Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket atılıb. Müdafiə Nairliyinin məlumatına əsasən, raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.
““Osa” özüyeriyən zenit raket kompleksi aşağı hündürlükdən uçan hava hədəflərini məhv etmək üçün istifadə olunur”.
Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi jurnalist Ramil Məmmədli bildirib. Onun sözlərinə görə, bu silah SSRİ müdafiə sənayesi kompleksinin istehsalıdır və 1971-ci ildən orduda istifadə olunur:
“Hazırda Ermənistanla yanaşı bu sistem bir çox ölkələrin ordularının silah arsenalında yer alıb. Raketin maksimal uçuş hündürlüyü 5 km, hədəfi minimum hündürlükdə məhv etmək məsafəsi isə 25 m-dir. Kompleks Rusiya istehsalı olan “BAZ-5937” maşının şassisi üzərində yerləşdirilib. Ermənilərin istifadə etdiyi bu kompleks köhnə modifikasiyalıdır və bu səbəbdən də nəzərdə tutulan hədəfi vura bilməyib. Ümumiyyətlə, Ermənistan Ordusunun istismarında olan silah və texnikanın böyük hissəsi Sovet zamanından miras qalıb və üzərində modernləşmə aparılmayıb. Bu səbəbdən də effektiv nəticə əldə oluna bilmir. Azərbaycan isə “Osa”nın ən son modernləşmə olunmuş varinatına sahibdir və ötən il bu texnika silahlı qüvvələrin təlimində uğurla istifadə olunub”.
Xəyalə Məmmədova / METBUAT.az