Müəmmalı “Ustad və Marqarita” əsərini açan yeddi açar – Bulqakov nəyə işarə edirdi?

Müəmmalı “Ustad və Marqarita” əsərini açan yeddi açar – Bulqakov nəyə işarə edirdi?
17:53 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Məşhur rus yazıçısı Mixail Bulqakovun “Ustad və Marqarita” əsəri dünya ədəbiyyatı incilərinin başında gəlməklə yanaşı, həm də öz mistifikasiyası ilə diqqət mərkəzindən düşmür. Bu əsər üzərində 75 ildir ki, ədiblər baş sındırırlar.

Publika.az əsərin müəmmasını aça biləcək yeddi açarı ixtiyarınıza verir:

Ədəbi mistifikasiya

Artıq bəllidir ki, Bulqakov XIX əsr alman mistifikasiyasını öyrənərək onu öz əsərlərində tətbiq edib. O, “Faust” və digər əsərlərdə şeytan və Tanrı qarşılaşdırmasını dərindən araşdıraraq öz məşhur əsərində bundan təsirlənib. Hətta “Ustad və Marqarita”nı buna görə dəfələrlə dəyişdirməli, üstündə əl gəzdirməli olub. İlk dəfə kitab 1928-1929-cu illərdə yazılıb. Adları da müxtəlif olub: “Qara cadugər”, “Caynaqlı sehrbaz” və s. İlk əsərdə əsas qəhrəman İblisin özü olub. Ona görə də daha çox “Faust”un təkrarına bənzəyirdi. Amma əsər çap olunmadığı üçün müəllif əlyazmanı acığından yandırmalı olub.

İkinci əlyazmada isə əsər “İblis və ya böyük kansler” adını alıb. Bu dəfə əsas qəhrəman uğusuzluğa düçar olmuş şeytan idi. Burada artıq ustad və Marqaritadan söhbət açılırdı. Amma bu əlyazma da işıq üzü görə bilmədi.

“Ustad və Marqarita” adı isə yalnız üçüncü əlyazmaya qoyulub. Bu dəfə kitab nəşr olunsa da, natamam sayılırdı. Çünki Bulqakovun onu tamamlamağa ömrü çatmadı.

Çoxsifətli Voland

Kitabı oxuyanlar bilir ki, Voland burada müsbət qəhrəmandır – sənət və sevginin hamisidir. Amma diqqətlə baxanda Volandın çoxsifətli olduğu görünür. Əslində, Voland İblisin özüdür. İsa Məsihin fikirlərini öz adına mənimsəyir. Bulqakov öz şeytan qəhrəmanını don dəyişdirmiş şəkildə təqdim edib. Daha mütaliəli oxucular Volandın qədim alman yazılarındakı şeytani qüvvə olan Votanın eynisi olduğunu anlayırlar. Eynilə o da sadə insanları xristian adətləri ilə aldadaraq öz məkrli niyyətini həyata keçirirdi. Voland həm də Kaliosto adlı cadugər qrafın prototipidir. Həmin qraf özündən sonrakı min illəri görə bilirdi.

İblisin əlaltıları

Əsərin parlaq personajları Begemot, Azazello və Faqotdur. Yazıçı onları şeytanın özünü ədalətli göstərməsi üçün əlaltıları kimi qələmə verib. Azazello obrazını müəllif İncilin Əhdi-Ətiqindən götürüb. O, müqəddəs kitabda susuz səhrada can alan Şər qüvvə kimi təmsil olunur.

Əsərdə isə Azazello insanlara silah və zinət əşyaları düzəltmək öyrədən, onları dünya malı ilə yoldan çıxardan obrazdır. Həm də o, qadınları üzlərini boyayıb bəzəməyi öyrədib (xristianlıqda bu, əxlaqsızlıq hesab olunur). Burada Azazello Marqaritaya krem verməklə onu da “qaranlıq yollar”a salır.

Begemot adlı pişik Volandın sevimli əyləncəsidir. Bu obraz da Əhdi-Ətiqdə mövcuddur. Acgözlülük iblisi kimi təqdim olunur. Müəllif Begemotu qısa quyruqlu, nehrə qarınlı, pəncəli təsvir edir. Amma onun qabaq ayaqları eynən insan əlləri kimi idi.

Volandın ətrafındakı yeganə insan sifətli əlaltısı Faqot idi. Araşdırmaçılar bu obrazın dəqiq prototipini hələ də tapa bilmirlər. Güman olunur ki, o, Vislupusli adlı müharibə allahının obrazıdır. Çünki əsərdə onun adı çəkilir. “Faust”a görə bu müharibə allahı Şeytanın ən birinci köməkçisidir. İnsanları kütləvi şəkildə o, qırğına verə bilir.

Kraliça Marqo

Bu qəhrəman Bulqakovun sonuncu arvadının obrazıdır. Yazıçı onu Fransa kralı IV Henrixin arvadı, kraliça Marqo ilə əlaqələndirir. İblis ziyafətə gedən yolda Marqaritanı parlaq kraliça adlandırır, sonra ona dəbdəbədən, Parisdə toy mərasimindən danışır, həmin mərasim nəticədə dəhşətli Varfolomey qırğınına çevrilir. Həqiqi kraliça Marqo qələm adamlarının hamisi olub. Bulqakov isə öz Marqosunu Ustadı dərin məhəbbətlə sevən qadın kimi təqdim edib.

Moskva və Erşalaim

Bulqakov öz əsərində zaman və məkanların adını və vaxtını müəmmalı şəkildə verir. Bilinmir ki, dəqiq olaraq hansı zamandan söhbət gedir. Təxminən XX əsrin əvvəlləri və Pasxa öncəsi cümə ərəfəsi kimi göstərilir. Moskva isə bəzən müqəddəs yəhudi şəhəri Erşalaim kimi təqdim olunur. Erşalaim də Moskva və Roma kimi təpələr üstündə salınıb. Əsərdə Moskva üçüncü Roma kimi də təqdim edilir.

Kabbalistik qaynaqlar

Əsəri oxuyanda dərhal hiss olunur ki, müəllif Tövratı yaxşı araşdırıb. Burada nəinki Kabbala (İudaizmdə mistik cərəyan) haqqında eyhamlar var, hətta Volandın dilindən bəzi Kabbala mistizmindən sitatlar gətirilir. Məsələn, Voland deyir ki, heç vaxt heç kimdən nəsə istəmək olmaz, xüsusilə də güclülərdən. Lazım olanda onlar özləri verəcəklər. Kabbalaya görə, Tanrıdan başqa heç kimdən nəsə qəbul edilməməlidir. Xristianlıq isə əksinə, imkanlı adamlara əl açmağı ayıb bilmir. İslam da dilənməyi günah sayır.

Sonuncu əlyazma

Bulqakov sonuncu əlyazmanı 1937-ci ildə redaksiyaya təqdim edib. Ölümünə qədər yazıçı bu əsər üzərində çalışıb. Yəni 12 illik zəhmət bahasına başa gəlib. Demək olar ki, bütün gücünü bu əsərə verib. Amma yenə də natamam qalıb. Ədiblər bunun səbəbini tapa bilmirlər. Hesab olunur ki, yazıçı xristanlıq, iudaizm demonologiyası ilə bağlı özünü tam məlumatlı saymadığına görə belə ola bilər. O, bəzi məsələlərdə tərəddüd içində qalırdı. Romanda yazıçının son ifadəsi belə bitir: “Qoy bilsinlər, qoy bilsinlər...”

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/196960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR