsin, Türkiyə ilə Azərbaycan bir olsun.
Nərmin Məmmədova