Avropa ilə münasibətlər gərginləşəcək, Amerika isə...

Avropa ilə münasibətlər gərginləşəcək, Amerika isə...
07:17 1 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Hadisələrin gedişatı göstərir ki, Avropa-Türkiyə münasibətləri hələ bir müddət də gərgin olaraq qalacaq. Hər halda indiki məqamda mövqelərin uzlaşacağı görünmür.

Bunu "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etməsi qərarını şərh edərkən deyib.



Onun sözlərinə görə, AŞPA-nın Türkiyəni yenidən monitorinq dövrünə qaytarması o deməkdir ki, Avropa Türkiyəni nəzarətində saxlamaq istəyir: "Türkiyə uzun müddətdir ki, Avropa Şurası ilə əməkdaşlıq edir, onların tələblərinə uyğun cürbəcür islahatlar aparırdı. Bu islahatlar nəticəsində Avropa ilə müəyyən yaxınlaşma müşahidə olunurdu. Daha sonralar, xüsusən də Suriyadakı hadisələrdən sonra siyasi səbəblərə görə Türkiyənin Avropa Birliyinə qəbul olunması məsələsi ertələndi. İndi isə AŞPA vasitəsilə Türkiyəni yenidən monitorinq dövrünə qaytarmaqla bu ölkədəki prosesləri yenidən nəzarət altına almaq istəyirlər. Yəni Türkiyənin daxili siyasətinə müdaxilə kimi yeni vasitə yaradılır".



Lakin politoloqun fikrincə, AŞPA-nın monitorinq qərarı Türkiyənin, ümumiyyətlə, Qərblə münasibətlərinin pozulması demək deyil: "Məsələn, Trampın prezident seçilməsindən sonra ABŞ Türkiyə ilə münasibətləri gücləndirilir, rəsmi şəxslərin bir neçə qarşılıqlı səfərləri olub. İndi isə Ərdoğanın Amerikaya səfəri gözlənilir. Bu, onu göstərir ki, Türkiyənin Qərblə siyasətində bir az fərqlər yaşanır. Bir tərəfdən qaçqın və miqrant məsələlərində Türkiyə ilə Avropa arasında ziddiyyətli, qəliz vəziyyət və gərginlik yaşanır, digər tərəfdən Türkiyə ABŞ-ın yaxın müttəfiqidir. Bir müddət əvvəl Fətullah Gülənin ekstradisiyası ilə bağlı yaranmış gərginliyi aradan götürmək üçün yüksək səviyyəli səfər həyata keçirilir. Bu isə göstərir ki, ABŞ Türkiyədəki referendumdan sonra da bu ölkə ilə müttəfiqliyini davam etdirəcək".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları  http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR