NATO üçün şok xəbəri Çavuşoğlu verdi - Rusiya və Türkiyə RAZILAŞDI

NATO üçün şok xəbəri Çavuşoğlu verdi - Rusiya və Türkiyə RAZILAŞDI
17:48 28 Aprel 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva və Ankara S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında razılıq əldə edib.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “Habertürk” qəzetinə müsahibəsində bildirib.

“Biz S-400 zenit-raket sisteminin alınması haqqında Rusiya ilə prinsipial olaraq razılaşdıq. Birgə istehsal və qiymət üzrə danışıqlar aparılır”, - o deyib.

Nazirin sözlərinə görə, Türkiyə raket hücumundan müdafiə sistemini NATO-dan almaq istəsə də, hərbi alyans buna müsbət yanaşmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya lideri Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mayın 3-də Soçidə keçiriləcək görüşündə S-400-lərin çatdırılması müzakirə ediləcək.

S-400 "Triumf" müxtəlif uçuş məsafəsi olan raketlərinin bir neçə tipi ilə təchiz edilmiş çoxkanallı zenit raket sistemidir. “Triumf” S-400 orta mənzilli raketlərdən müdafiə sistemi S-300-ün təkmilləşdirilmiş versiyası hesab olunur. S-400 zenit-raket kompleksləri 2007-ci ildə Rusiya ordusunda silahlanmaya qəbul olunub.

Zenit-raket komplekslərinin dünyada analoqu yoxdur və strateji bombardmançılar, ballistik və qanadlı raketlər də daxil olmaqla istənilən hava hədəflərini məhv edə bilir. Bir S-400 kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vurmaq imkanındadır. Raketlər hətta Yer səthindən cəmi 5 metr yüksəklikdə uçan hədəfləri də vurur. Bu isə kompleksin üstünlüyü hesab edilir. Müqayisə üçün deyək ki, ABŞ-ın ”Patriot" raketləri azı 60 metr yüksəklikdə hədəfləri vura bilir.

“Triumf” 600 kilometrə qədər uzaqlıqdakı hədəfləri aşkar edir.

Xatırladaq ki, 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrinə raket əleyhinə müdafiə sisteminin alınması ilə bağlı tender keçirilib. Tenderdə birinci yeri Çinin CPMIEC (China National Precision Machinery Import and Export Corporation), ikinci yeri ABŞ-ın “Raytheon”, üçüncü yeri Avropa konserni “EuroSAM", dördüncü yerisə Rusiyanın “Rosoboronexport” şirkəti tutmuşdu. Sonrakı mərhələdə Rusiya şirkəti ilə danışıqlar tamamilə kəsilmiş, ABŞ, Avropa və Çinlə danışıqlar davam etdirilmişdi. Türkiyə son mərhələdə Çin şirkəti ilə müqavilənin imzalanması üçün masaya oturub. Çinlə aparılan danışıqlar NATO ölkələrinin təsiri ilə nəticəsiz qalıb. NATO-nun təzyiqləri nəticəsində Cin variantı gündəmdən çıxarılıb.

2015-ci noyabrın 24-də Rusiyanın SU-24 bombardmançısının Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra pisləşən münasibətlərin 2016-cı ilin avqustunda normallaşması iki ölkənin hərbi əməkdaşlığını gündəmə gətirib. Həmin ay Ərdoğan və Putin arasında görüş keçirildi. Görüşdən bir neçə gün sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. O dedi ki, daha əvvəl Çinlə müzakirə edilən raketdən müdafiə sistemi layihəsini Rusiya istəyir.

ABŞ və Avropa Türkiyəyə texnologiya transferinə müsbət yanaşmadığı üçün Ankara NATO-dan kənar istehsalçı ölkələrlə danışıqların aparılmasının təbii hesab edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR