"Beynəlxalq Caz Günü" qeyd olunur

Aprelin 30-u dünyada “Beynəlxalq Caz Günü” kimi qeyd edilir.

Metbuat.az xəbər verir ki,cazın universal azadlıq və yaradıcılıq dili kimi xüsusi rolunun tanınması əlaməti olaraq, 2011-ci il 30 aprel Beynəlxalq Caz Günü UNESCO-nun Baş konfransı tərəfindən elan edilib.

Həmin ildən başlayaraq, hər ilin 30 aprelində cazın vətəni Yeni Orleanda şənliklər keçirilir, Konqo meydanında xüsusi konsert təşkil edilir.

Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı "Dövlət Cazı" adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulub.

1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında ən önəmli yerlərdən birini saksafonçu, cazmen Pərviz Rüstəmbəyov tutub. "Sovet Benni Qudmeni" adlandırılan P. Rüstəmbəyov əvvəlcə "Krasnıy Vostok" (indiki "Azərbaycan") kinoteatrında, sonralar isə "Nizami" kinoteatrında öz caz orkestrini yaradıb.

Ötən əsrin 60-cı illərində Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinə yeni nəfəs gəlir. “Qaya”, Rafiq Babayevin kvarteti yaranır və nəhayət, Vaqif Mustafazadə dövrü başlayır. Dünyada lirik cazın banisi sayılan Vaqif Mustafazadə ilk dəfə Gürcüstanda -Tbilisi Dövlət Filarmoniyasında (TDF) “Qafqaz” caz-triosunu təşkil edib. O, ilk “Leyli” qadın kvartetini təşkil edərək, “Sevil” vokal-instrumental ansamblı və “Muğam” instrumental ansamblına rəhbərlik edib.

Vaqif Mustafazadə Şərq muğamını qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim edirdi. O, improvizasiyanın azad xüsusiyyətini muğamla caz əlaqələrinin əsas hissəsinə çevirməyi bacarmışdı. Hazırda Əzizə Mustafazədə atasının yolunu davam etdirir.

Azərbaycan cazı hazırda gənc ifaçıların timsalında inkişaf etdirilir. Montreyö caz festivalının qalibi İsfar Sarabski, Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənəni davam etdirir.

2009-cu ildən Azərbaycanda keçirilən “Bakı Caz Festival”ı (BCF), Bakıda fəaliyyət göstərən “Baku Jazz Center” ölkəmizdə cazın inkişafına töhfəsini verməkdə davam edir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR