Sağlam qidalanmadığınızı bəlli edən əlamətlər

Sağlam qidalanmadığınızı bəlli edən əlamətlər
07:13 1 May 2017
Ölkə mətbuatı
A- A+

Sağlam qidalanmadıqda orqanizmdə bir sıra fəsadlar meydana gəlir. Qidalanma rejiminizi dəyişmək üçün təhlükəli xəstəliyə yaxalanmağı gözləməyin.

Publika.az-ın təqdim etdiyi aşağıdakı işarətlər sizdə də varsa, dərhal həll yollarına əməl edin. Hələ heç nə üçün gec deyil!

1. Mütəmadi olaraq yorğunluq hiss etmək

Təxmini səbəb: dəmir çatışmazlığı

Dəmir bədəni enerji ilə təmin edən minerallardan biridir. O, oksigenin orqanizmə paylanmasını təmin edir.

Dəmir çatışmazlığı zamanı oksigen düzgün paylanmır və yorğunluq hissi baş verir.

Həll yolu:

Dəmirlə zəngin qidalar yeyin. “Fast-food” yeməklərindən vaz keçin. Qırmızı ətə, dəniz məhsullarına üstünlük verin, göyərti yeyin.

2. Qəbizlik

Təxmini səbəb: lifli qidalar yeməmək

Lifli qidalar bağırsaqların işini asanlaşdırır. Həm də tez doyub, gec acmağa səbəb olduğu üçün arıqladır. Liflə zəngin qidalar yemədikdə qəbizliklə yanaşı, digər mədə-bağırsaq problemləri ilə də üzləşə bilərsiniz.

Həll yolu:

Yulaf əzməsi, sitrus meyvələri, alma, çiyələk, armud, avokado, mərci, brokkoli kimi qidalar bol miqdarda lif ehtiva edir. Demək olar ki, meyvə və tərəvəzlərin çoxunda lif var. Qida rasionunuza bunları daxil edərək sağlamlığınızı qoruya bilərsiniz.

3. Əsəbi olmaq

Təxmini səbəb: kifayət qədər kalori qəbul etməmək

Aclıq insanı əsəbi hala gətirə bilər. Enerjinin və qandakı şəkər miqdarının normal səviyyədə qalması üçün kifayət qədər kalori qəbul etməlisiniz. Sağlam qalmaq istəyən insan gündə minimum 1200 kalori qəbul etməlidir.

4.­ Depressiyaya meyllilik

Təxmini səbəb: karbohidrat əskikliyi

Bir çox insan arıqlamaq üçün karbohidratlı qidalardan uzaq durur. Ancaq heç karbohidrat qəbul etməmək də xoşbəxtlik hormonunun azalmasına gətirib çıxara bilər. Bu isə depressiyaya meylli bir insana çevrilməyinizlə nəticələnəcək.

Həll yolu:

Keyfiyyətli karbohidrat mənbələrinə müraciət edin. Səhər yeməyində bütöv dənli taxıldan hazırlanan çörək yeyin. Gün ərzində 1-2 ədəd alma yeyə bilərsiniz. Axşam yeməyində isə sadə plova üstünlük verin.

5. Saçların tökülməsi

Təxmini səbəb: vitamin və mineral çatışmazlığı

Qida rasionunuzda meyvə və tərəvəzlərə az yer ayırır və hazır qidalara üstünlük verirsinizsə, deməli, orqanizminizə kifayət qədər zülal, dəmir, E vitamini, maqnezium, kalium və mis daxil olmur. Bu isə saç tökülməsinə gətirib çıxarır.

Həll yolu:

Toyuq, balıq, yumurta və çərəz yeyin. Qabaq tumu, lobya, mərci və ispanaq da sizə kömək edə bilər. Ən əsası gündə 2-3 ədəd meyvə, 4-5 fərqli tərəvəzdən hazırlanan yeməklər yeyin. Hər yeməyə salatla başlayın.

Ləman Sultan


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/128584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR