Əbülfəs Qarayev Musiqili Teatrın aktyorunu mükafatlandırıb

Əbülfəs Qarayev Musiqili Teatrın aktyorunu mükafatlandırıb
16:52 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Musiqili Teatrın aktyoru, əməkdar artist Ələkbər Əliyevi mükafatlandırıb.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətin inkişafındakı xidmətlərinə görə Ə.Əliyevi anadan olmasının 60 illiyi ilə əlaqədar Fəxri fərmanla təltif edib.
Qeyd edək ki, Əliyev Ələkbər Həsən oğlu 15 aprel 1957-ci ildə anadan olub. 1980-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyoru” fakültəsini bitirib. Həmin il təyinatla Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Musiqili Komediya Teatrına) gəlib. Gözəl səs tembrinə, yüksək səhnə mədəniyyətinə malik olan Ə. Əliyev ilk addımlarından teatr ictimaiyyətinin diqqətini cəlb edib. Ə. Əliyevin ifa etdiyi Rüstəm bəy “O olmasın, bu olsun”, Vəli “Arşın mal alan”, Kəblə Qubad “Ər və arvad” (Ü. Hacıbəyli), İbiş İbişli “Adamın adamı” (V. Adıgözəlov, Anar), Şükürbəyli “Məsmə xala dayımdır” (R. Mustafayev, C. Məmmədov), Nümayəndə “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva), Polis Aslan “Yeddi məhbusə anası” (C. Quliyev, Ə. Əmirli), Knyaz Pantiaşvili “Xanuma” (V. Dolidze, A. Saqarelli), Ağa Zaman “Kimyagər” (S. Kərimi, Ə. Ol), Eynəkli “Milyonçunun dilənçi oğlu” (S. Ələsgərov, Ş. Qurbanov), Rüstəm “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), Doymazov, Nazirov “Volqalı canan” (R. Mustafayev, A. Qüdrət), Kişi “Toya bir gün qalmış” (Ə. Səmədli) və s. obrazlar orjinallığı və dəqiq ifa tərzi ilə tamaşaçıların rəğbətini qazanıb.
Ələkbər Əliyev 2013-cü ildə “əməkdar artisti fəxri adına layiq görülüb. Prezident mükafatçısıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/ebulfes-qarayev-musiqili-teatrin-aktyorunu-mukafatlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR