Türkiyəli və afrikalı iş adamları Azərbaycana sərmayə qoymağa dəvət olunublar

Türkiyəli və afrikalı iş adamları Azərbaycana sərmayə qoymağa dəvət olunublar
19:07 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı.28 aprel. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində “Türkiyə-Afrika kənd təsərrüfatı nazirlərinin I iclası və Biznes Forum” keçirilir. Kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Faruk Çeliyin dəvəti ilə tədbirə qatılıb. 
Nazirlikdən "Report"a daxil olan məlumata görə, H.Əsədov bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və regionların inkişafı istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunub. "Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda bir sıra strateji məhsullara olan tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixrac yönümlü məhsulların istehsal həcmini artırmaqla regionların inkişafına nail olunub. Fermerlərin dövlət tərəfindən çoxşaxəli subsidiyalarla təmin edilməsikənd təsərrüfatı ilə məşğul olanların rifah halının yüksəldilməsinə səbəb olub",- H.Əsədov deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın bir sıra Afrika ölkələri ilə sıx diplomatik əlaqələri mövcuddur və Afrika İttifaqına daxil olan 26 ölkə ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq edir, kənd təsərrüfatının inkişaf etdirilməsində, ərzaq təhlükəsizliyinin tam təmin olunmasında beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli əməkdaşlığı yüksək səviyyədə qurub.
H.Əsədov diqqətə çatdırıb ki, 2016-cı il ərzində Azərbaycan Afrika ölkələrindən 8,6 mln. dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib, 251 min dollar həcmində isə bu ölkələrə məhsul ixrac edib. Ümumilikdə isə kənd təsərrüfatı məhsullarının idxal və ixrac edildiyi Afrika ölkələri arasında Cənubi Afrika Respublikası, Əlcəzair, Həbəşistan, Misir, Kenya, Qana, Madaqasqar və digər Afrika ölkələr yer alır.
Nazir ölkədə əlverişli investisiya mühitinin formalaşdığını, aqrobiznes sektorunun böyük potensiala malik olduğunu, investorların hüquqlarının milli qanunvericiliklə tam müdafiə olunduğunu və ən əsası ölkədə hökm sürən sabitliyi diqqətə çatdıraraq, bu sahədə maraqlı olan iş adamlarını Azərbaycanda kənd təsərrüfatı sektoruna investisiya yatırımı etməyə dəvət edib.
Qeyd edək ki, tədbirdə “Qida təhlükəsizliyinin təmin edilməsində kəndin birgə inkişafı”, eləcə də özəl sektorun nümayəndələri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri ətrafında müzakirələr aparılacaq, həmçinin aqrar sahənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması, o cümlədən Azərbaycan, Türkiyə və Afrika ölkələri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatdırılması məqsədi ilə fikir mübadiləsi aparılacaq.




Xəbərin orijinal ünvanı: https://report.az/ask/turkiyeli-ve-afrikali-is-adamlari-azerbaycana-sermaye-qoymaga-devet-olunublar1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR