Ağdaş rayonunda oğurluq hadisəsinin üstü isti izlərlə açılıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş
şəhərində qeydə alınıb.
Ağdaş şəhər sakini Abbasov Elşən Mövlud oğluna məxsus şəhərin
Heydər Əliyev prospektində yerləşən ayaqqabı mağazasına naməlum
şəxslər qanunsuz olaraq gizli şəkildə daxil olaraq oradan 104 cüt
ayaqqabı və bir ədəd "Toshiba" markalı noutbuk oğurlayıblar.
Oğrular sahibkara ümumilikdə 3500 manat maddi ziyan vurublar.
Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri zamanı oğurluq hadisəsini törədən
şəxslər - Ağdaşın Qarağan-Sədi kənd sakini, 1975-ci il təvəllüdlü
Musayev Zaur Fəxrəddin oğlu və Qəbələnin Zarağan kənd sakini,
1975-ci il təvəllüdlü Hüseynov Eldar Sabir oğlu şübhəli şəxs
qismində saxlanılaraq istintaqa təhvil verilib. Əvvəllər Rusiyada
törətdikləri cinayət əməllərinə görə həbsxanada birgə məhkumluq
həyatı yaşayan Zaur və Sabir dindirilmə zamanı Ağdaşda ayaqqabı
mağazasının şüşə pəncərəsini sındıraraq içəri daxil olduqlarını və
oğurluq etdiklərini etiraf ediblər.
Məlum olub ki, onlar Ağdaş şəhərində kafedə birgə yeyib-içdikdən
sonra gecə saatlarında əvvəlcə mağazadan noutbuku oğurlayaraq evə
gediblər. Bir saat sonra evdən kisələr götürərək yenidən mağazaya
qayıdan dostlar oradakı ayaqqabıları da oğurlayıblar. Onların isti
izlərlə tapılmasına səbəb isə oğurluq hadisəsinin mağazadakı
təhlükəsizlik kameralarına anbaan düşməsi olub. Onlar spirtli içki
qəbul etdikləri üçün mağazadan oğurluq prosesini qeydə alan
təhlükəsizlik kamerasından gec xəbər tutublar və sonda onları çəkən
kameranı da vurub sındırıblar. Mağazadan oğurlanan əşyalar maddi
sübut kimi tapılaraq geri qaytarılıb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən Cinayət
Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi açılıb,
araşdırma aparılır.