Ayaqları ilə rəsm çəkən Samirənin arzuları - FOTO

Ayaqları ilə rəsm çəkən Samirənin arzuları - FOTO
19:49 29 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

35 yaşlı Samirə Salmanova yaşıdlarından fərqlənir. O, ailənin ilk övladı olsa da, fiziki qüsurla böyüyüb. Yeriməyə, danışmağa çətinlik çəkir, fikirlərini ayaqları ilə çəkdiyi şəkillərlə ifadə edir.

Atası Ramiz müəllimin dediyinə görə, qızının rəsm çəkməyə həvəsi qardaşının dəftər-qələmlə işləməsindən sonra yaranmağa başlayıb. Samirə 8 yaşından başlayaraq, dili ilə söyləyə bilmədiklərini fırça və boyanın köməyi ilə çatdırmağa çalışıb. Onun xəyalında canlandırdığı həyat çəkdiyi rəsmlərdə öz ifadəsini tapıb. Samirənin əl işləri çox maraqlıdır. Əbəs yerə deyil ki, onun yaratdığı əsərlər indiyədək müxtəlif müsabiqələrdə yüksək mükafatlara layiq görülüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, 1997-ci ildə Əlillərin 3-cü Ümumrespublika Yaradıcılıq sərgisində iştirak edib, daha sonralar keçirilən növbəti beşinci Yaradıcılıq sərgisində üçüncü yeri tutub. Samirənin əl işləri Moskvada Beynəlxalq "Filantrop" fondunun keçirdiyi sərgiyə də göndərilib və üçüncü yeri tutub. 2003-cü ildə isə onun rəsm əsərləri Şotlandiyanın Aberdin şəhərində "Konoko Filips" neft şirkətinin ofisində təşkil olunan sərgidə nümayiş etdirilib. Üç il sonra İstanbulda keçirilən əlil rəssamların çəkdiyi şəkillərdən ibarət sərgidə onun çəkdiyi rəsm əsəri birinci yerə çıxıb.

Samirə xalqımızın ümummilli lideri Heydər Əliyevin portretini də çəkib və həmin portret, həmçinin onun fırçasının məhsulu olan "Dağ gölü" rəsmi Moskvada məşhur Tretyakov Qalereyasında saxlanılır. Bunlar addım atmaqda, fikrini ifadə etməkdə çətinlik çəkən əlil rəssamın əldə etdiyi uğurların yalnız bir hissəsidir. Yəni həyat ona fiziki cəhətdən problemlər yaratsa da, Samirə öz istedadlı barmaqları ilə onları üstələməyə qadirdir. Təbii ki, bu məsələdə ailəsi də Samirədən öz dəstəyini əsirgəmir.

Anası Faiqə xanımın söyləyir ki, ailədə Samirəyə xüsusi diqqət var: "Biz qayğını ondan heç vaxt əsirgəmirik. Təəssüf ki, cəmiyyətimizdə heç də hamı belələrini başa düşmür, hətta bəzən narahatlıq yaradırlar... Ona görə də onun sosial şəbəkədəki profillərini bağlamışıq. Bizim ailə vəziyyətimiz o qədər yaxşı deyil. Səkkiz ailə üzvü üçotaqlı mənzildə yaşayırıq. Samirənin evdəki səs-küydən uzaq olması üçün onu mətbəx otağında yerləşdirmək məcburiyyətində qalmışıq. Amma belə şəraitdə işləmək ona çətindir, hətta hərdən bu cür biganəlik onu həyatdan küsdürür. Həyatda heç kimdən heç nə ummur, heç nəyin təmənnasında deyil, yeganə arzusu rahat yaşaya biləcəyi bir evin, heç kəsin mane olmadığı ayrıca bir otağının olmasıdır. Əslində bu barədə dəfələrlə dövlət qurumlarına müraciət etmişik. Ancaq təəssüf ki, ümidverici cavab yoxdur..."

Hündürmərtəbəli şəhər binasında yaşayan Samirə günü əlil arabasında oturmaqla keçir, pilləkənləri aşağı düşə bilmədiyinə görə cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayır. Onun özü ilə ünsiyyət qura bilməsək də, bizi anlayır və fikirlərini anasının vasitəsilə çatdırmağa çalışırdı.

Əslində onun arzuları heç də əlçatmaz deyil... Kim bilir, bəlkə də ona şərait yaradılsa daha gözəl rəsmlər çəkər və gələcəyin tanınmış bir rəssamı kimi yetişər.

Fırçadan və boyadan ayrılanda vaxtını İnternetdə dostları ilə ünsiyyətdə keçirir. O, ayaq barmaqları vasitəsilə yazır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR