SOCAR-ın İdarəsinə beynəlxalaq inspeksiya və akreditasiya qurumlarının sertifikatları təqdim olunub

SOCAR-ın İdarəsinə beynəlxalaq inspeksiya və akreditasiya qurumlarının sertifikatları təqdim olunub
19:37 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə (TTSİ) Fransanın Bureau Veritas Təşkilatı, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutu və Dəniz Neft-Qaz Sənayesində Təlim Təşkilatı tərəfindən verilmiş sertifikatların təqdimatı mərasimi keçirilib.
“Report” xəbər verir ki, SOCAR prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə TTSİ-nin mütəxəssislərini təbrik edib. O, ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, şirkətdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib, sertifikatların alınmasının SOCAR-ın beynəlxalq şirkətə çevrilməsi istiqamətində atılmış addımlardan biri olduğunu vurğulayıb. 
“Bizim dünya səviyyəli mütəxəssislərimiz var. Bu da gələcək inkişafımız, Azərbaycanın inkişafı üçün böyük kapitaldır” - SOCAR prezidenti deyib.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov beynəlxalq inspeksiya və akreditasiya qurumları ilə əməkdaşlıq və sertifikatların əldə olunması istiqamətində görülən işlər haqqında məruzə edib. O bildirib ki, əsası Azərbaycan xalqının ümum milli lideri Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində SOCAR davamlı olaraq inkişaf edir, müasirləşir və dünyaya inteqrasiya olunur.
X.Məmmədov bildirib ki, SOCAR-ın Təlim, Tədris və Sertifikatılaşdırma İdarəsinə təqdim olunan beynəlxalq sertifikatlar şirkətdə əməyin mühafizəsi sahəsində işlərin yüksək səviyyədə qurulduğunu bir daha parlaq şəkildə təzahür etdirir. O qeyd edib ki, İdarə neft sənayesi və digər sənaye sahələri üçün ixtisasalı fəhlə kadrların hazırlanması, həmçinin mütəxəssislərin davamlı inkişafına yönəldilmiş təlimlərin təşkilində mühüm işlər görür. X. Məmmədov bildirib ki, hazırda İdarənin tərkibində 5 təlim-tədris mərkəzi və 1 qaynaq mərkəzi fəaliyyət göstərir: “Həmin mərkəzlərdə mühəndis-texniki işçilər üçün ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə və təlimatlandırma kursları ilə yanaşı, qaynaqçıların attestasiyası da aparılır. Sevindirici haldır ki, dövlət qurumları və ölkədə fəaliyyət göstərən digər neft şirkətləri də bizim təlim mərkəzinin xidmətlərindən istifadə edir”.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, yarandığı gündən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin qarşısında beynəlxalq təşkilatlarla, dünyanın bu sahədə nüfuz qazanmış şirkətləri ilə əməkdaşlığın qurulması və dərinləşdirilməsi vəzifəsi qoyulub və İdarə bu işə diqqət yetirərək beynəlxalq əlaqələrini ilbəil genişləndirir.
“Mütəxəssislərimiz ölkə daxilində və xarici ölkələrdə peşə təlimi və təhsilinə dair tədbirlərdə yaxından iştirak edirlər. Avropa Təlim Fondu, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə İdərənin etibarlı münasibətləri var. Keçən il isə bu cəhətdən daha uğurlu olub. İdarənin təşkil etdiyi qeyri-formal təlimlər və spesifik hazırlıq kursları beynəlxalq inspeksiya və akkreditasiya qurumları olan Fransanın Bureau Veritas təşkilatı, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutu və Dəniz Neft-Qaz Sənayesində Təlim Təşkilatı tərəfindən akkreditasiya edilib və müvafiq sertifikatlara layiq görülüb. SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi bu nüfuzlu beynəlxalq təşkilatların tələblərinə uyğun şəkildə çox mühüm kursları müstəqil olaraq keçirmək və məzunları sertifikatlaşdırmaq hüququ əldə edib. Bu İdarəmiz üçün böyük uğurdur və onun daha səmərəli fəaliyyət göstərməsinə əlavə imkan yaradacaq”,- X.Məmmədov əlavə edib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanov, “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxış edərək TTSİ-nin kollektivini bu münasibətlə təbrik edib, SOCAR-ın təlim-tədris mərkəzlərində Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri, habelə digər sənaye müəssisələri üçün də yüksək ixtisaslı kadrlar hazırlandığını söyləyib, mərkəzlərdə təhsil və təlim üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.
Sertifikatlar təqdim olunduqdan sonra SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov göstərilən diqqət və qayğıya görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib, İdarənin bundan sonra da SOCAR-ın strateji inkişafını təmin edəcək yüksək ixtisaslı kadrlar hazırlanması üçün layiqincə çalışacağına tədbir iştirakçılarını əmin edib.
Tədbirin sonunda TTSİ-nin Sumqayıt Təlim Mərkəzində kurs keçmiş və ən yüksək bal toplamış 11 məzuna sertifikatlar təqdim olunub. 





















Xəbərin orijinal ünvanı: https://report.az/energetika/tedbir-socar-in-i-daresine-beynelxalaq-inspeksiya-ve-akreditasiya-qurumlarinin-sertifikatlari-teqdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR