Formula yarışlarının yeganə azərbaycanlı pilotu - "Bir gün məni də Bakı trasında görəcəksiniz"

Formula yarışlarının yeganə azərbaycanlı pilotu - "Bir gün məni də Bakı trasında görəcəksiniz"
21:12 28 Aprel 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gələcəkdə Formula 1 yarışlarında Azərbaycanın ilk pilotu olacağıma inamım böyükdür. Bu idmanda inam çox vacibdir. Hamı inanc və arzu ilə bu idmana gəlir. Mən də onlardan biriyəm və ümid edirəm ki, inşallah gələcəkdə bir gün məni də Bakı trasında görəcəksiniz".

Bu barədə Milli.Az-a açıqlamasında Formula avtoidman yarışlarında yeganə azərbaycanlı pilot, 20 yaşlı Gülhüseyn Abdullayev deyib.

Lakin onun sözlərinə görə, bunun əvvəlcədən nə vaxt baş verəcəyini və Formula 1-də konkret nə vaxt iştirak edəcəyimi demək çox çətindir: "Hazırda Formula 4 yarışlarına qatılıram. İndiki hədəfim Formula 1-ə qədər irəliləməkdir, ancaq bunun neçə ilə baş verəcyini demək olmur. Çünki bu idmanda sürprizlər çox olur, gözlənilməyən anda nəsə sürpriz çıxa bilər. Bu sürpriz işi ya sürətləndirə, ya da yavaşıda bilər. Ona görə də burada gələcəyi tam planlaşdırmaq olmur".

Formula 1 üzrə azərbaycanlı jurnalistlər üçün təlim keçirildi - FOTO

Hər halda gənc pilot ötən ilkinə nisbətən bu il daha yaxı nəticə göstərəcəyinə inanır: "Bu il daha yaxşı nəticə gözləyirəm. Çünki artıq 1 illik yarış təcrübəm var. İnanıram ki, keçən ilə nisbətən bu il daha yaxşıyam. Buna görə də rəqiblərimlə daha yaxşı yarışacağıma və nəticə göstərəcəyimə əminəm. Ötən il çox rəqiblərim var idi ki, 3-4 mövsüm əvvəldən gəlmişdilər, təcrübəli idilər, rəqabət mühiti fərqli idi. Bu səbəbdən çətinliyim vardı. Amma bu mövsüm rəqiblərimin ya mənim qədər təcrübəsi var, ya da məndən azdır. Ona görə də rəqabət baxımından bu il daha yaxşı bir mövsüm keçirəcəyəm".

G.Abdullayev qeyd edib ki, məqsədi tələsmədən pillə-pillə irəliləməkdir: "Hər Formula növündə avtomobillərdə böyük sürət fərqi var. Ona görə də Formula 4-dən çıxıb birbaşa Formula 2-yə keçmək riskli addımdır. Düzdür, bəzi pilotlar buna tez alışır, amma bəziləri yox. Mənə görə ən düzgün yol pillə-pillə irəliləməkdir. Belə keçid etdikdə avtomobillərin sürətində kəskin dəyişiklik olmur. Bu, pilotu həm gələcək çempionatlara daha yaxşı hazırlaşdırır, həm də avtomobilə yaxşı alışır. Ona görə də növbəti pilləyə nə vaxt keçidlə bağlı konkret plan yoxdur. Bu ilin nəticələrinə baxıb gələn il üçün qərarımızı verəcəyik".

Pilot yarışlara harada və necə hazırlaşdığını da açıqlayıb: "Hazırda çempionatda yalnız bir komanda bizim kimi pilotlara bu servisi təqdim edir. Bu da Finlandiyanın "Koiranen GP" komandasıdır. Komandamız bizə əvvəlcədən xəbər verir ki, filan ölkədə filan trasda 2-3 günlük testlərimiz olacaq, avtomobillər hazırlanacaq, siz də ora gələrsiniz. Biz də biletimizi alıb ora gedir, avtomobili test edirik. Son olaraq testlərim Estoniyada olub. Fiziki hazırlığa gəlincə, bunun üçün hamı kimi normal olaraq idman zalına gedirəm".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR